25 may 2024 00:10
293

Kimin havasına oynayırsınız?

Künc zərbəsi

Əli Kərimli AXCP-ni Azərbaycanın düşmənlərinin plasdarmına çevirib

Azərbaycanda, həmçinin 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra regionumuzda yeni reallıqların yaranması, Ermənistanla aparılan sülh danışıqlarında ciddi irəliləyişə nail olunması bəzi dairələrin narahatlığı ilə müşayiət olunmaqdadır. Azərbaycanın bütün təzyiqlərə rəğmən öz haqq davasında əldə etdiyi uğur başda Fransa olmaqla “insan haqları”, “demokratiya” pərdəsi altında Cənubi Qafqazda məkrli oyunlar qurmağa çalışan həmin qüvvələrin planlarını alt-üst edib. Ancaq şəxsi maraqları naminə beynəlxalq qanunları, tarixi ədaləti heçə sayan Azərbaycan düşmənləri hələ də öz fitnə-fəsadlarını həyata keçirmək üçün yeni yollar axtarışındadır.

Azərbaycanın sürətli inkişafından, gündən-günə daha da güclənməsindən, təkcə regionda deyil, dünyada söz sahibinə çevrilməsindən “yuxusu qaçanların” son çırpıntıları başadüşüləndir. Necə deyərlər, su uyuyar, düşmən uyumaz. Ancaq bu Vətənin havasını udub, çörəyini yeyib, suyunu içib onun uca adını, mənafeyini, milli maraqlarımızı həmin düşmənlərə satanların rəzilliyi acı təəssüf doğurur.

Xəyanəti peşəyə çevirmiş AXCP sədri Əli Kərimli və onun əlaltıları, adları “jurnalist”, özləri Vətən xainləri olan sevinc osmanqızılar, qənimət zahidlər Azərbaycan əleyhinə hansısa qarayaxmanın ruporluğunu etmək üçün fürsət axtarırlar. Pusquda dayanıb həvəslə gözləyir, çalışıb-çabalayırlar ki, hansısa xarici dövlət və ya beynəlxalq təşkilat Azərbaycan əleyhinə qərəzli bir addım atsın, onlar da bu iftiraları “həqiqət” adı ilə  geninə-boluna yaysınlar, tirajlasınlar. Görün, bu rəzillik hansı səviyyəyə çatıb ki, ermənipərəst Fransanı və onun ölkəmizə qarşı düşmənçilik aparan Prezidenti Makronu açıq şəkildə müdafiə edən Əli Kərimli az qala beynəlxalq təşkilatların Azərbaycana qarşı sanksiyalar tətbiq etməsini arzulayır. Axı normal bir vətəndaş öz Vətəninə, ölkəsinə bunu niyə arzulasın? Axı Əli Kərimli də yaxşı bilir ki, Qərbin deqradasiyaya uğramış, köhnəlmiş, sadəcə təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığı “prinsipləri”nin əleyhimizə yönəlməsi daha çox düşmənlərimizin işinə yarayır. Bəs, elə isə AXCP sədrini anti-Azərbaycan dairələrin maraqlarının müdafiəçisi rolunda çıxış etməyə vadar edən hansı səbəblərdir?

Əli Kərimlinin, müavinlərinin və hamilərinin çirkli pulları hesabına internet tv-lər işlədən qənimət zahidlərin, sevinc ozmanqızıların çıxışlarındakı Azərbaycan əleyhinə fikirlərin çoxunun təxminən eyni mətnlə bəzi xarici KİV-lərdə tirajlandığını nəzərə alsaq AXCP sədrinin kimlərin çaldığı havaya oynadığı bəlli olar. Azərbaycanda mövcud olan sarsılmaz xalq-iqtidar birliyi fonunda yaradılmış demokratik siyasi dialoq mühitinə belə qərəzli don geyindirməyə çalışan AXCP funksionerləri bu dialoqa qatılan partiyalar haqqında hədyanlar yağdırır, az qala onları “xain” kimi təqdim edirlər. Absurd və gülüncdür. Necə ola bilər ki, öz ölkəsində hakimiyyətin yaratdığı sivil siyasi müzakirələrdə iştirak edən, bir deyil, iki deyil, tam iyirmi beş siyasi partiya iqtidarın yaratmış olduğu dialoq mühitini təqdir edir, bunun müxalifət-hakimiyyət münasibətlərindəki fikir ayrılıqlarının demokratik yolla həlli üçün əhəmiyyətli platforma olduğunu bildirir, ancaq təkcə Azərbaycan düşmənlərinin plasdarmına çevrilmiş AXCP baş verənlərdə “mənfi” nə isə tapır?

Siyasi proseslərə hələ də ötən əsrin 90-cı illərinin zehniyyəti ilə yanaşanlardan heç kimə xeyir gəlməz – nə xalqa, nə özlərinə, nə də öz çirkin planlarını onların əli ilə həyata keçirməyə çalışanlara. Dünya çox dəyişib, “bəy”lər...

Mahir Rəsuloğlu, “İki sahil”