23 may 2024 02:37
351

Zəngəzur dəhlizinin reallaşması qaçılmazdır

Ermənistan bu prosesə töhfə vermək istəyirmi?

Bu gün  Azərbaycanın əsas geostrateji hədəflərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. 44 günlük Vətən müharibəsində Qələbədən sonra siyasi gündəmə gətirilən Zəngəzur dəhlizi məsələsi bu gün bütün regionun inkişafını şərtləndirəcək əsas amillərdən biri kimi qiymətləndirilir. Ümumiyyətlə, bu dəhlizin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişində əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ olan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Bu günün əsas sualı isə budur ki, Ermənistan Zəngəzur dəhlizinin açılması kimi aktual prosesə töhfə vermək istəyirmi? Azərbaycan tərəfi dəfələrlə sərt şəkildə bəyan edib ki, rəsmi İrəvan cılız iddialarından əl çəkməli və qazana biləcəyi iqtisadi dividendtlərdən özünü məhrum etməməlidir. Əks təqdirdə, yalnız  Azərbaycanla  İran arasında  razılaşdırılmış layihə icra olunacaq.

İstənilən halda dünya birliyi Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etməlidir. Çünki Zəngəzur dəhlizi ilə həm də Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədi 330 kV-luq yarımstansiyasının tikilməsi, bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi nəzərdə tutulan məsələlərdən biridir. Ən önəmlisi odur ki, bu dəmiryol xətti gələcəkdə Azərbaycandan keçməklə Avropa ilə Asiyanı birləşdirən bir layihəyə çevriləcək. Bu da öz növbəsində Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.

Göründüyü kimi, Zəngəzur nəqliyyat dəhlizi ölkəmizin ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb Nəqliyyat Dəhlizinin bir hissəsinə çevriləcək. Bu dəhliz, həmçinin qardaş Türkiyəyə önəmli iqtisadi imkanlar qazandıracaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu ilə hərəkəti reallaşdıracaq. Şübhəsiz ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və qardaş ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.

Aydındır ki, bu, təkcə Azərbaycan, Türkiyə üçün deyil, elə Ermənistanın özü üçün də sərfəli yoldur. Təbii ki, bu gün Azərbaycanın Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz limanlarına çıxışı var, digər tərəfdən İran ərazisindən də istifadə edilir. Ermənistanın isə belə bağlantıları yoxdur.  Bu baxımdan Zəngəzur dəhlizinin açılması  Ermənistan üçün  daha xeyirlidir. Belə ki,  təklif və tələblərində beynəlxalq hüquqa əsaslanan, tarixi ərazisində yerləşən Zəngəzur dəhlizinin bərpasına çalışan Azərbaycanın bu niyyəti bölgədə sabitlik yaradacaq. Bu əminliyi yaradan amil isə  Qarabağın və Zəngəzurun yenidən qurulması, işğaldan azad edilən ərazilərdə  bərpa-quruculuq işlərinin sürətlənməsi, həmçinin Zəngilanda, Füzulidə açılan və Laçında tikintisi gələn il başa çatdırılması planlaşdırılan Beynəlxalq Hava limanlarıdır.

Qardaş Türkiyə Zəngəzur dəhlizinin reallığa çevrilməsi üçün fəal təşəbbüslərlə çıxış edir. Bu günlərdə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “TGRT Haber” telekanalına müsahibəsində söyləyib ki, Qars şəhərini Naxçıvanla sərhəd olan İğdır vilayəti ilə birləşdirəcək dəmir yolunun tikintisi üzrə işlərə bu ilin sonunda başlamaq və beş il ərzində başa çatdırılması nəzərdə tutulur. Bu xətt Zəngəzur dəhlizinin mühüm komponentini işə salmağa imkan verəcək. Türkiyənin şərqində 224 kilometrlik dəmir yolunun tikintisi üçün tender bu ilin əvvəlində elan edilib və hazırda layihənin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılır. Qarsdan Azərbaycanla sərhəddə yerləşən Dilucu sərhəd-keçid məntəqəsinə qədər məsafədə tikinti işləri təxminən 5 il çəkəcək.

Nazir, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş rayonlarında dəmir yollarının tikintisinin başa çatdırılmasının da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Türkiyəli nazirin fikrincə, nəqliyyat dəhlizinin tam şəkildə fəaliyyət göstərməsi 2028-2029-cu illərdə mümkün olacaq. Bu marşrut Türkiyə və bütün region üçün həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətlidir. O, Zəngəzur dəhlizinin dünya ticarəti üçün əhəmiyyətindən də bəhs edib. həmçinin Süveyş kanalında və Qırmızı dənizdə baş verən insidentlərlə əlaqədar qlobal ticarətdə yaranan riskləri vurğulayıb: “Zəngəzur dəhlizinin açılması nəticəsində Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin qurulması üçün yeni mühüm alternativ meydana çıxacaq”.

Nigar Orucova, “İki sahil”