11 iyun 2024 02:16
287

Biz deyəni deyirlər...

Bu addım Azərbaycanın ərazi bütövlüyünə hörmətə əsaslanır

Azərbaycanın regionda yaratdığı yeni reallıqlar bölgənin sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinə çevrilməsini təşviq edir. Bu baxımdan  Prezident İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər tarixi - siyasi əhəmiyyət daşıyır. Ölkəmizin açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib.

Azərbaycan bütövlükdə sülh çağırışlarını birmənalı şəkildə dəstəkləyir. Qalib ölkəmiz postmüharibə dövründə  dəyişməz sülh gündəliyinə malikdir. Təxminən 10 min kvadratkilometrdən çox ərazilərimizin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana yenə də sülh müqaviləsini imzalamağı təklif edirik. Postmüharibə dövründə respublikamız qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Bu sənəd iki ölkə arasında sülh sazişinin imzalanması və sərhədlərin müəyyənləşdirilməsi üçün baza prinsipləri kimi əsas götürülə bilər.

Lakin təəssüf ki, dörd ilə yaxındır Ermənistan müxtəlif manipulyasiyalara əl atmaqla sülh prosesini ertələməyə  çalışır. Ölkəmizin isə öz şərtləri var. Həmin şərtləri Prezident İlham Əliyev bir neçə gün əvvəl TÜRKPA-nın nümayəndə heyəti ilə görüşündə açıqladı. Birincisi, Ermənistanın konstitusiyası dəyişməli, oradan Azərbaycana və Türkiyəyə ərazi iddiası ilə bağlı müddəalar çıxarılmalıdır. İkincisi, Bakı və İrəvan müştərək qaydada müraciət hazırlayaraq, ATƏT-in Minsk qrupunun rəsmən ləğvinə nail olmalıdırlar. Dövlətimizin başçısı bu şərtləri irəli sürməklə, Azərbaycan–Ermənistan sülh prosesinə fundamentallıq gətirir. Yəni, erməni separatizmi baxımından heç bir şübhə yeri, tutacaq nöqtə saxlamır. Yəni, Ermənistanın gələcəkdə ehtimal edilən manipulyasiyası üçün əsas qalmamalıdır.

Ermənistanda isə son günlər səsləndirilən bəyanatlar iki ölkə arasında sülh prosesinə kölgə salır. Bununla da Ermənistanın qeyri-konstruktiv mövqeyinin regionda sülhün formalaşmasına ən böyük maneə olduğu növbəti dəfə isbat edir. İşğalçı ölkə Azərbaycana qarşı ərazi iddialarını konstitusiya səviyyəsində aradan qaldırmaqdan imtina edir və bununla nəinki beynəlxalq hüququ pozur, həm də regionda davamlı sülhü təhdid edir. Beynəlxalq ictimaiyyət isə Ermənistanı konstruktiv mövqe tutmağa təşviq etməkdə fəal rol oynamalıdır. Qlobal güclər və beynəlxalq təşkilatlar Ermənistana beynəlxalq normalara riayət etmək və sülh prosesinə qoşulmaq üçün təzyiq göstərməlidir.

Beynəlxalq münasibətlərin əsasında suverenlik prinsipi dayanır. Suverenliyin tanınması hər bir xalqın müəyyən edilmiş sərhədlərinə və siyasi müstəqilliyinə hörmət etmək deməkdir. Bu yanaşma regionda uzun müddətdir ki, mövcud olan tarixi düşmənçilikləri aradan qaldırmaq üçün mühüm əhəmiyyət daşıyır. Ermənistan üçün qonşularının suverenliyini və ərazi bütövlüyünü tanımaq təkcə hüquqi öhdəlik deyil, həm də strateji zərurətdir. Çünki sülh Azərbaycandan çox Ermənistana lazımdır. Sülh müqaviləsinin imzalanması ən çox Ermənistan xalqına və cəmiyyətinə fayda verə bilər. Dövlətimiz Cənubi Qafqazda sülhün olmasını ilk gündən dəstəkləyən əsas tərəfdir. Ümid edirik ki, Ermənistan tərəfi də bəyan etdikləri mövqelərində və fikirlərində səmimi olacaq, sona qədər bu prosesi dəstəkləyəcək. Nəhayət, biz 2024-cü ili regionumuz üçün sülh ilinə çevirə biləcəyik.

Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proseslər bütövlükdə, qlobal miqyasda diqqət mərkəzindədir. Bunu istər region üçün perspektivdə gözlənilən əməkdaşlıq platformalarına münasibət, istər bölgənin siyasi-hərbi reallıqlarına qarşı yanaşmalar, istərsə də danışıqlar prosesinə olan maraq, eyni zamanda, ortaya qoyulan mövqelər də təsdiqləyir. Bir sıra dövlətlərin siyasi mövqeyi mümkün qədər tez sülh sazişi bağlanmasını dəstəkləyir.

Elə ABŞ və Fransa Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasına tərəfdardırlar.

Bu barədə ABŞ Prezidenti Co Bayden və Fransa Prezidenti Emmanuel Makron Parisdə danışıqların yekunlarına dair birgə bəyanatlarında bildiriblər. Qeyd edilib ki, region xalqlarının rifahı naminə ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyir.

Son illərdə Azərbaycanın öz ərazilərini bərpa etməsi və ərazi bütövlüyünü təmin etməsi regionda yeni siyasi reallıq yaradıb. Bu, yeni status kvo, regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün vacibdir. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiq qalaraq və konstruktiv dialoqa hazır olduğunu göstərərək, Cənubi Qafqazda sülh və inkişafın tərəfdarıdır.

Bu baxımdan ABŞ və Fransanın birgə bəyanatı Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqdır, yeni status-kvodur. Bu bəyanat Azərbaycanın ərazi bütövlüyünə hörmətə əsaslanır.

ABŞ və Fransa kimi ölkələrin Azərbaycanın bu mövqeyini dəstəkləməsi, regionda sülh və sabitliyin bərqərar olmasına böyük töhfə verir. Bu dəstək tərəflərin dialoq və anlaşma yolu ilə həll yolu tapmalarını təşviq edərək, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasına kömək edə bilər.

Nigar Orucova, “İki sahil”