30 may 2024 00:11
259

Radikal müxalifətin xaotik özfəaliyyəti, yoxsa?..

Şəxsi ambisiyaları naminə bütün ali dəyərləri ayaqlar altına atan radikal müxalifətin təmsilçiləri son zamanlar öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndiriblər. Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və anti-Azərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar.

Korporativ maraqlarını milli mənafedən üstün tutan AXCP sədri Əli Kərimli, “Mili Şura”nın rəhbəri Cəmil Həsənli, bu qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli kimi siyasət dəllalları xaricdə məskunlaşmış, məhdud siyasi təfəkkürlü, dar dünyagörüşlü, ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri düzgün təhlil edə bilməyən bəzi kəmsavad gəncləri də tora salaraq öz məkrli məqsədlərinə alət edirlər.

Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu qaragüruhçuların, eləcə də ayrı-ayrı Qərb ölkələrində mühacir adı ilə məskunlaşan Tural Sadıqlı, Qənimət Zahid, Sevinc Osmanqızı kimilərin sosial şəbəkələrdəki antimilli çıxışları, “moizələri” bir daha təsdiq edir ki, əslində bütün bunlar merkantil bir şəbəkənin xaotik özfəaliyyəti yox erməni lobbisinin təsiri altında olan qüvvələrin çox ustalıqla pərdə arxasından idarə etdikləri nizamlı və məqsədli bir prosesdir. Daha doğrusu, ölkəmizə qarşı əxlaqsızcasına aparılan informasiya müharibəsidir. Təbii ki, bütün bunların təməlində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən məlum dairələr dayanır. Onların əsas məqsədi ölkəmizdə  xaos, anarxiya yaratmaq və bulanıq suda balıq tutmaqdır. Öz çirkin niyyətlərini gerçəkləşdirmək istəyən bədxahlarımız bu işdə radikal müxalifətdəki ünsürlərdən ustaqlıqla istifadə edirlər.

Məlum dairələrin maşasına çevrilən, ötən əsrin 90-cı illərində öz şəxsi mənafeləri, ambisiyaları, kreslo, hakimiyyət sevdaları üzündən müstəqilliyini yenicə bərpa etmiş respublikamızı cəhənnəm atəşinə atan Ə.Kərimli, C.Həsənli kimilər bu gün də öz əməlləri, çirkin xislətləri ilə Azərbaycanımıza oddan köynək biçmək istəyirlər. Tam çılpaqlığı ilə demək olar ki, onların dərdi demokratiya, azad seçkilər, filan deyil. Bu üzdəniraqların əsl məqsədi ermənilərin, ermənipərəst qüvvələrin dəyirmanına su tökərək ölkəmizdəki sabitliyi pozmaq, xaos, anarxiya yaratmaq, necə deyərlər, bulanıq suda balıq tutmaqdır. Əsla və əsla buna nail ola bilməyəcəklər. Çünki bu gün azadlıq və sabitlik adası olan Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi vardır. Təəssüf ki, bütün bu nailiyyətləri hər şeydə qara axtaran “sapı özümüzdən olan baltalar”- dağıdıcı müxalifətin başbilənləri anlamaq istəmirlər.

Birmənalı demək olar ki, mənəvi-psixoloji burulğanlar girdabında çırpınan antimilli ünsürlərin, milli dönüklərin və qaragüruhçu tör-töküntülərin Azərbaycan əleyhinə yönəlmiş fəaliyyəti və bütün cəhdləri fiaskoya uğrayacaq. Bu, qaçılmaz reallıqdır...

Zahid Rza, “İki sahil”