26 may 2024 12:56
337

Azərbaycan-Tacikistan əlaqələri dinamik inkişaf edir

Azərbaycanın Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. İkitərəfli əməkdaşlığın hüquqi bazasını qarşılıqlı fəaliyyətin müxtəlif sahələrini tənzimləyən çoxsaylı sazişlər təşkil edir. Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə dövlət səfəri çərçivəsində də mühüm sənədlər imzalandı. Bu müqavilələrin iki ölkə arasında çoxtərəfli münasibətlərin daha da dərinləşməsinə şərait yaradacağı şübhə doğurmur.  Prezident İlham Əliyevin bildirdiyi kimi imzalanan sənədlər Azərbaycan-Tacikistan münasibətlərinin müqavilə-hüquq bazasını möhkəmləndirir. Dövlət başçısı əmin olduğunu vurğuladı ki, imzalanmış sənədlər qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək.
Ölkələrimizin mövcud iqtisadi potensialını nəzərə alaraq qeyd etmək olar ki, böyük istifadə olunmamış ehtiyatlar mövcuddur və əminliklə demək olar ki, Azərbaycan və Tacikistanın müvafiq qurumları arasında ticarət-iqtisadi əlaqələrin daha da genişləndirilməsi və dərinləşməsi üçün hər cür şans var. Çünki Tacikistan və Azərbaycanın iqtisadi və qanunvericilik bazası onların inkişafı üçün lazımi hüquqi platformanı təmin edir.
Xatırladaq ki, cənab Prezident İlham Əliyev keçən ilin aprel ayında Tacikistana etdiyi dövlət səfəri zamanı mətbuata bəyanatla etdiyi çıxışında demişdi ki, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Həmin tarixi səfərdən bir il sonra Azərbaycan ilə Tacikistan strateji tərəfdaşlara çevrilirlər. Bu baxımdan Tacikistan Prezidenti Emoməli Rəhmonun cari ilin 23 may tarixində Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyət kəsb edən hadisə oldu. Səfər çərçivəsində ölkələrimiz arasında 14 sənəd imzalandı ki, onlardan da ən mühümü “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”dir.
Prezident İlham Əliyev sözügedən görüşdə bu əminliyi də ifadə etdi ki, gündəliyimiz kifayət qədər genişdir. Təkcə nümayəndə heyətlərinin tərkibi bizim hansı istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyət göstərdiyimizdən xəbər verir. Nəticələr də çox yaxşı olacaq.
Bütövlükdə bu səfər Azərbaycan-Tacikistan əlaqələrinin geniş potensiala malik olduğunu və hər iki ölkənin əməkdaşlığın genişlənməsinə maraq göstərdiyini nümayiş etdirib.

Cavid Mehdizadə
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun əməkdaşı
YAP Xətai rayon təşkilatının fəalı