24 may 2024 23:44
306

Azərbaycan-İran dostluğu önəmli amildir

Cari ilin may ayının 19-da İranla sərhəddə, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi. Bu tarixi hadisə İran və Azərbaycan arasında mövcud olan sarsılmaz dostluq əlaqələrinin daha bir təzahürü oldu. Açılış mərasimində etdiyi çıxışında cənab Prezident İlham Əliyev İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanlarının, böyük təcrübəsinin olduğunu xüsusi vurğuladı. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb.

Son dərəcə vacib məqamlardan biri də budur ki, bu gün istər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycan və İran arasında önəmli fikir eynilikləri mövcuddur. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi bu, çox əhəmiyyətli bir amildir. Çünki bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı həlledici amillərdən biridir. Ölkələrimiz arasındakı səmimi dostluq münasibətlərinin daha bir göstəricisi kimi Azərbaycan ilə İranın üzv olduqları bütün beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birilərinə dəstək verməklərini qeyd etmək lazımdır. Həmçinin bu gün iki ölkəni bir çox mühüm transmilli layihələr birləşdirir ki, bunların da arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Hazırda sadəcə ölkələrimiz üçün deyil, həm də daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib.

Bundan sonra həm İran ərazisində, həm də Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Nəzərə almaq lazımdır ki, bu marşrut üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb və artım bu il də davam edir. Dəmir yolu tam istismara veriləndən sonra göstəricilər daha da artacaq. Hazırda Ağbənd istiqamətində inşa olunan avtomobil körpüsünün tikintisi başa çatdıqdan sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizlərinin, həm Şimal-Cənub, həm də Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.

Cənab Prezident İlham Əliyevin çıxışında yer almış daha bir vacib məqam da Minsk qrupunun tamamilə ləğv edilməsi tələbi ilə bağlı oldu. Bu gün artıq bütün dünyaya məlumdur ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı halda ATƏT-in Minsk qrupu və onun həmsədrləri 28 il ərzində məsələni həll etmək üçün yox, onu dondurmaq üçün çalışırdılar. Bu gün isə Azərbaycan artıq özü bu problemi birdəfəlik və kökündən həll etmişdir. Buna görə də Minsk qrupunun tamamilə ləğv edilməsi Azərbaycanın haqlı tələbidir.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri