26 may 2024 13:01
309

Vətəni qorumağa qayıdan oğul...

Vətən məhəbbəti, vətənpərvərlik ən dərin mənalı, ən ülvi hissdir. Bu hissin daxilində irsini daşıdığın keçmişin var. Kökü ən qədim uluna - Dədə Qorquda, Koroğluya, Qaçaq Nəbi, Qaçaq Kərəmə, Nəsimiyə, Babəkə, Xətayiyə... daha necə tariximizə izlər buraxan xalqın qəhrəman, igid oğluna yol göstərir. Bütün mənliyinlə baxıb deyirsən: mən buyam, keçmişimdə, əvvəlimdə bu... Vətənim var olsun deyə, nə etməyibki ulularım mənim! Dönüb torpağına baxırsan, düşünürsən, nə qədər müqəddəssən ki, nə qədər zənginsən ki, faydalı nemətlərin kimi, yetirdiyin oğulların da mərd, cəsur, qorxmaz, qəhrəmandır. Nə qədər ki, belə igidlərin var, tarixin hansı dövrü olur-olsun, sən hər zaman var olacaqsan, Ana Vətənim!

Bildirim ki, 1991-1995-ci illərdə torpaqlarımıza gözünü dikən xain qonşumuz ermənilərin vətənimizi ələ keçirmək üçün havadarlarının dəstəyi ilə dinc əhaliyə hücumlar edir, zorla yerli əhalini ana yurdundan sıxışdırıb çıxarmağa çalışırdılar. Onların böyük arzuları Qarabağ bölgəsi ilə bərabər, Naxçıvan Muxtar Respublikasını da işğal etmək idi. 1992-ci ilin may ayından Naxçvan Muxtar Respublikasının Sədərək rayonuna hücuma başlayan düşmən yerli əhalinin güclü müqavimət göstərəcəyini düşünə bilmədi. Naxçıvan torpağının bir qarışı belə düşmənə verilə bilməz - deyən, diyarın igid oğulları sinələrini önə verərək səngərdə düşmən önünü kəsdilər. Güclü müdafiə ilə qarşılaşan ermənilər düşünmədiyi uzun döyüşləri, mübarizəni aparmalı oldular. Həmin dövrdə Naxçıvan bölgəsinin bütün camaatı ayağa qalxaraq yurdu qorumaq üçün Sədərək rayonuna üz tutdu. Bütün bunları eşidən diyarın xaricdə olan igid oğulları, işini, təhsilini yarım qoyub ana yuda qayıtdılar. “Vətənin dar anına onun övladları gəlməlidir”,- deyib qayıdanlardan biri də Ağayev Nəsib Ağamalı oğlu idi. Qeyd edim ki, Vətən qarşısında xidmətləri saymaqla bitməz olan, vətənin igid oğlunun bu gün doğum günüdür. Kəngərli rayonunun Qarabağlar kəndində, 1959-cu il may ayının 26-da dünyaya göz açan qəhrəmanımız 1966-1976-cı illərdə orta təhsil alıb. O, Azərbaycan Politexnik İnstitunda ali təhsil alaraq 1981-ci ildə leytenant rütbəsi ilə Moldova Respublikasının Bendera şəhərində yeləşən hərbi hissələrin birində xidmətə başlayır. Qüsursuz xidmət edən Nəsib Ağayev tez bir zamanda komandirləri və xidmət yoldaşları arasında hörmət qazanır. O, 8 il xidməti dövründə baş leytenan, kapitan və mayor rütbələtinə yüksələrək “Hərbi xidmətlərə görə”, “Qüsursuz xidmətə görə”, “SSRİ Silahlı Qüvvələrinin yaranmasının 70-illiyi” yubiley medalları ilə təltif olunur. 

1992-ci ildə doğma ölkəsində vəziyyətin ağır olduğunu xəbər alan mayor Nəsib Ağayev doğma yurdu Naxçıvana ailəsinə baş çəkmək üçün gəlir. Qəhrəmanımız Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri Heydər Əliyevlə görüşüb, Naxçıvanın gələcək taleyi barədə söhbətlər edir. Xalqımızın Ulu Öndəri Heydər Əliyev: “Sən vətənə qayıdıb, burada xidmət etməlisən” -deyir. Qəlbi vətən eşqi ilə döyünən Nəsib Ağayev həyat yoldaşı və üç körpə balasını götürərək ana yurduna xidmət etmək üçün geri qayıdır. O, hərbi hissədə komandir müavini kimi xidmətə başlayır. Həmin dövrdə Sədərək rayonunda vəziyyət gərgin idi. Durmadan hücuma keçən düşmənlə  vuruşan yerli əhali texnika, silah-sursat yetməzliyinə görə əks-cavab verməkdə çətinlik çəkirdi. Hərbi sirləri dərindən bilən, işinin peşəkarı olan qəhrəmanımız çətinliklə olsa da, döyüş bacarıqları ilə düşmənə gölənilməz zərbələr edirilməsində şücaətlər göstərir. Onun son döyüşü 1992-ci ilin noyabr ayında olur. Vətənin igid oğlu qəfil düşmən hücumunun qarşısını almağa çalışarkən ağır yaralanaraq şəhidlik zivəsinə yüksəlir. Qəhrəmanımız doğulduğu Qarabağlar kəndində dəfn olunur. Dəfn mərasimində iştirak edən Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev çıxış edərək, böyük hüzünlə bildirmişdir ki, “Nəsib Ağamalı oğlu Ağayevi itirmək mənim üçün çox ağır itkidir, düşünün ki, mənim sağ əlimi kəsdilər”.

Qeyd edim ki, şəhidimizin ailəsi yüksək dövlət qayğısı ilə əhatə olunaraq 1996-cı ildə Bakı şəhərində 3 otaqlı mənzilə təmin olunub. 2003-cü ildə qəhrəmanımız Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Ruhun şad olsun vətən oğlu! Milli ordunmuzun formalaşması və güclənməsində göstərdiyin xidmətlər gələcəkdə güclü ordumuzun yaranmasına səbəb oldu. Haqq, ədalət yerini tutdu. Torpaqlarımızı 30 il işğalda saxlayan düşmən Müzəffər Ordumuz qarşısında duruş gətirə bilmədi. Məğlubiyyəti qəbul edərək geri çəkilməyə məcbur oldu. 

Səriyyə Salahova