17 oktyabr 2026 21:52
136

AZƏRBAYCANIN ZƏFƏR SALNAMƏSİ VƏ BEYNƏLXALQ HÜQUQUN ALİLİYİ

Prezident İlham Əliyevin 15 oktyabr 2026-cı ildə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündəki çıxışı Azərbaycanın müasir tarixini, beynəlxalq münasibətlər sistemində mövqeyini, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasına aparan tarixi yolu, eləcə də regional sülh və əməkdaşlıqla bağlı mövqeyini əks etdirən mühüm siyasi məzmun daşıyır. Dövlət başçısının çıxışı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini, müstəqil xarici siyasətini və regionda davamlı sülhün təmin olunmasına yönəlmiş yanaşmasını bir daha gündəmə gətirir.

Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiyanın kəsişməsində yerləşən, müxtəlif regionlar arasında əlaqələrin inkişafında mühüm rol oynayan dövlətdir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, nəqliyyat və logistika imkanları, enerji təhlükəsizliyinə verdiyi töhfələr, eləcə də beynəlxalq əməkdaşlığa açıq siyasəti Azərbaycanın Avrasiya məkanında birləşdirici mərkəz kimi rolunu gücləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ikitərəfli və çoxtərəfli formatlarda inkişaf edən siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələr yalnız ölkəmizin deyil, bütövlükdə regionun təhlükəsizlik və əməkdaşlıq imkanlarının möhkəmlənməsinə xidmət edir.

Azərbaycanın xarici siyasətinin əsasını bərabərhüquqluluq, dövlətlərin daxili işlərinə qarışmamaq, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipləri təşkil edir. Ölkəmiz beynəlxalq münasibətlərdə ikili standartların tətbiqinə, beynəlxalq hüququn ayrı-ayrı hallarda seçici şəkildə müdafiə edilməsinə qarşı ardıcıl mövqe nümayiş etdirir. Dövlət başçısının AQEM Zirvə Görüşündə bu məsələlərə xüsusi diqqət ayırması beynəlxalq hüququn bütün dövlətlərə eyni meyarlarla tətbiq edilməsinin vacibliyini bir daha ön plana çıxarır.

Azərbaycanın müstəqilliyini bərpa etdiyi 1991-ci ildən sonra üzləşdiyi ən ağır sınaqlardan biri Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın uzun illər işğal altında qalması olmuşdur. Ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizinin işğalı, bir milyona yaxın azərbaycanlının doğma yurdlarından qovulması, şəhər və kəndlərimizin dağıdılması xalqımıza ağır humanitar və mənəvi zərbə vurmuşdur. İşğal dövründə Azərbaycanın hüquqlarının bərpası üçün beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin uzun müddət icrasız qalması isə beynəlxalq hüququn tətbiqindəki ciddi problemləri üzə çıxarmışdır.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunurdu. Lakin həmin sənədlərin uzun illər icra edilməməsi münaqişənin həllini uzatdı. ATƏT-in Minsk qrupunun fəaliyyəti də münaqişənin ədalətli həllinə gətirib çıxarmadı. Prezident İlham Əliyevin çıxışında bu tarixi faktlara diqqət yetirməsi beynəlxalq təşkilatların qərarlarının yalnız qəbul olunmasının deyil, onların icrasının təmin edilməsinin nə qədər vacib olduğunu göstərir.

Azərbaycan xalqı uzun illər ərzində tarixi ədalətin bərpasını gözlədi. Lakin Ermənistanın işğalçı siyasəti, hərbi təxribatları və sülhün təmin olunmasına mane olan addımları münaqişənin dinc yolla həlli imkanlarını getdikcə çətinləşdirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş yaratdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində 44 gün davam edən müharibədə torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat hərbi əməliyyatların dayandırılmasına və yeni reallıqların formalaşmasına şərait yaratdı.

Bununla belə, ölkəmizin suverenliyinin tam bərpası məsələsi hələ həll olunmamış qalırdı. Azərbaycan üç il ərzində bu məsələnin sülh yolu ilə həllinə nail olmağa çalışdı. Lakin separatizmin davam etməsi və bölgədəki təhlükəsizlik vəziyyəti dövlətimizin suveren hüquqlarının tam təmin olunmasını zəruri edirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi, ölkə ərazisində separatizmin mövcudluğuna son qoyuldu.

Bu tarixi nəticə Azərbaycanın müstəqil dövlət kimi öz ərazisində konstitusiya quruluşunu və suveren hüquqlarını təmin etmək əzmindən xəbər verir. Prezident İlham Əliyevin çıxışında vurğulanan mühüm məqamlardan biri də beynəlxalq hüququn icrasına təminat verən mexanizmlərin yaradılmasının vacibliyidir. Çünki beynəlxalq təşkilatların qərarları icra olunmadıqda, təcavüzkar cəzasız qaldıqda və münaqişələrə seçici münasibət göstərildikdə yeni qarşıdurmaların yaranması üçün zəmin formalaşır.

Azərbaycan müharibədə qalib gəldikdən sonra qisasçılıq siyasəti yürütmədi, əksinə, Ermənistanla sülh münasibətlərinin qurulmasını təklif etdi. Bu yanaşma xalqımızın tarixi yaddaşına, mənəvi dəyərlərinə və gələcəyə yönəlmiş dövlət siyasətinə uyğundur. Müharibənin ağır nəticələrinə baxmayaraq, Azərbaycanın sülhə üstünlük verməsi regionun sabitliyi və gələcək nəsillərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, əldə olunmuş sülhün qorunması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və davamlı siyasi dialoqun təmin edilməsi tərəflərin məsuliyyətli yanaşmasını tələb edir.

Prezident İlham Əliyevin AQEM-in fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər də Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələri nümayiş etdirir. Ölkəmizin iki il ərzində təşkilata sədrliyi dövründə nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviqinə xüsusi diqqət yetirilib. Üzv dövlətlərin dəstəyi ilə həyata keçirilən təşəbbüslər AQEM-in institusional və hüquqi imkanlarının gücləndirilməsinə, dialoq və qarşılıqlı fəaliyyət potensialının genişlənməsinə xidmət edib.

Bakıda keçirilən VII Zirvə Görüşü Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakını, regional və qlobal məsələlərə dair mövqeyini açıq şəkildə ifadə etmək imkanlarını bir daha nümayiş etdirir. Azərbaycan yalnız öz milli maraqlarını müdafiə edən deyil, eyni zamanda dövlətlər arasında qarşılıqlı anlaşmanın, əməkdaşlığın və təhlükəsizliyin gücləndirilməsinə töhfə verən tərəfdaş kimi çıxış edir.

Prezident İlham Əliyevin çıxışının əsas mahiyyəti ondan ibarətdir ki, davamlı sülh və təhlükəsizlik beynəlxalq hüququn aliliyinə, dövlətlərin suverenliyinə hörmətə və qəbul edilmiş qərarların icrasına əsaslanmalıdır. Azərbaycanın keçdiyi mürəkkəb tarixi yol, Vətən müharibəsində qazandığı Qələbə və suverenliyinin tam bərpası bu prinsiplərin ölkəmiz üçün nə qədər həyati əhəmiyyət daşıdığını göstərir. Bu gün Azərbaycan öz tarixi Zəfərinin yaratdığı reallıqlar əsasında regionda sülhün möhkəmləndirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və Avrasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyinin gücləndirilməsinə töhfə verməkdə davam edir.

İlqar İlyasov,
​YAP Qaradağ rayon təşkilatının sədri