31 may 2024 00:46
335

Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq

Dövlət başçısı İlham Əliyev Xocalı sakinləri ilə görüşündə bir daha bu çağırışı etdi ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə hər an hazır olmalıyıq

«Bu gün hərbçilər üçün inşa edilmiş evlərlə də tanış oldum. Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək.» Dövlət başçısı İlham Əliyev Xocalı sakinləri ilə görüşündə onu da bildirdi ki, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Onların qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirdilər ki, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik.

44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı dövrə diqqət yetirsək görərik ki, şanlı Qələbəmiz heç də arxayınlıq yaratmır. Həm müdafiə gücümüzün artırılması, həm də informasiya mübarizəsində üstünlüyümüzü qorumaq üçün atılan addımların davamlılığı təmin edilir. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin ilk günündən bu çağırışı etdi ki, Ermənistanda revanşist qüvvələrin olacağı aydındır. Bunun üçün hər zaman hazır olmalıyıq. Təbii ki, burada söhbət Ordumuzun daha da möhkəmləndirilməsindən gedir. Tarixi Zəfərimizdən sonra ermənilərin törətdikləri hərbi təxribatların qaşısını almaq üçün Silahlı Qüvvələrimizin həyata keçirdikləri «Qisas», «Qətiyyətli cavab» kimi əməliyyatlar ordumuzun malik olduğu imkanların növbəti təqdimatı oldu.

“İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Təbii ki, işğal dövründə ordu quruculuğu bizim üçün bir nömrəli vəzifə idi və Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq» söyləyən cənab İlham Əliyev bildirir ki, hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir.

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ərazi bütövlüyümüzü və ədaləti bərpa etdi. Böyük qətiyyətlə və inamla səsləndirilən bu fikirlər Azərbaycanın diplomatik mübarizədə, eyni zamanda, döyüş meydanında qələbəsinin təqdimatıdır. 30 ildə dünyanın ən nüfuzlu dövlətlərinin edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə etdi, BMT qətnamələrini təkbaşına icra edərək bir daha dünyaya nümayiş etdirdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var və onların düzgün dəyərləndirilməsi və tətbiqi üçün vahib mexanizm lazımdır. Dünyanın yaşadığı beynəlxalq hüquq problemi özünü baş verən hadisələrin dəyərləndirilməsində qabarıq şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bəzən BMT qətnamələri 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 28 il gözlədik.

Reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb. 

Nizami Silahlı Qüvvələrinin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərdi. Ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlar, Beynəlxalq Müdafiə sərgiləri ordu quruculuğu istiqamətində aparılan islahatların hesabatı kimi dəyərləndirilir. İqtisadi inkişafı və müdafiə qüdrəti ilə regionda fərqlənən bir ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasətinə sadiqliyini atdığı hər bir addımında təsdiqləyən Ali Baş Komandan İlham Əliyevin bütün çıxışlarında hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayış etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha belə əminlik yaradırdı ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Aparılan sülh danışıqları səmərə verməyəcəyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündə olduğunu qazandığı qələbələrdə təsdiqlədi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə qədər 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycan Ordusunun güclü, peşəkar ordu olduğunu nümayiş etdirmişdi. Lakin işğalçı dövlət bu əməliyyatlar zamanı aldığı dərslərdən nəticə çıxarmayaraq 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutarkən belə əks-hücum əməliyyatı ilə üzləşəcəyini düşünmürdü. Artıq Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdu. Azərbaycan Ordusu hər zaman Müzəffər Ali Baş Komandanın «Hücum!» əmrini gözləyirdi və həmin an gəlib çatdı.

44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 ilə yaxın Prezidentlik dövrünün 17 ilinin məhz ərazi bütövlüyümüzün bərpası işinə hazırlığa yönəldildiyini təsdiqləyir. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması, yüksəkdəqiqlikli silahlardan istifadə, mövcud nizam-intizam qələbənin başlıca amilləri olmaqla Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilsə də, icra mexanizmi «unudulan» qətnamələrin yerinə yetirilməsini reallaşdırdı.

Azərbaycan əsgəri şanlı Qələbəmizlə torpaqlarımızı işğaldan azad etmək qüdrətində olduğunu bir daha təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Qeyd edək ki, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində C.Naxçıvanski adına hərbi liseyin əsası yaradılmışdı. Azərbaycanın müstəqil gələcəyini düşənən Ümummilli Lider ordumuzun gənclərimizin sayəsində formalaşacağını önə çəkərək, belə bir məktəbin yaradılmasını zəruri hesab etmişdi. Ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin Ümummilli Liderin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunların, hərbi hava və hərbi dənizçilik məktəblərinin məzunlarıdır. Son illərdə imkan və potensialı daha da artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda nümayiş etdirirdilər. 

