“İki sahil” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat xatırladıb ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olması faktı bir çoxlarında ölkəmizin COP29-a ev sahibliyi etməsinin məqsədəuyğunluğu ilə bağlı şübhələr yaratmışdı. “Cənab Prezident İlham Əliyev bu məsələlərdə dövlətimizin qəti mövqeyini bir daha ortaya qoyaraq həmin yanaşmanın kökündən səhv olduğunu sübut etdi. Həm “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində etdiyi çıxışında, həm də öz müsahibəsində cənab Prezident birmənalı olaraq bildirdi ki, məhz qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçid və qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə məsələlərində öndə getməlidirlər və bu ölkələr ilk növbədə öz sərvətlərini ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutulan hədəflərə necə yönəltmələrinə görə dəyərləndirilməlidirlər."
K.Qafarov daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin aprelin 26-da Berlində “Euronews” telekanalına verdiyi müsahibəsində əks olunmuş ən vacib məqamlardan biri də “üçlük” mexanizminin yaradılması barədə söylədiyi fikirlər olub: “Dövlət başçımız Azərbaycan tərəfindən irəli sürülmüş və COP üçün yenilik olan üç ölkə mexanizminin yaradılması təşəbbüsünü xüsusi olaraq diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, burada məqsəd üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, bütün ölkələr qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birilərini günahlandırmaq cəhdlərindən əl çəkməlidirlər. Azərbaycan isə COP29-a ev sahibliyi edəcək ölkə kimi bunun üçün əlverişli platforma yarada bilər və bu, qarşıda duran qlobal vəzifələrin icrasına doğru atılmış böyük addım olacaq”.