27 may 2024 11:31
245

Müstəqilliyimiz ən böyük sərvətimizdir

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Cəmi 23 ay mövcud olmuş və xalqımızın həyatında əlamətdar hadisə kimi daxil olan bu tarixi hadisə dövlətçilik tariximizdə özünəməxsus iz buraxmışdır. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.  Oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. 

1991-ci ildə öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çətin, ağır bir mərhələyə qədəm qoymuşdu. Bu mərhələ Azərbaycanın bir dövlət kimi, azərbaycanlıların bir xalq kimi gələcək mövcudluğu məsələsinin həlli mərhələsi idi. Ölkədə hakimiyyətsizlik, başıpozuqluq, hərc-mərclik mövcud idi. Azərbaycanın müxtəlif bölgələrində xarici dövlətlərin marağı ilə təkan verilən separatçılıq güclənir, hakimiyyət iddiasında olan qruplaşmalar arasında toqquşmalar baş verir, Azərbaycan xalqı torpaqlarımız uğrunda erməni silahlı birləşmələri ilə özünümüdafiə səviyyəsində döyüşürdü. Hər addımda ölkədə qanun pozuntusu və cinayət törədilməsi  adi hal alır, iqtisadiyyat dağılır və talan edilir, elm, təhsil və mədəniyyət tamamimilə diqqətdən kənarda qalırdı.  Məhz belə tarixi məqamda azərbaycan xalqı seçimini etdi. Xalqımız özünün böyük oğlu, dünyaşöhrətli siyasi xadim Ulu Öndər  Heydər  Əliyevi köməyə çağırdı və hakimiyyət sükanını Ona etibar etrdi. Həyatının bütün işgüzar dövrünü Azərbaycan yolunda sərf etmiş böyük siyasi xadim Heydər Əliyev xalqın səsinə səs verdi. 1993-cü il iyunun  9-da Bakıya gəldi. Məhz həmin gündən Azərbaycan xalqının və dövlətinin həyatında dönüş, müstəqilliyin qorunması və möhkəmləndirilməsi uğrunda şərəfli mübarizə dövrü başlandı, həmin gün xalqımızın tarixinə Milli Qurtuluş kimi daxil oldu.

15 iyun 1993-cü ildən – Milli Qurtuluş Günündən başlanan müstəqilliyin inkişaf etdirilməsi, uğurlu dövlət quruculuğu, sabit vətəndaş cəmiyyətinin yaradılması bu gün də qətiyyətlə davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əsaslı tədbirlər görülür. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi.

Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağı bu gün artıq işğaldan azad olunmuş Şuşada, Xankəndidə, Xocalıda və bütün ərazilərimizdə qürürla dalğalanır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri