30 may 2024 13:50
250

Quruculuq və inkişaf dövrü

Böyük Zəfərdən sonra suveren Azərbaycan özünün quruculuq və inkişaf dövrünü yaşayır.Şanlı Qələbəmizdən sonra qarşıda duran ən prioritet vəzifələrimiz Qarabağın, Şərqi Zəngəzurun tam  bərpası, torpaqlarımızın minalardan təmizlənməsi, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışıdır. Bu məsələlər uğurla yerinə yetirilir. Bu il mayın 8-də həyatımızda daha bir mühüm tarixi hadisə baş verdi. Mədəniyyət paytaxtımız olan Şuşa şəhərinin ilk sakinləri 32 illik ayrılıqdan sonra doğma yurdlarına köçüb yeni mənzillərində yerləşdilər. Qısa müddətdə Şuşada sakinlər üçün tikilmiş,  şəhərin tarixi irsinə uyğun memarlıq üslubu ilə gözoxşayan yaşayış kompleksi dövlətimizin daha bir uğur rəmzinə çevrildi. Ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad etmiş, Azərbaycan dövlətinin ərazi bütövlüyünə, suverenliyinə nail olmuş Müzəffər Ali Baş Komandan İlham Əliyev azad yurdlarımızın dirçəldiləcəyi ilə bağlı verdiyi sözləri də tutdu və bunun üçün böyük imkanlar da yaratdı.  

Vətən müharibəsindəki qələbə Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı olmaqla yanaşı, ölkədə gedən inkişaf və quruculuq proseslərini də yeni mərhələyə yüksəltdi. Bu mərhələdə prioritet işğaldan azad olunmuş bütün ərazilərimizin bərpa edilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşünün təmin olunması və bunun üçün hər bir imkanın yaradılmasıdır.

Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı uğurla icra olunmaqdadır.Uzun illər boyu yurd həsrəti çəkənlər dövlət tərəfindən tikilib təmir olunmuş evlərə köçərək fərəh və sevinc dolu günlərini yaşamağa başlayırlar.Dövlət başçısı İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə vaxtaşırı Qarabağa və Şərqi Zəngəzura səfərlər edir, bərpa və quruculuq işlərini şəxsi nəzarətində saxlayır, yeni yaşayış məntəqələrinin yeni sakinləri ilə görüşərək həmsöhbət olurlar.Görülən tədbirlər nəticəsində Laçın şəhərinə - 62 ailə, 211 nəfər; Laçın rayonunun Zabux kəndinə - 10 ailə, 26 nəfər;Füzuli şəhərinə - 295 ailə, 1163 nəfər;Şuşa şəhərinə - 58 ailə, 224 nəfər; Laçın rayonunun Sus kəndinə - 20 ailə, 75 nəfər qayıtmışdır.

Mayın 28-də növbəti səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub,Xocalı şəhərinə köçən sakinlərlə görüşüb,Ağdam rayonunun Tağıbəyli, Şotlanlı, Nəmirli  və Güllücə kəndlərinin təməlini qoyub.
Azərbaycan Prezidentinin dediyi kimi, hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. 

Qarabağ və Şərqi Zəngəzurun bərpası işləri sürətlə gedir və dövlət tərəfindən lazım olan bütün tədbirlər həyata keçirilir. Azad olunmuş ən ucqar ərazilər belə indi tikinti meydanını xatırladır. Bütövlükdə işğaldan azad olunmuş bütün ərazilərimizdə doğma yurdlarına qayıdacaq insanlarımız üçün ən müasir həyat standartları yaradılır. Azərbaycan dövləti bütün mümkün imkanlardan istifadə edərək soydaşlarımızın doğma yurdlarına qayıdışını təmin edir.

Uğurlar Azərbaycan!

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri