29 may 2024 17:53
279

Sülhün və əmin-amanlığın tərəfdarı

Azərbaycan Prezidentinin “Euronews” televiziyasına müsahibəsində səsləndirilən fikirlər bilavasitə regionda yaranacaq sabit durumun yeni iqtisadi münasibətlər sisteminin əsasını qoymasına və  yeni siyasi yanaşmaları özündə əks etdirməsinə hesablanıb. 30 ilə yaxın davam edən işğal faktını aradan qaldıran, torpaqlarını azad edən Azərbaycan regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Həm siyasi, həm də hərbi sferadakı üstünlüklərini prosesə uğurla transformasiya edən ölkəmiz bölgədə tənzimləyici rolu üstlənib. Ötən ilin sentyabrında baş tutmuş antiterror tədbirləri isə suverenliyimizin bərpası ilə nəticələnib. Beləliklə, bölgədə ədaləti bərpa etmiş Azərbaycan yeni mərhələdə davamlı sülhün əldə olunması üçün gücünü səfərbər edib.

Hazırda Azərbaycanı dünyanın ən sabit ölkələrindən biri hesab etmək olar. Bu göstəricinin nəticəsidir ki, ölkəmizə davamlı şəkildə xarici dövlət rəhbərlərinin, şirkət nümayəndələrinin səfərləri olur, müqavilələr imzalanır və gələcəyə hesablanan böyük layihələrin təməli qoyulur. Azərbaycan eyni zamanda daha böyük tədbirlərə ev sahibliyi etməyə hazırlaşır və onlardan biri də yaxın gələcəkdə baş tutması nəzərdə tutulan COP29-dur. Ölkə başçısı müsahibədə qarşıda bizi gözləyən tədbir barədə suallara da aydınlıq gətirib. Azərbaycan Prezidenti bir növ təminatlı təhlükəsizlik barəsində danışıb və COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağını elan edib. Hər zaman sülhün və əmin-amanlığın tərəfdarı olan Azərbaycan digər dövlətlərlə müqayisədə balanslı siyasət aparır. Bunun da nəticəsidir ki, ölkəmizə qarşı məkrli, çirkin addımlar nəticəsiz qalır və istəklərinə çatmaq istəyənlər heç bir uğura nail ola bilmirlər. 

Prezident İlham Əliyevin Bakıda keçiriləcək COP29-la bağlı sualına cavabında səsləndirdiyi “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır” kimi fikirlərin ölkəmizin yaşıl enerjiyə keçidə verdiyi önəmin və bu istiqamətdə reallaşdırılan layihələrin, o cümlədən bərpaolunan enerji sahəsində görülən işlərə əsaslandığını qeyd edib. Bildirib ki, Azərbaycan ənənəvi enerji mənbələri ilə zəngin ölkə olmasına baxmayaraq, bu sərvətdən düzgün istifadə etməyə nail olub, gələn gəlirləri müasir dövrün tələblərinə uyğun sahələrə yönəltməyi bacarıb. Son zamanlar yaşıl enerjiyə keçidlə bağlı layihələr üzrə imzalanan müqavilələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Müsahibədə səsləndirilən mühüm məqamlardan biri də Qoşulmama Hərəkatında əlaqələndirici rolunu oynamaqda böyük təcrübəsi olan Azərbaycanın 120 üzv ölkə ilə böyük inkişafa nail olması və Avropa İttifaqına üzv olan doqquz ölkə ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalaması olub. Bütün bunların hamısını Azərbaycanın beynəlxalq müstəvidə növbəti uğuru adlandırmaq olar.

Anar Məmmədov,

Milli Məclisin deputatı