30 may 2024 14:21
364

COP29-da qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq

Prezident İlham Əliyevin Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə toxunduğu məsələlər beynəlxalq ictimaiyyətdə böyük maraq doğurub. Dövlət başçısı iqlim dəyişikliyi, yaşıl enerji məsələləri və paytaxtımızda bu il 11-25 noyabr tarixlərində keçiriləcək COP29 konfransına hazırlıq prosesindən danışıb.   

Azərbaycanın sürətli inkişafı, iri layihələrin reallaşdırılmasındakı zəngin təcrübəsi, Ermənistan üzərindəki tarixi Qələbəsi və Qarabağdakı lokal xarakterli antiterror tədbirlərindən sonra ərazi bütövlüyünün tam bərpa olunması onu dünyanın sayılıb-seçilən dövlətləri sırasına daxil edib. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkələrdən birinə çevrilib.

Dövlət başçımız həmçinin sözügedən müsahibəsində bildirib ki, nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik.

Dünyanın inkişaf etmiş ölkələri, xüsusən də ABŞ, Böyük Britaniya, Almaniya kimi dövlətlər bu konfransa xüsusi maraq göstərirlər. Bu baxımdan beynəlxalq əhəmiyyət daşıyan COP29-un ölkəmizdə keçirilməsi qürurverici bir hadisədir. Tarixə düşəcək bu konfrans Azərbaycan dövləti və onun Prezidentinin dünyada qlobal məsələlərin həllində aparıcı rol oynadığını əyani surətdə göstərir. Tədbirdə dünyanın aparıcı dövlətlərinin rəhbərlərinin, alimlərinin, müxtəlif sənət sahiblərinin, bütövlükdə çoxsaylı insanların iştirakı gözlənilir və onun yüksək səviyyədə keçirilməsi şübhə doğurmur. Çünki ölkəmiz belə nüfuzlu konfranslara dəfələrlə ev sahibliyi edib və bu sahədə Azərbaycanın təcrübəsi çox böyükdür.

“Euronews” müxbirinin suallarına Prezident İlham Əliyevin verdiyi cavablar cəmiyyətimizin bütün təbəqələri, o cümlədən alimlərimiz tərəfindən də rəğbətlə qarşılanıb. Azərbaycan qlobal iqlim dəyişmələrinə aid olan müxtəlif beynəlxalq qurumlara qoşularaq öhdəliklər götürməklə və ona layiqincə əməl etməklə dünya ölkələri arasında nümunəvi və ədalətli olduğunu sübut edir. Üzərinə götürdüyü öhdəliklərə sadiqlik, Azərbaycan Prezidenti tərəfindən elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” təşəbbüsü çərçivəsində uğurlu fəaliyyət və yeni təşəbbüslər Azərbaycanı dünyada qlobal iqlim siyasətinə böyük töhfə verən uğurlu nümunə kimi tanıdır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu fəaliyyətə verilən beynəlxalq qiymətin və göstərilən etimadın açıq təzahürüdür. Bütün bunlardan aydın olur ki, Azərbaycanın qlobal xarici siyasət kursuna keçməsi kifayət qədər ciddi hadisədir. Rəsmi Bakı bundan sonra beynəlxalq aləmdə baş verən hadisələrdə daha fəal rol oynayacaq, hadisələrin nəinki iştirakçısı, həm də istiqamətləndirici olacaq.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri