01 iyun 2024 02:58
343

Kilsə Ermənistanı xaosa sürükləyir

Baş nazir Nikol Paşinyan qətiyyətli və sərt tədbirlər görəcəyini açıqladı

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə etiraz aksiyaları davam etməkdədir. Onun bazar günü mitinqindəki çağırışından sonra aksiya iştirakçıları ölkənin bir çox bölgəsində yolları və Yerevanda küçələri bağlamağa başlayıblar. Mayın 30-da səhər saatlarında “Vətən naminə Tavuş” hərəkatının etirazçıları İrəvanın Respublika meydanına toplaşıblar. Polis Yerevanda bəzi aksiyaçıları saxlayıb. Polisin son məlumatına görə, 300-ə yaxın aksiya iştirakçısı polis şöbələrinə aparılıb. Sonradan onların bir çoxu sərbəst buraxılıb. Etirazçılar polisin həddən artıq sərt hərəkətlərindən şikayətləniblər. Yerli jurnalistlər və hüquq müdafiəçiləri deyirlər ki, polis bəzi hallarda lazımından daha sərt davranıb. Lakin Ermənistan Daxili İşlər Nazirliyi (DİN) Respublika meydanında bəzi etirazçıların polis əməkdaşlarına hücum etdiyini bildirib. "Polis qanunla müəyyən edilmiş funksiyalarını yerinə yetirməkdə davam edir. İstənilən qanunsuz hərəkətə müvafiq cinayət-hüquqi qiymət veriləcək", Ermənistan DİN-in məlumatında bildirilir. Daxili İşlər Nazirliyi aksiya iştirakçılarını qanunu pozmamağa və polisin qanuni tələblərinə tabe olmağa çağırıb.

Ermənistan Baş naziri Aparatı İrəvandakı aksiyalar zamanı qanun pozuntularına yol verən keşiş Baqrat Qalstanyan və digər kilsə xadimlərinə xəbərdarlıq edib. Aparat rəhbərinin müavini Taron Çaxoyan yaydığı məlumatda bildirib ki, dövlət əleyhinə siyasətlə məşğul olan din xadimləri bunun siyasi bədəlini ödəməyə hazır olmalıdırlar. “Kilsəni siyasi platformaya çevirənlər və dini xidməti siyasətlə əvəz edənlər heç kimdən üstün deyillər və dövlət əleyhinə apardıqları siyasətin bütün bədəllərini ödəyəcəklər”, - ölkə rəsmisi vurğulayıb. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə qanunverici orqanın iclasında çıxışı zamanı deyib ki, yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergiyə cəlb edilməsi məsələsini müzakirə etmək lazımdır: “Hisslərimizlə, tariximizlə oynamağı dayandırın. Onsuz da siyasətlə məşğul olur, diaspordan pul yığırsınız. Şam, “Coca-Cola”, şərab satır, restoranlar işlədirsiniz, amma vergi ödəmirsiniz”.

Hökumət təmsilçilərinin vergi məsələsi ilə bağlı dedikləri kilsə təmsilçilərinin xoşuna gəlməyib. Eçmiədzin Ana taxt-tacının kansleriyasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan “Sputnik Ermənistan”a “kilsənin vergi ödəməməsi ilə bağlı iddialar, yumşaq desək, yalandır”- deyib. Arxiyepiskop ad çəkmədən parlamentin spikerini boşboğazlıqda və yalan məlumat yaymaqda ittiham edib. Şirak yeparxiyasının primatı, arxiyepiskop Mikael Acapaxyan isə spikerin niyyətini kiçik qisas adlandırıb. “Kimin intiqamını alırsınız? Necə bu qədər kiçik, bu qədər yazıq ola bilirsən?”- Acapaxyan deyib. Arxiyepiskop xatırladıb ki, bolşeviklər də kilsəyə  qarşı vuruşublar, lakin mahiyyət etibarilə məğlub olublar. “Kilsə sizinlə ideoloji mübarizə aparır, əgər siz bu sahədə qalib gələ bilsəniz, o zaman mübarizə aparın, yoxsa, vergi və gömrük terroru yalnız sizin bədbəxtliyinizi üzə çıxarır”.

Acapaxyan qisasçıların ölkəni idarə etməsini, dövlət aparatından şəxsi qisas aləti kimi istifadə etməsini faciə hesab edir. O, hakimiyyətdə olan bəzi şəxsləri “sərxoş oğullar” adlandırıb. Qeyd edilir ki, erməni kilsəsinin vergiyə cəlb olunması məsələsi dəfələrlə qaldırılıb. Bu qınaqlara Eçmiədzinin Ana taxtı cavab verib ki, onlar vergi ödəyirlər, lakin kilsə təhsil, sosial və xeyriyyəçilik fəaliyyətinin xarakterinə görə müəyyən növ vergilərdən azaddır. Kilsə əmlak vergisi ödəmir, bununla belə, mənəvi mərkəzlərin qorunması və təkmilləşdirilməsi üçün dövlətdən vəsait almır. Deyirlər ki, Erməni Apostol Kilsəsi Ermənistanda 1000 vergi ödəyicisi siyahısına daxil edilib. 2023-cü ilin sonunda o, siyahıda 758-ci yeri tutaraq 435 milyon dramdan çox ödəyib və 2024-cü ilin birinci rübünün nəticələrinə görə, 147 milyon dramdan çox vergi ödəməklə 488-ci yerdədir.

Göründüyü kimi, Ermənistanda yaranan bu mübahisəli məsələ qarşıdurmaya, nəticədə xaosa səbəb olacaq. Hökumət deyir ki, erməni kilsəsi vergi ödəmir, parlament sədri A.Simonyan “erməni kilsəsi vergiyə cəlb olunmalıdır” söyləyir. Kilsə də öz aləmində “əsaslandırır” ki, xeyriyyə işləri, sosial fəaliyyətə görə bəzi vergilərdən azaddırlar, guya vergi ödəyirlər. Sözsüz ki, vergi tələbi qüvvəyə mindikdən sonra Eçmiədzin kilsəsinin böyük korrupsiya əməlləri, terroru maliyyələşdirmə hərəkətləri üzə çıxacaq. Çünki vergidən yayınmanın arxasından artıq başqa şeylər gəlir.

Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə parlamentdəki çıxışında bildirib ki, yaxın iki-üç ay ərzində kilsənin ictimai rəyə təsirlərinin aradan qaldırılması üçün qətiyyətli tədbirlər görüləcək: “Ermənistanda tarixən din xadimləri gedib kilsədə dini təhsil alır, qayıtdıqdan sonra isə agentlərə çevrilirdilər. Görünür ki, bu ənənə indi də dəyişməyib. Lakin biz yaranmış problemi iki-üç ayda həll edəcəyik”.

Sevinc Azadi, “İki sahil”