25 may 2024 21:05
393

Cənubi Qafqazda formalaşmış yeni reallığın qəbulu - ŞƏRH

ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə Azərbaycan xalqının Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.  Hətta məktubun sonunda belə bir fikir də yer alıb:  “Ən əsası isə biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq”. 

Bəri başdan qeyd edək ki, bu, rəsmi Vaşinqtonun Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycana verdiyi siyasi dəyərin ifadəsidir.  Çünki ABŞ aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən eyni zamanda, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən və yaranan problemlərin həllinə əməli dəstək verən bir ölkə ölkədir. COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın beynəlxalq miqyasda fəaliyyəti, Avrasiyanın enerji təhlükəsizliyinə, regionda və daha geniş coğrafiyada təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələr bunu bir daha sübut edir.

Bir sözlə, ABŞ Cənubi Qafqazda ölkəmizin liderliyini əsla danmır. Bütün bunlar isə o deməkdir ki, artıq regionda formalaşmış yeni reallığı bütün dünya kimi ABŞ da  qəbul edir. Bu isə o deməkdir ki,  artıq ABŞ da regionda Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
Prezident Cozef Baydenin təbrik məktubu da ABŞ-ın Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda israrlı  olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını göstərir. Məktubda, həmçinin Amerika Birləşmiş Ştatlarının regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığın  dərinləşdirməsi də öz əksini tapıb: “Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq”.

Bir sözlə, ABŞ Prezidentinin məktubunda Azərbaycana, onun regionda əhəmiyyətli aktorlardan biri olması açıq-aydın ifadə olunub. Azərbaycana qarşı təxribatlarından bir an belə əl çəkməyən Fransanın, daha dəqiq desək, Paris Şəhər Şurasının Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini boykot etmək barədə qərar imzalaması dönəmində ABŞ kimi bir dövlətin  bu məsələdə ölkəmizi dəstəkləməsi qürurvericidir. Qeyd edək ki, Azərbaycan müstəqilliyə qovuşan dönəmdən beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan ABŞ-la qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində zəruri istiqamətlərdən biri olub. Baydenin təbrik məktubu da bir daha təsdiq edir ki, rəsmi Bakı artıq buna da nail olub. İki dövlətin əməkdaşlığının genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edəcək. Bu mənada Prezident Cozef Baydenin təbrik məktubunu ABŞ-ın Azərbaycana verdiyi müsbət xarakteristika kimi dəyərləndirmək olar.

Şübhəsiz, bütün bunlar hər şeydən əvvəl müstəqil siyasət yürüdən Azərbaycanın, onun  Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uğurlu fəaliyyətinin nəticəsidir. Bəli, Prezident İlham Əliyevin yeritdiyi siyasət tam mənası ilə dünya səviyyəsində öz bəhrələrini verir. 

Qvami Məhəbbətoğlu, “İki sahil”