11 iyun 2024 00:58
252

Konstitusiyadakı avantürist maddələr ləğv edilməsə…

Bu, nəinki sülh prosesini əngəlləyəcək, hətta Ermənistanın siyasi intiharına səbəb olacaq

Bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına  bəzi ciddi  maneələr var ki, onlardan biri də Ermənistan konstitusyasıdır. Bu konstitutsiyanın bir çox maddələrində işğalçılıq, qonşu ölkələrin torpaqlarına həyasız iddialar hələ də yer almaqdadır. Ona görə də  Azərbaycan dövləti  haqlı olaraq sülh üçün həmin maddələrin ləğv edilməsini bir şərt kimi irəli sürür. Elə iyunun 6- da Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüşündə  bu barədə Azərbaycan dövlətinin mövqeyini açıq şəkildə bildirərək deyib ki, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır: «2020-ci və 2023-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, ümumiyyətlə, intihara yaxındır. Ona görə də onlar öz ideologiyalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişməlidirlər. Bu, zaman tələb edir. Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir. Ancaq yenə də demək istəyirəm ki, biz sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq razılaşdırılması istiqamətində konstruktiv işə sadiqik.»

Prezident İlham Əliyev Ermənistanın mövcud işğalçı konstitusiyasını da təhlil edərək bildirib: «Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir.»

Tarixən bəzi dünya ölkələrin konstitusiyalarında da belə presedentlər mövcud olub. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev Britaniyanın Azərbaycandakı keçmiş səfiri James Sharpın müsahibəsinə istinad edərək bu presedenti gündəmə gətirib. Orada qeyd edilib ki, 1998-ci il noyabrın 19-da Böyük Britaniya parlamenti Şimali İrlandiya aktını qəbul etdi. Həmin qanuna əsasən 1920- ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şismali İrlandiya Konstitusiyası haqqında qanunlar ləğv olundu və Britaniya ilə İrlandiya Respublikası arasında 1998- ci il aprelin 10-da əldə edilmiş Belfast razılaşmasına əsasən, yeni qaydalar müəyyən edildi. Şimali İrlandiyanın Konstitusiyasının 2-ci və 3- cü maddələri çıxarıldı. İrlandiya Respublikasının Konstitusiyasından Şimali İrlandiyaya ərazi iddialarını nəzərdə tutan maddələrin çıxarılması təsbit olundu.

Məlumdur ki, Ermənistanın mövcud  konstitusiyasının  məzmununda işğalçılıq və qatı şovinizm meyilləri var. Belə ki, hələ  1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyası «Ermənista­nın Müstəqilliyi haqqında Bəyannamə»ni qəbul edib. Müstəqillik yolunda hüquqi sənəd olan və Ermənistanın siyasi, iqtisadi və mədəni inkişaf yollarını göstərən bu bəyannamə 12 bənddən ibarət idi. Bə­yannamənin preampulasında Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ İc­raiyyə Komitəsinin «Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında» 1989-cu il 1 de­kabr tarixli birgə qərarı əsasında müstəqil Ermənistan Respublikasının hüquqi ba­zası müəyyənləşdirilirdi. Həmin bəyan­namənin 11-ci bəndində elan olunurdu: «Ermənistan Respublikası Osmanlı Tür­kiyəsi və «Qərbi Ermənistanda» (Tür­kiyənin Şərqi Anadolu vilayətləri nəzərdə tutulur) 1915-ci ildə «erməni soyqırımı»­nın beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir.»

Göründüyü kimi, 1991-ci il Ermənis­tanın Müstəqillik Bəyannaməsində həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülüb.  Bu iddialar 1995-ci ildə qəbul olunan Ermənistanın Əsas Qanununda- konstitusiyasında da yer almışdır. Söhbət  ondan gedir ki, Bə­yannamə və konstitusiyada Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qaraba­ğı Ermənistan ərazisinin ayrılmaz hissəsi kimi tanıyan maddələr bu gün də qalmaqdadır. Ermənistanda ayrı-ayrı il­lərdə konstitusiya dəyişikliyi olsa da, bu maddələr dəyişdirilməmişdir.

Xatırladaq ki, 1992-ci ildə də Ermənistan parlamentinin qəbul etdiyi və hələ də qüvvədə olan qanuna əsasən, heç bir ermə­ni rəsmisi Dağlıq Qarabağın Azərbaycan tərkibində göstərildiyi hər hansı bir sənə­də imza ata bilməz. Bu dəyişikliklər olma­dan Azərbaycanla bağlanacaq müqavilə Konstitusiya ilə ziddiyyət təşkil edəcək. 11-ci maddənin qalması isə Türkiyə ilə mü­nasibətlərin qurulmasına mane olur. Ona görə də Ermənistan mövcud konstitusiya ilə nə Azərbaycanla, nə də Türkiyə ilə sülh müqaviləsini imzalaya bilməz. 

Hətta 2009- cu ildə Türkiyə ilə münasibətlərin normallaşması və sərhədlərin açılması ilə bağlı imzala­nan protokollar Konstitusiya Məhkəməsi tərəfindən bu səbəbdən təsdiq olun­mamışdı. Ermənistanda bu anormal maddələrin konstitusiyadan çıxarılmasını istəməyən revanşist qüvvələr bu tələbi Azərbaycanın növbəti diktəsi kimi qəbul edirlər. Əslində isə Azərbaycan dövləti Ermənistan konstitusiyasındakı bu maddələri avantüra kimi qəbul edərək onların çıxarılmasını və bundan sonra sülh sazişi üçün masa araxısında oturmağı tələb edir. Bundan başqa, Ermənistanda dəyişikliklər yalnız konstitusiyada deyil, həm də dövlətin atributlarında, rəmzlərində də edilməlidir. Məsələn, Ermənistanın gerbindəki «Ağrı dağı» təs­viri götürülməlidir. Hətta Paşinyanın özü çıxışlarında bildirmişdi ki, «Ağrı dağı» Ermə­nistanın sərhədləri daxilində deyil, onu Araqats (Ələyəz) dağı ilə əvəz etmək məqsədəuyğundur. Həmçinin Ermənistanın himnində «düşmən» ifa­dəsi yer alır, açıq şəkildə qonşu Azərbay­can və türk xalqları nəzərdə tutulur. Belə nifrət ifadələrindən imtina edilməlidir.  

Ermənistanın baş naziri Nikol Pa­şinyan 2024-cü ilin  yanvarın 19-da hökumətin iclasında bildirib ki, yeni geosiyasi və regional şəraitdə daha rəqabətli konstitusiya lazımdır. Bu dəyişikliklər olmasa, Ermənistan Azərbaycan­ və Türkiyə ilə heç bir sənədə imza ata bilməz. Lakin görünür Paşinyanın öu fikirləri monoloqdan başqa bir şey deyil. Çünki o, hələ də özündə konstitusiya dəyişikliyi etməyə cəsarəti tapmır.

Elçin Zaman, «İki sahil»