Hərbi hazırlığı, Vətənə bağlılığı ilə fərqlənən, beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının çevik hərəkət qüvvələri, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları, Silahlı Qüvvələrin dəniz piyadaları da Ali Baş Komandanın əmrinə hazır olduqlarını, bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bildirirdilər. Bu gün Zəfərimizin doğurduğu sevincə dövlətimizin başçısı İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş ruhunun daha da artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atdığı addımları ilə nümayiş etdirir.

Daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir. Bu gün Azərbaycanda nizami ordu vardır. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti, ruh yüksəkliyi yüksək səviyyədədir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi.

Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır: «Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.»

Dövlət başçısı İlham Əliyev bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra qarşıdakı dövrün hədəflərini açıqlayarkən bildirdi ki, təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq: «Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.» Ölkə Prezidenti növbəti illərdə qarşıda dayanan əsas vəzifələrdən biri kimi Silahlı Qüvvələrimizin daha da gücləndirilməsini bildirdi. Hazırda Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb. Yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Dövlət başçısı İlham Əliyev bildirir: «Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz…Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır. Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər. Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür. Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək. Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.»

Ölkəmiz çox güclü hərbi sənaye kompleksi yaradır. Artıq bunun birinci mərhələsi başa çatdı. İkinci mərhələsi daha genişmiqyaslı olacaq. Cənab İlham Əliyev bu statistik rəqəmi açıqlayır ki, təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və özümüzü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin, daha böyük həcmdə ixrac edəcəyik, böyük dərəcədə xarici asılılıqdan canımızı qurtaracağıq. Necə ki, siyasi, iqtisadi sahədə xarici təsirə məruz qalma şansımız sıfra bərabərdir. Çünki müstəqil siyasət aparırıq.

Dövlət başçısı İlham Əliyev bu reallığı da xüsusi vurğulayır ki, bu gün dünyada gedən prosesləri hər kəs görür. Dünya faktiki olaraq Üçüncü Dünya müharibəsinə çox yaxındır. Bəziləri hesab edir ki, artıq bu Üçüncü Dünya müharibəsi başlamışdır. Müxtəlif fərziyyələr ola bilər. Təbii ki, müasir müharibələr əvvəlki müharibələrdən fərqlənir. İkinci Dünya müharibəsi ilə bugünkü müharibələri müqayisə etmək belə mümkün deyil. Bir çox ölkələr bu gün hərbi sahəyə diqqət yetirməyə başlamışlar: «Biz isə bunu artıq 20 ildən çoxdur ki edirik və bu gün bizdə əldə edilmiş təcrübə, o cümlədən döyüş təcrübəsi əvəzolunmazdır. Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir.»

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı da edir ki, biz, eyni zamanda, sərhədlərimizi daha da güclü qorumalıyıq. Bu istiqamətdə də önəmli addımlar atılmışdır. Əlbəttə, sərhəd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır: «Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin. Sərhədlərimizin qorunması, eyni zamanda, bizi xarici risklərdən qoruyacaq. Çünki ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur. Biz özümüzü təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və sərhədlərimizin möhkəmləndirilməsi nəticəsində həm fiziki risklərdən qorumalıyıq, həm də özümüzü ideoloji risklərdən qorumalıyıq.» Dövlətimizin başçısının bildirdiyi kimi, ideoloji risklər sərhəd tanımır. Ona görə əsas vəzifə gənc nəslin vətənpərvərlik, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir.

Dövlət başçısı İlham Əliyev Xocalı sakinləri ilə görüşündə də tarixi Zəfərimizi şərtləndirən amillər sırasında Azərbaycan gənclərinin torpaq, Vətən sevgisini xüsusi qeyd etdi.

Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan tarixi Zəfərə imza atdıqdan dərhal sonra Ermənistana sülh təklifini etdi. Bu reallığı daim önə çəkirik ki, Ermənistanın havadarlarının tapşırıqları əsasında hərəkət etməsi sülh müqaviləsinin imzalanması prosesini uzadır. Amma hazırkı dövrdə sülh qaçılmazdır. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində “EFES - 2024” çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə bildirib ki, Azərbaycanla Ermənistan arasında hazırkı sülh fürsəti qaçırılmamalıdır. O, qeyd edib ki, Ermənistan xarici güc və diasporanın əsarətindən qurtulduğu halda Azərbaycanla sülhə daha yaxın olacaq: “Qarabağın 30 illik işğaldan sonra azad edilməsi bölgədə tarixi fürsət pəncərəsi açıb və bu fürsətdən istifadə etmək lazımdır. Erməni xalqı gələcəyini xaricdə "qəzəl" oxuyanlarda deyil, əsrlərdir birlikdə yaşadağı qonşularında görməli, anlamalı və lazım olanı cəsarətlə etməlidir.»

Yeganə Əliyeva, «İki sahil»