26 may 2024 21:50
329

Azərbaycan-Tacikistan dostluğu qarşılıqlı etimada əsaslanır

Bu il may ayının 23-də Tacikistan Respublikasının Prezidenti  cənab Emoməli Rəhmon  Azərbaycana rəsmi səfərə gəlmişdir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmon ilə səfər çərçivəsində geniş tərkibdə görüşü  keçirilib.  Ölkəmizin başçısı  cənab Emoməli Rəhmon ilə Tacikistanda və Azərbaycanda tez-tez görüşdüklərini, onun bu ilin sonunda da yenidən ölkəmizə səfər edəcəyini bildirdi.

Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdir  ki, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.  Ölkəmizin Başçısı sonra bildirdi ki, bu günlərdə keçirilən və bir neçə gün, təxminən bir neçə həftə davam edəcək Azərbaycanda Tacikistanın Mədəniyyət Günləri də ikitərəfli münasibətlərdə mühüm hadisədir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında demişdir: “Bu gün  biz sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı müzakirə etdik və əminəm ki, haqqında danışdığımız məsələlər, hökumət üzvlərinə verilən tapşırıqlar ən qısa zamanda icra olunacaq. Nəqliyyat sektoru da diqqət mərkəzində olub. Biz Orta Dəhlizi və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdik. Mən həmkarıma  məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks  istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.”

Görüş zamanı çıxışında Tacikistan Respublikasının Prezidenti cənab  Emoməli Rəhmon görüşlərin Tacikistan-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xas konstruktiv və etimad mühitində keçdiyini, danışıqlar zamanı iki ölkə arasıdakı münasibətlərin bütün kompleksini müzakirə etdiklərini, bu münasibətlərin uzunmüddətli inkişafının təməlini əhəmiyyətli dərəcədə gücləndirən bir sıra vacib razılaşmalar əldə etdiklərini bildirdi.

Azərbaycan Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci il tarixdə  qurulub, 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Respublikasının   Prezidenti cənab İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmonun  şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət  başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki,  cənab Prezident İlham Əliyev Tacikistan Respublikasına altı dəfə səfər etmişdir.
Ölkələrimiz arasında münasibətlər Parlamentlər səviyyəsində də uğurla davam etdirilir. İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. Hazırda Azərbaycanda 40-dək tacikistanlı tələbə təhsil alır. 

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı ərazi partiya təşkilatının sədri