01 iyun 2024 16:10
451

Zatulin yenə niyə sayıqlayır? - ŞƏRH

Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi işləri üzrə komitəsi sədrinin birinci müavini, deputat Konstantin Zatulin yenə sayıqlayıb.

Bunula da o, hələ də ermənipərəstliyinə sadiq olduğunu bir daha nümayiş etdirib. Belə ki, Zatulin “Lazarev klubu”nun altıncı iclasında Qarabağda mövcud olmayan erməni dini abidələrindən, həmçinin onlara zərər vurulmasından söz açıb. O, həmçinin iddia edib ki, guya işğaldan azad edilmiş ərazilərdə  “erməni kilsələri” albanlaşdırılır.  Onun fikrincə,  Qarabağdakı alban kilsələri guya erməni kilsələri imiş.  Halbuki tarixi faktlar göstəriri ki,  həmin monastırlar inşa olunarkən nəinki Qarabağda, heç Qafqazda hayların izi-tozu olmayıb. 
Zatulin həmin tədbirdə bildirib ki, guya Qarabağda ermənilərə məxsus Dadivəng (Xudavəng) monastırı var imiş. Hazırda həmin monastırn adı dəyişdirilmiş, onun keçmişi silinibmiş. Halbuki, Tərtərçayın başlanğıcında, Kəlbəcər rayonu ərazisində yerləşən Alban monastırlarının ən gözəl nümunəsi sayılan  Xudavəng monastır kompleksi işğal dövründə, yəni 1993-cü ildə hayların tam nəzarəti altına keçib. Qafqaz Albaniyası memarlıq abidələrinin və mənəvi irsinin tədqiqi sektorunun müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun araşdırmalarına görə, 1997-2011-ci illərdə ermənilər bu kompleksdə qanunsuz arxeoloji və təmir-bərpa işləri aparıb, bu dırnaqarası tədqiqatlar barəsində “Dadivəng monastırında bərpa 1997-2011” adlı erməni dilində kitab nəşr etdiriblər. Alim bildirib ki, qeyri-qanuni tədqiqatlar zamanı aşkar edilmiş epiqrafik abidələr Ermənistana daşınıb. Mövcud epiqrafik nümunələrin biri 1182-ci ildə hakimiyyətə gələn Vaxtanq tərəfindən öz əli ilə yazılmış daş abidədir. Epiqrafik yazıda onun 40 il müddətində apardığı müharibələr və Xudavəng monastırındakı fəaliyyətindən geniş şəkildə bəhs edilir. Ermənilər  digər Alban dövrü memarlıq abidələrinin üzərindəki bəzəklərin, müxtəlif növ süjetlərin ornamental quruluşlarında forma və məzmun dəyişiklikləri edərək, onları erməni mədəniyyətinin memarlıq nümunələri kimi dünyaya çıxarmağa çalışıblar. Qafqazda köklü tarixləri olmayan ermənilər burada süni şəkildə öz “tarixlərinin izləri”ni yaratmağa və dünyanı Cənubi Qafqazda tarixən var olmuş erməni dövlətinin mövcudluğuna inandırmağa cəhd göstəriblər.


Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev xalqa müraciətlərinin birində demişdi ki, Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər: “Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi”. 
Yəqin, Zatulin bütün bunları bilməmiş deyil. İşğal dövründə  Azərbaycanın Qarabağ və ətraf rayonlarının ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin 63-ünün tamamilə, 4-ünün isə qismən  dağıdaraq yararsız hala salmasından da xəbərdar olmamış deyil. Bu mənada onun bilərəkdən belə sayıqlaması isə çox mətləblərdən xəbər verir. Görünür, Rusiyadakı erməni lobbisi və diaspor təşkilatları  bu dəfə də onu yaxşı yemləlyiblər. Yəni, yalı (oxu-pulu) çox olub.  Zatulinin gözlərini yal o qədər qamaşdırıb ki, o, artıq  reallığı görə bilmir. 
Hazırda Azərbaycan, bütün sahələrdə ədaləti bərpa etdiyi kimi, alban kilsələri xüsusunda da eyni addımı atır. Yəni, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş erməni vandalizminə məruz qalmış məscidlərlə yanaşı, kilsə və digər məbədlər də təmir-bərpa olunur. Bu isə Ermənistanda, xaricdəki ermənipərəst dairələrdə ciddi narazılıq yaradır. Yeri gəlmişkən, Ermənistan hakimiyyəti mövcud xüsusda beynəlxalq təbliğat aparır. Yəni indinin özündə də riyakar ermənilər bu saxtakarlığı davam etdirməyə çalışır, Qafqaz alban məbədlərinə sahiblik iddiası ilə çıxış edirlər. Şübhəsiz, məqsədi yalnız və yalnız Azərbaycanı ləkələməkdir.  Amma rəsmi Bakının tutarlı faktları sayəsində onların bu kimi addımları heç bir nəticə vermir və verməyəcək də...
Qvami Məhəbbətoğlu, “İki sahil”