03 iyun 2024 23:36
426

Böyük Qayıdış sürət götürür

İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər nəticəsində məcburi köçkünlər mərhələ-mərhələ doğma yurdlarına qayıdırlar. 2022-ci il iyulun 19-da Zəngilanın Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qaytarılması ilə start verilən Böyük Qayıdış ötən ay da davam etdirilib. Belə ki, may ayının 9-da Şuşa şəhərinə və Laçın rayonunun Sus kəndinə köç karvanları yola salınıb. Həmin gün Şuşa şəhərinə 20 ailə - 88 nəfər, Laçın rayonunun Sus kəndinə isə 20 ailə, 75 nəfər köçürülüb.  Hazırda  Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin, Sus kəndində isə 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.

28 May Müstəqillik Günündə Böyük Qayıdış salnaməsinə Xocalı səhifəsi də əlavə olunub. Həmin gün yaraları ürəkləri göynədən və səkkiz ay ərzində yenidən qurulan bu şəhərə 20 ailə qayıdıb. Mayın 29-da isə Xocalı şəhərinə daha 24 ailə, başqa sözlə, 88 nəfər köçürülüb. Bununla da Xocalı şəhərinə 44 ailə, yəni 169 nəfər daimi məskunlaşıb. Şübhəsiz, bütün bunlar bir-biri ilə vəhdət təşkil edən tarixi hadisələrdir.   Yeri gəlmişkən qeyd edək ki, ötən ay Laçın şəhərinə də ailələr köçürülüb. İndi bu şəhərdə 513 ailə, yəni 1906 nəfər öz xoşbəxt günlərini yaşayır.

Qarabağa və Şərqi Zəngəzura səfər etməyi ənənəyə çevirən Prezident İlham Əliyev  mayın 28-də Xocalıda bu şəhərə köçən ilk sakinlərlə görüşü zamanı daha bir müjdə də verib. Bildirib ki, sentyabr ayından artıq Xankəndiyə də köç başlayacaq. Xankəndidə Qarabağ Universitetinin sentyabr ayından fəaliyyətə başlayacağını vurğulayan dövlətimizin başçısı bildirib ki, birinci köçən tələbələr və onların müəllimləri olacaqlar. Şübhəsiz, yaxın illərdə məcburi köçkünlərin Ağdama, Kəlbəcərə, Cəbrayıla, Qubadlıya və digər yaşayış məntəqələrimizə də qayıdacaqları xəbərlərini eşidəcəyik. Dövlətimizin 4-5 il əvvəl həyat nişanəsi olmayan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi genişmiqyaslı abadlıq və quruculuq işləri o günlərin də  çox uzaqda olmadığının müjdəsini verir. Ümumilikdə isə  20 min keçmiş məcburi köçkünün bu ilin sonuna kimi doğma yurdlarına köçürüləcəyi proqnozlaşdırılıb. Şübhəsiz, bütün bunların yerinə yetirilməsi real görünən məsələlərdir. Dövlətimizin başçısının təkcə ötən ayda bir sıra açılışlarla yanaşı, Şuşa şəhərinin Turşsu qəsəbəsinin, Ağdamın Şoltanlı, Nəmərli,  Güllücə, Tağıbəyli kəndlərinin, Zəngilanın Mincivan qəsəbəsinin, eləcə də Cəbrayılın Maşanlı, Sarıcalı, Karxulu, Böyük Mərcanlı kəndlərinin təməllərini qoyması belə deməyə əsas verir.

Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində bildirmişdi ki, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qayıdacaq: "Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib”.

Şübhəsiz, hayların viranə qoyduqları, xarabazara çevirdikləri, minalar döşədikləri məkanlarda ölkəmizin suverenliyini tam bərpa edən, Vətəni bütövləşdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sürətlə bərpa işlərinin aparılması, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı"na əsasən məcburu köçkünləri öz yurdlarına qovuşmaları tarixdə görünməmiş bir hadisədir. Bunu əsl möcüzə də adlandırmaq olar.

Qvami Məhəbbətoğlu, “İki sahil”