31 may 2024 00:10
354

Əli Kərimlinin demokratiya sayıqlamaları

AXCP-nin iflas həddinə çatması onun avantürist və qaragüruhçu fəaliyyəti ilə bağlıdır

AXCP sədri Əli Kərimli yenə də avantürist fikirləri ilə «gül vurmaqda» davam edir. O, sosial şəbəkə statuslarında yazır ki, guya hakimiyyət mitinq və küçə yürüşlərinə ona görə icazə vermir ki, müxalifətdən qorxur. Fikrini də belə əsaslandırmağa çalışır ki, guya 28 May Müstəqillik Günündə Məhəmmədəmin  Rəsulzadənin məzarını ziyarətlə bağlı xalqa hətta cəbhəçilərə də çağırış etməyiblər: « Lakin polisin müdaxiləsinə baxmayaraq oraya bir xeyli insanın toplaşması göstərdi ki, icazəli mitinq olsa dəfələrlə çox insan mitinqə qatılar.

Statuslarında sərbəst toplaşmaq azadlığından və onun məhdudlaşdırılmasından bəhs edən AXCP sədrinə ötən illərdə təşkil etdikləri mitinqlərə heç 200-250 nəfərin də gəlmədiyini xatırlatmaq istərdik. Hələ də anlamaq istəmirlər ki, insanlar onlara güvənmirlər. Çünki xalqın gözü tərəzidir. Xalq görür ki, ölkəmizin müasir tarixi son bir neçə ildə möhtəşəm zəfərlərlə, ərazi bütövlüyümüzün təmin edilməsi və məcburi köçkünlərin doğma yurdlarına Böyük Qayıdışının başlaması kimi əhəmiyyətli hadisələrlə zəngindir. Belə ölkənin vətəndaşları təbii ki,  boşboğazlara və avantüristlərə deyil, real gücə, gerçək dövlət quruculuğuna səs verəcəklər. Eyni zamanda, bu da önəmli faktdır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həm xaricdə, həm də daxildəki siyasi nüfuzunun yüksəkliyi,  həyata keçirdiyi nəhəng işlər xalqın onun siyasi fəaliyyətinə inamını davamlı olaraq artırır.

Əli Kərimlinin siyasi fəaliyyətindəki anormallıq həm də ondadır ki, o hələ də xarici siyasətdəki balanslaşdırmanın nə olduğunu qanmır. Əgər qansaydı deməzdi ki, Azərbaycanın xarici siyasəti səhvdir. Onun bu barədə  sərsəm fikirləri belədir ki, Azərbaycan Qərbə istiqamət götürməli və yalnız onlarla  əməkdaşlıq etməldir. Başqa sözlə, Rusiya ilə əlaqələrə xitam verib, Qərbi seçməlidir. Məhz belə bir siyasəti vaxtilə Əli Kərimlinin də üzvü olduğu AXC- Müsavat hakimiyyəti edib. Son illərdə isə Gürcüstan və Ukrayna da bu siyasəti həyata keçirdi. Belə siyasi xətt həyata keçirən ölkələr isə öz ərazilərini itirdilər.  AXC- Müsavat hakimiyyəti Rusiyanı özünə düşmən etdi və Qarabağ torpaqları erməni separatçıları tərəfindən işğal edildi. Onların buraxdığı bu ciddi səhvləri Prezident İlham Əliyev təkrarlamadı, əksinə balanslı siyasət yürüdərək bugünkü uğurlarımıza nail oldu.

Bəli, biz yaxşı bilirik ki, AXCP sədri kimlərin dəyirmanına su tökür, hansı ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir və s. Məsəl var, dəvəquşu başını kola soxur, elə bilir ki, bədənini qalan hissəsini heç kim görmür. Bundan başqa, Əli Kərimli iddia edir ki,  Azərbaycan işğaldan azad etdiyi ərazilərdə tikinti-quruculuq işlərini ona görə öz büdcəsi hesabına həyata keçirir ki, Rusiyanın yanında olduğu üçün heç bir Qərb dövləti, maliyyə qurumu bizə dəstək olmur. Eyni zamanda, guya Azərbaycan hakimiyyəti Əli Kərimli kimi antimilli qüvvələrin partiyalarını dəstəkləmədiyi üçün Qərb Azərbaycana, Qarabağa investisiya yatırmır. Bu fikirlər əsl xəstə təxəyyülün məhsuludur

Əli Kərimlinin demokratiyadan və şəffaflıqdan dəm vurması da  qeyri- səmimidir. Çünki Əli Kərimli də 23 ildir ki, AXCP üzvlərini öz təsiri altında saxlayır, imkan vermir ki, onların gözü açılaraq siyasi cəhətdən savadlansınlar, faydalı işlərlə məşğul olsunlar. Bu isə Əli Kərimlinin öz ətrafına qarşı əsl mənəvi terrordur. Bu gün AXCP üçün ən yaxşı variant  Əli Kərimlinin istefa verməsi və oradakı konstruktiv, real düşüncəli gənclərə yol açılmasıdır. Ona görə ki, çağdaş  Azərbaycanın Əli Kərimli kimi saxtakar və satqın bir siyasətçiyə ehtiyacı yoxdur. Əksinə, Azərbaycanın milli mənafeyə, dövlətə və xalqa bağlı olan müxalifətə ehtiyacı var.

AXCP sədri utanıb- qızarmadan bəyan edir ki, 2003-cü ildən 2020-ci ilə qədər – 17 il ərzində İlham Əliyev hansı uğurlar əldə edib ki, Qarabağda əldə olunan qələbəni də onun adına çıxaq. Görünür, Əli Kərimli yaddaş pozğunluğundan əziyyət çəkir. Biz isə çox önəmli faktları ona xatırlatmaq istəyirik. Prezident İlham Əliyev 2003-cü ildən sonra Azərbaycan iqtisadiyyatını, hərbi sənayesini gücləndirdi. Ölkədə, xüsusilə də, gənclər arasında vətənpərvərlik ruhunu qaldırdı. Azərbaycan beynəlxalq iqtisadi layihələrə qoşuldu. Dövlət büdcəmiz 30 milyard dollara qədər artdı. Azərbaycan Pakistan və İsrail ilə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırdı. Qardaş Türkiyə ilə münasibətlər tarixdə heç vaxt olmayan bir yüksəkliyə çatdı. Bütün bunlardan sonra Ali Baş Komandan torpaqlarımızı işğaldan azad etmək üçün Azərbaycan Ordusuna əmr verdi. Xankəndidəki separatçı-terrorçu xunta ləğv edildi. İndi  işğaldan azad olunan torpaqlarımız Gülüstana çevrilməkdədir. Məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar. Bir sözlə, Ali Baş Komandan bu gün regional gücə çevrilən bir qüdrətli dövlət qurub. Ən başlıcası isə Azərbaycan indi şərtlər diktə edən, düşmənini dəmir yumruqla əzən, dostuna dəstək olan demokratik bir ölkədir.

Elçin Zaman, «İki sahil»