31 may 2024 01:16
364

Paşinyan II Qareginlə “siçan-pişik” oynadı

Baş nazir katalikosun burnunu dövlətin siyasətinə soxmasına son qoyacaqmı?

Hayastanın tarixində indiyədək hələ belə qəribə hadisə baş verməmişdi. Əslində buna cəsarət edən belə olmamışdı. Çünki Hayastanın dövlət kimi quraşdırılmasının planını cızan və buna həlledici kömək göstərən Rusiya imperiyasının yüksək çinli məmurlarını, o cümlədən aşağı çinli hərbçiləri və generalları qızıl və brilyant bəzək əşyaları ilə yoldan çıxaran, öz mənafelərinə işlədən məhz erməni kilsəsi olub. Bu mənada kilsə zamanında geniş səlahiyyətlərə malik idi. Bir sözlə, vətənsiz haylara "vətən düzəldən" ikinci mühüm qüvvə kilsədir. Birinci qüvvə isə təbii ki, rus çarları idi. Ona görə də indiyədək ruhanilərin və xüsusilə katalikosun sözünün qarşısına söz qoymağa cəsarət edən olmamışdı. Hətta haylara başçılıq edənlər katalikosun xeyir-duasını almadan seçilə və ya təyin edilə bilməzdilər. Çünki real güc katalikosun əlində cəmləşir, onların sözü həlledici olurdu. Başqa sözlə, Hayastanın başbilənləri katalikosun əlini öpmədən taxta çıxa bilməzdi. Xatırladaq ki, müxtəlif vaxtlarda türk diplomatlarının qətlə yetirilməsində kilsə daim terrorçulara himayə göstərib və qatilləri qəhrəman səviyyəsinə qaldırıb. Qısaca desək, kilsə bu vaxtadək hay cəmiyyətində qorxunc qüvvə olaraq qalıb. Məhz ona görə də bu günlərdə katalikos II Qareginə baş nazir olmağı təklif edənlərə belə cavab vermişdi ki, mənim məqamım baş nazir məqamından yüksəkdir.

Bu, bir haşiyə idi. Qayıdaq bəhs etdiyimiz əsas mövzuya.

Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları Respublika günü münasibətilə Sərdarapad memorialını ziyarət etməyə gələn erməni katolikosu II Qareginin yolunu kəsib.  Bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, katalikosun memorial kompleksə daxil olmasına süni maneə yaradılıb. Lakin buna baxmayaraq inadkarlıq göstərən keşişbaşı geriyə qayıtmayıb, az bir vaxtdan sonra memorialın yanına çata bilib.

Qeyd edək ki, ondan əvvəl həmin əraziyə Ermənistanın baş naziri Nikol Paşinyan gedib. Bununla da bütün haylara nümayişkəranə mesaj verib ki, kilsə dövlət işlərinə qarışmamalıdır. Katalikos getsin duasını etsin, ianələrini yığmaqla məşğul olsun. Onu da deyək ki, hökumət başçısı “Vətən naminə Tavuş” hərəkatının üzvləri oradan çıxıb gedəndən bir neçə saat sonra xatirə kompleksinə baş çəkib. Yəni, orada dezinfeksiya işləri aparılandan sonra.

Dediyimiz kimi, indiyədək Ermənistanın tarixində heç vaxt belə hadisə baş verməyib. Ancaq baş vermiş olay göstərir ki, bundan sonra kilsə öz yerini bilməlidir və dövlətin daxili və xarici siyasətinə qarışmamalıdır. Artıq kilsədəkilərin xarici ölkəyə agentlik etdikləri və Tavuş iğtişaşlarını təşkil etdikləri, əhalinin bir hissəsini İrəvandakı mitinqlərə cəlb etdikləri gün kimi aydındır. Dünyanın heç bir ölkəsində belə üsul-idarənin olmadığını söyləyən Nikol Paşinyan dövlətə qarşı üsyan qaldıran keşişləri yerlərində oturtmağı planlaşdırır. O, II Qareginə patoloji nifrətini də xatirə memorialına baş keşişsiz getməsi, saya almaması, daha doğrusu, onunla “siçan-pişik oyunu” oynaması ilə büruzə verdi. Yəqin yaxın günlərdə casus şəbəkəsinin rezidentinin katalikosu növbəti hansı planlarla təlimatlandıracağını da görəcəyik. Bir sual hamını düşündürür. Nəhayət, üç yüz ildə ilk dəfə kilsəyə qarşı çıxan Nikol Paşinyana bu cəsarət haradandır? Cavab birdir: Erməni toplumundan. Artıq sadə haylar belə başa düşməyə başlayıblar ki, qonşularla qanlı müharibələr, əsassız ərazi iddiaları, sərsəm xəyallar onları dibsiz bir uçuruma aparır. Bu bədbəxtliklərin səbəbkarı isə kilsə və onun əlaltılarıdır. Daşnaklar, revanşistlər və digər tör-töküntülər kilsənin ətrafında cəmləşiblər. Onların məqsədi müharibələrə nöqtə qoymaq istəyən Nikol Paşinyanı devirərək yerinə Robert Koçaryanı gətirməkdir. Ancaq hay toplumu birmənalı olaraq Nikol Paşinyanı müdafiə edir. Ermənistan televiziyasının keçirdiyi rəy sorğularına cavab verən sadə haylar Serjik Sarkisyanı, Robert Koçaryanı qətiyyətlə rədd ediblər. Koçaryanı və komandasını Ermənistan Milli Məclisinin sabiq sədri Karen Dəmirçiyanı, baş nazir Vazgen Sarkisyanı və daha altı nəfər deputatı parlamentdə gülləbaran edib öldürməkdə günahkar kimi cəzalandırılmasını tələb edirlər. Onlar daşnakların hay toplumuna düşmən olduqlarını bildirirlər. Bir sözlə, əhalinin mütləq əksəriyyəti Paşinyanın arxasındadır. O, gücü iki milyonluq cəmiyyətdən alır. Aranı qarışdıran etirazçılar isə 20-25 mindən çox deyil. Yəni, onlar əhalinin bir faizini təşkil edir. Rəy sorğularında iştirak edən haylar Paşinyana məsləhət görürlər ki, kilsəni cəzalandırsın, hayları qırğına vermiş Ohanyanı, Sarkisyanı və Koçaryanı həbs etdirsin, onların əhalidən oğurladıqları yüz milyonları büdcəyə ödətdirsin, həmin pullarla xaricdə aldıqları bahalı villalar, dəbdəbəli restoranlar, beşulduzlu mehmanxanalar dövlətin nəfinə müsadirə edilsin. Haylar bildirirlər ki, əhali Nikol Paşinyana ikinci dəfə səs verəndə başqaları gərək bundan lazımi dərs çıxaraydı. İndi ya yerlərində sakit otursunlar, ya da rədd olub haranı istəyirlərsə ora getsinlər. Bu da satqınlara hay toplumunun son sözü!

Vəli İlyasov, "İki sahil"