25 may 2024 12:29
391

Azad, dirçələn Şuşa sakinlərini qarşılayır - ŞƏRH

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqa müraciətində demişdi ki, biz Şuşanı dirçəldəcəyik. Dövlətimizin başçısı qısa zaman kəsiyində bu vədinə də əməl etdi. Belə ki, İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra burada abadlıq-quruculuq işlərinə başlanıldı. 

İlk növbədə Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində 101 kilometrlik Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yol inşa olunur.. Bu yolun  gələn ilin sonuna qədər hazır olacağı gözlənilir. Şuşanın tarixi abidələri, o cümlədən Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edildi. Ondan sonra Yuxarı Gövhər Ağa məscidi,  Saatlı məscidi,  Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edildi. Mamayı məscidinin bərpadan sonra açılışı keçirildi.  Şirinsu hamamı əsaslı təmirdən sonra açıldı. Çöl Qala məscidində artıq bərpa işləri başlanıldı. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Artıq bu şəhərdə dörd mehmanxana fəaliyyət göstərir. Onların içində Şuşa memarlıq üslubunda inşa edilən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün bu şəhərin müasir görkəmini əks etdirir. İşğaldan azad edildikdən sonra Şuşada həyata keçirilən yenidənqurma işləri göstərir ki, bərpa işləri planlıdır və ilk növbədə şəhərin tarixi simasının saxlanılması diqqət mərkəzindədir. Şübhəsiz, bütün bunlar Şuşada görülən işlərin müəyyən bir qismidir. Prezident İlham Əliyevin şəhərə köçmüş ilk sakinlərlə görüşündə bildirdiyi kim, elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək.

Artıq bu gün biz dirçəldilən Şuşanı görürük. Şəhərdə 90 çarpayılıq xəstəxananın, həmçinin 1 nömrəli tam orta məktəbin tikintisi işləri davam etdirilir. 3,7 hektara yaxın sahədə inşa edilən xəstəxana binasının tikinti işlərinə ötən ilin yanvarında başlanılıb. Şuşa Realnı Məktəbi də bərpa olunur və s. Bəli,  Şuşada dünyanı heyrətə salan  çox genişmiqyaslı quruculuq işləri gedir. Bu ilin may ayının 10-da - Ulu Öndərin doğum günündə bu şəhərdə üçüncü yaşayış kompleksinin təməli də qoyuldu. Keçən il mayın 10-da isə  ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Qeyd edək ki, üçüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 17 yaşayış binasının inşası nəzərdə tutulub. Kompleks ümumilikdə 487 mənzildən ibarət olacaq.  Tikinti işlərinə bu ilin yayında başlanılması planlaşdırılır. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın yaxın mənzil inşa ediləcək. Bu dirçəliş həm də güclü Azərbaycanı simvolizə edən möhtəşəm quruculuq nümunəsidir. Bununla paralel olaraq  Şuşada da sakinlərin məşğulluq məsələləri həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır. Yeri gəlmişkən qeyd edək ki, 2026-cı ilin sonunadək Böyük Qayıdış proqramı üzrə şəhərdə 111 çoxmərtəbəli ev tikiləcək. Bunlar, dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli evlər olacaq. Artıq onlardan 23-ü tikilib.

Dirçəldilən Şuşa artıq öz sakinlərini də qəbul etməkdə davam edir. Mayın 25-də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Şuşaya yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 32 ailə - 125 nəfər köçürülüb. Bununla da onların 32 illik yurd-yuva həsrətinə son qoyulub. Şuşa sakinini sözləri ilə desək, bizim bugünkü xoşbəxtliyimizi yalnız və yalnız 2020-ci il noyabrın 8-də cənab Prezidentin “Əziz Şuşa, sən azadsan” bəyanatından sonrakı xoşbəxtliyimizlə müqayisə etmək olar. Bundan başqa heç bir misli-bərabəri, tayı-bərabəri olan xoşbəxtlik yoxdur. Bəli, onların da köçkünlük həyatlarına son qoyuldu. Üzərlərindən məcburi köçkün adı götürüldü. Bu isə həqiqətən də böyük xoşbəxtlikdir. Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 90 ailənin, yəni 349 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd edək ki, bu il mayın 10-da Şuşa ilk qayıdış karvanını qarşılayaraq onlar sakinlərinə qucaq açıb. İlkin mərhələdə birinci yaşayış kompleksinə 20 ailə olmaqla 88 nəfər köçürülüb.

Qvami Məhəbbətoğlu, “İki sahil”