18 oktyabr 2026 11:26
147

18 Oktyabr – Müstəqilliyin Bərpası: Tarixi qayıdışdan qüdrətli dövlətə

18 oktyabr – Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının azadlıq mübarizəsini, milli iradəsini və dövlətçilik ənənələrini əks etdirən əlamətdar tarixdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız müstəqil dövlətini bərpa edərək öz gələcəyini müəyyənləşdirmək hüququnu yenidən qazandı.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpası xalqımızın əsrlər boyu yaşatdığı azadlıq arzusunun və dövlətçilik iradəsinin təntənəsi idi. Hələ 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə ilk demokratik respublikanı quraraq müasir dövlətçilik tarixində mühüm iz qoymuşdu. Cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyətin süqutundan sonra da müstəqillik ideyası xalqın yaddaşında yaşadı və 1991-ci ildə yenidən gerçəkləşdi.

Səbinə Salmanovanın sözlərinə görə, müstəqilliyin ilk illəri Azərbaycan üçün ciddi siyasi, iqtisadi və hərbi çətinliklərlə müşayiət olundu. Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı və ölkədəki daxili qarşıdurmalar dövlət quruculuğu prosesini ağırlaşdırdı:

“AXC–Müsavat hakimiyyəti dövründə dərinləşən siyasi böhran, idarəçilikdəki problemlər, iqtisadi tənəzzül və hakimiyyət uğrunda mübarizə ölkədə vəziyyəti daha da mürəkkəbləşdirdi. Cəbhədə ağır itkilərin yaşandığı, dövlət institutlarının zəiflədiyi və vətəndaş qarşıdurması təhlükəsinin artdığı bir şəraitdə Azərbaycanın gələcəyi ciddi risklərlə üz-üzə qaldı. 1993-cü ildə yaranmış böhran göstərdi ki, müstəqilliyin qorunması üçün siyasi sabitlik, güclü idarəçilik və milli maraqları əsas götürən ardıcıl dövlət siyasəti vacibdir.

Belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin Bakıya qayıdışı və siyasi hakimiyyətə gəlməsi Azərbaycanın dövlətçilik tarixində həlledici dönüş nöqtəsi oldu. 1993-cü il iyunun 9-da xalqın çağırışına cavab verərək Bakıya gələn Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. Ümummilli Liderin siyasi rəhbərliyə qayıdışı ölkəni parçalanmaq təhlükəsindən xilas etmək, vətəndaş qarşıdurmasının qarşısını almaq, siyasi sabitliyi təmin etmək və dövlət müstəqilliyini möhkəmləndirmək baxımından müstəsna əhəmiyyət daşıyırdı. Xalqın təkidi ilə baş tutan bu qayıdış Azərbaycanın gələcək inkişaf yolunu müəyyənləşdirdi və müasir dövlətçiliyimizin möhkəm təməllərinin formalaşmasına şərait yaratdı”.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası müasir Azərbaycanın inkişafında mühüm rol oynayıb. Ümummilli Liderin “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır” kəlamı ölkəmizin siyasi kursunun əsas istiqamətlərindən biri kimi bu gün də aktuallığını qoruyur:

“Ulu Öndərin rəhbərliyi ilə dövlət institutlarının möhkəmləndirilməsi, milli ordu quruculuğu, iqtisadi islahatlar və müstəqil xarici siyasətin formalaşdırılması Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. Qəbul edilən Konstitusiya, həyata keçirilən iqtisadi islahatlar və müəyyənləşdirilən enerji strategiyası ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə, iqtisadi potensialının artmasına və müstəqil inkişaf yolunun möhkəmlənməsinə xidmət etdi.

Prezident İlham Əliyev Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunu müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirərək Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətini daha da artırıb. Ölkəmizin müstəqil xarici siyasət yürütməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi və beynəlxalq əlaqələrini genişləndirməsi dövlət suverenliyinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə edilən tarixi Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası dövlət müstəqilliyimizin ən parlaq təcəssümüdür. Bu Qələbə ilə Azərbaycan həm öz suverenliyini möhkəmləndirdi, həm də müstəqil dövlət kimi gücünü, birliyini və əzmini bütün dünyaya göstərdi. Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətimizin qarşısında duran yeni vəzifələrin mühüm hissəsidir. Bu proseslər işğaldan azad edilmiş ərazilərin iqtisadi və sosial həyatının bərpasına, bölgənin ölkənin ümumi inkişafına inteqrasiyasına xidmət edir. Bu gün əsas məqsədimiz əldə edilmiş nailiyyətləri qorumaq, dövlətimizin potensialını daha da artırmaq və müstəqilliyimizi gələcək nəsillərə etibarlı şəkildə ötürməkdir”.