25 may 2024 14:56
300

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Müasir dünyamızda dövlətlər bir-birləri ilə artıq hərbi deyil, çox hallarda məhz iqtisadi üsul və vasitələrlə mübarizə aparırlar. Azərbaycanın iqtisadi cəhətdən geniş manevretmə imkanları ona gələcəkdə bəzi dövlətlərə öz şərtlərini diktə etmək üçün şərait yaradır. Prezident İlham Əliyevin müasir dünya düzəninin iqtisadi və siyasi “oyun qaydaları”na dərindən bələd olması ölkəmizin maraqlarının bütün səviyyələrdə etibarlı şəkildə qorunmasına təminat verir. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və digər bu kimi müxtəlif  çərçivələrdə inkişaf etdirib. Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması onu Aİ üçün cəlbedici edən faktorlardır.

Xarici ekspertlər, dünyanın aparıcı siyasi təhlil mərkəzləri Azərbaycanda müşahidə edilən sabitliyi, dövlətimizin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin genişlənməsini, ölkənin siyasi rəhbərliyinin çevik və tarazlı diplomatiyaya malik olmasını hər zaman “imkanlar pəncərəsi” kimi dəyərləndiriblər.

Azərbaycan dünyanın əsas güc mərkəzlərindən biri olan Avropa İttifaqı ilə əlaqələrə bu gün də xüsusi əhəmiyyət verir. Ölkəmiz indiyə kimi, Aİ ilə birgə müxtəlif proqramlar və layihələr də uğurla reallaşdırılıb. Dünyada baş verən bütün siyasi hadisə və proseslərə təsir etmək imkanlarına malik olan Avropa İttifaqı ilə imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ndə tərəflər arasında siyasi və ticarət sahəsində əməkdaşlıq və bu kimi məsələlər öz əksini tapıb.

Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığı genişləndirmək üçün mühüm addımlar atan respublikamız Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ölkəmizin ticarət dövriyyəsinin təxminən 40 faizi Avropa İttifaqı ilə aparılır. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında açar əhəmiyyətli ölkələrdən biridir. Bütün bunlar deməyə əsas verir ki, Aİ ilə Azərbaycan arasındakı əlaqələr strateji tərəfdaşlıq etibarlı əsaslar üzərində qurulub.

Mirhaşim Calalov, 
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 21" ünvanı  üzrə ərazi partiya təşkilatının üzvü