10 iyun 2024 14:48
222

Böyük qurtuluşa doğru mühüm addım

Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Bu mühüm məqamı qeyd edək ki, müstəqil, azad yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək Azərbaycan xalqının ən böyük arzularından olub. Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində xalqımızın bu istəyini reallığa çevirdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya qayıdışı bugünkü reallıqlara yol açdı. Azərbaycanın dövlət müstəqilliyi xilaskar Heydər Əliyevin Bakıya qayıdışı ilə başlayır.  Həmin gün, 9 iyun 1993-cü il müstəqillik tariximizə, dövlətçilik salnaməmizə qızıl hərflərlə yazılıb. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı.  Bu qayıdış bütün mənalarda milli qurtuluşumuz idi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi 1993-cü il 15 iyun tarixinin Milli Qurtuluş Günü adlandırılması xalqımızın öz xilaskarına verdiyi tarixi qiymət, gələcəyini  müəyyənləşdirmək baxımından qəbul etdiyi  böyük tarixi qərar idi. Dövlət başçısı İlham Əliyev Milli Qurtuluş Gününü Azərbaycan tarixinin dönüş nöqtəsi kimi dəyərləndirir. 1997-ci ildən etibarən rəsmi olaraq dövlət bayramı kimi qeyd edilən bu tarix ilk növbədə XX əsrdə ikinci dəfə əldə etdiyimiz müstəqilliymizin xilası kimi olduqca böyük əhəmiyyət daşıyır. Qurtuluş Azərbaycanın çoxəsrlik tarixinə sadalamaqla bitməyən, zəngin səhifələri əlavə etdi. Bu gün həmin səhifələr tarixi Zəfərimizin reallıqları fonunda daha da zənginləşir, Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun təqdimatında əhəmiyyətli rol oynayır.

Ümummilli Lider Heydər Əliyevin   tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi. Məhz bu üç amilin vəhdəti sayəsində müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl formalaşdı.

1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan, 1993-cü il oktyabrın 3-də  milyonların etimadı nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər  Heydər Əliyev 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində  müstəqilliyimizin əbədiliyinin təmin edilməsi  naminə qarşıda dayanan  mühüm  məsələləri açıqladı. Ulu Öndər Heydər Əliyev qurtuluş missiyasını xalqın dəstəyi sayəsində uğurla gerçəkləşdirdi, xalqımızı, dövlətimizi ən böyük bəlalardan xilas etdi. Eyni zamanda, Ümummilli Lider bu missiyası ilə dövlətimizin rəmzinə çevrildi ki, bu da tarixdə nadir hallarda baş verir. Məhz bu əvəzsiz xidmətlərinə görə müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş Ulu Öndər Heydər Əliyev xatırlanır. Ümummilli Lider   nadir şəxsiyyətlərdəndir ki, Onun zəngin irsi hər zaman araşdırılır, öyrənilir, təbliğ olunur.

“Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm” söyləyərək Azərbaycanı böyük inkişaf, tərəqqi yoluna çıxaran Ulu Öndər Heydər Əliyev, eyni zamanda, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, “Vətən birdir, hamımız bu Vətən üçün çalışmalıyıq” çağırışları ilə dünyanın  müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyini, həmrəyliyini təmin etdi. Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, təbliği Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə fəaaliyyətinin əsasını təşkil edib.

Son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azəebaycanı tarixi Zəfərinə qovuşdurdu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.  Uğurlarımızın zirvəsində dayanan şanlı Zəfərimiz ölkəmizin bütün imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Bu Qələbədən sonra ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və inkişaf etdirilməsi  istiqamətində mühüm addımlar atılır. Azərbaycan-Türkiyə qardaşlığı nəinki Vətən müharibəsi, eyni zamanda, postmünaqişə dövründə də zirvəyə yüksəlib. Azərbaycanın möhtəşəm Zəfərinin  dünyaya təqdimatı olan Zəfər paradında dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə çiyin-çiyinə dayanan, Azərbaycanın Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə dastan yazmaqda davam edəcəyinə əminliyini ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir” bəyan etdi və bununla  qarşıdakı dövrdə atılacaq addımların, görüləcək işlərin təqdimatını etdi. Zəfər paradında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra sənədlərin imzalanmasında iştirak edərək mətbuata bəyanatında bildirdi ki, bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə  Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcək.  

2021-ci ildə 15 İyun-Milli Qurtuluş Günündə Azərbaycanın döyünən ürəyi Şuşada imzalanan Müttəfiqlik sənədi deyilənlərin təsdiqi oldu. İki ölkə arasında bütün sahələrdə gələcək inkişafı, tarixi Zəfərin yaratdığı reallıqlar fonunda bölgədə yeni əməkdaşlıq formatlarını, kommunikasiyaların açılmasını və sair kimi mühüm məsələləri özündə ehtiva edən Şuşa Bəyannaməsi Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hər şeyi deyir. Bu Bəyannamə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının yeni tarixi mərhələsi, gələcək inkişafın yol xəritəsi, çoxşaxəli müttəfiqliyin rəmzi oldu. Bu sənəd Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğuru kimi dəyərləndirilir.  Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər sahələri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunu artıracaq. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək, hərbi sahədə əməkdaşlığın genişləndiriləsi istiqamətində mühüm addımlar atılacaq.  Bəyannamədə deyilir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.

İyunun 6-da  TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı cənab İlham Əliyev diqqəti gələn ay Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə yönəldərək bildirdi ki,  bu mühüm addım bir daha birliyimizi nümayiş etdirəcək. Konkret məsələlər müzakirə olunacaq. Dövlət başçıları, parlament sədrləri, vətəndaş cəmiyyəti, cəmiyyətin bütün təbəqələri birgə səylərlə bir nöqtəyə vurmalıdırlar ki, Türk dünyası güclənsin: “Mən əminəm gün gələcək ki, dünyanın bütün məsələlərini Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll edəcəklər. Yəni, biz ancaq xoş niyyət göstəririk və hörmətli sədr Numan Kurtulmuşun dediyi kimi, bizim istəyimiz işbirliyidir, əməkdaşlıqdır, dostluqdur. Biz heç kimə qarşı heç bir hərəkət etmirik. Biz heç kim üçün təhdid mənbəyi deyilik və heç vaxt olmayacağıq. Öz haqqımızı tələb edirik, qoruyuruq, bir-birimizi dəstəkləyirik.” Prezident İlham Əliyev Türkiyənin və Azərbaycanın 2021-ci ildə imzaladığı Şuşa Bəyannaməsindən bəhs etdi və vurğuladı ki, bu müttəfiqlik ən yüksək əməkdaşlıq formatıdır. Hər zaman bütün məsələlərdə bir-birimizin yanındayıq. Bir məsələ çıxan kimi, necə deyərlər, avtomatik rejimdə, gözüyumulu bir-birimizin yanındayıq. Bu birlik bütün Türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz.

Abil Ağasəfov,
​YAP Qəbələ rayon təşkilatının sədri