24 sentyabr 2024 10:11
137

20 Sentyabr - Dövlət Suverenliyi Günü

Azərbaycan xalqı müxtəlif tarixi dövrlərdə böyük haqsızlıqlarla qarşılaşsa da heç zaman sarsılmamış, haqqın və ədalətin bərpası uğrunda əzmlə, sona qədər mübarizə aparmışdır. XX əsrin əvvəllərində bağlanmış üç müqavilə - “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay” müqavilələri xalqımızın taleyində böyük faciələrə yol açmış oldu və eyni zamanda, Qarabağ bölgəsinin ermənilər tərəfindən işğalını şərtləndirdi. Qeyd edilən müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi şəkildə İrandan və Şərqi Anadoludan buraya köçürülməyə başladı. Bu danılmaz və dəqiq tarixi həqiqətdir. Lakin Ermənistan öz yalan təbliğatı və lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmuşdu. Azərbaycan xalqının gözəl atalar sözü var: “Haqq nazilər amma üzülməz”. Həqiqətən də haqq üzülmədi. Azərbaycan xalqının iradəsi, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti, igid oğullarımızın şücaəti ilə tarixi ədalət bərpa edildi.

XX əsrin əvvəllərində isə xalqımıza qarşı növbəti düşmənçilik addımları atıldı. 1923-cü ildə heç bir əsas olmadan sovet Azərbaycanı Respublikasının tərkibində “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradıldı. Bu vilayətin tabeçiliyi Sovet İttifaqının mərkəzinə bağlanmışdı. Beləliklə, bu bölgəni Azərbaycandan ayırmaq üçün növbəti addım atıldı. Burada mövcud olan separatizm meyillərinə də düzgün reaksiya verilmirdi. Ancaq Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra burada bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı. Dəmir yolu çəkildi ki, azərbaycanlılar müxtəlif bölgələrdən buraya daha tez gələ bilsinlər. Xankəndində dəmir yolu vağzalı tikildi, böyük infrasturuktur layihələri – Sərsəng, Suqovuşan su anbarları yaradıldı. Yeni müəssisələr fəaliyyətə başladı və burada müxtəlif bölgələrdən gələn azərbaycanlılar çalışırdı.

Ancaq 1987-ci ildə Ulu Öndər Heydər Əliyev istefaya göndərildikdən sonra yenə də separatçılar baş qaldırdılar. Bu xalqımıza böyük məhrumiyyətlər gətirdi. Ulu Öndərin istefasından cəmi iki həftə sonra bir sovet erməni alimi Fransanın “Humanite” qəzetində məqalə dərc etdirərək “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycandan çıxarılıb Ermənistana birləşdirilməsi məsələsini qeyd edirdi.

Yalnız 1993-cü ildə xalqının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə yenidən qayıdışı Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Qısa müddətdə siyasi sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi”.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini