05 aprel 2024 23:34
503

Paşinyanın gözləntiləri, Prezident İlham Əliyevin nüfuzu, siyasi gedişləri və...

Nəhayət, Nikol Paşinyanın və komandasının səbirsizliklə gözlədikləri ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransı başa çatdı. Olduqca sönük keçən bu görüş Ermənistanın təqdim etdiyi kimi heç bir ajiotaj yaratmadı. Şübhəsiz, bu məsələdə Prezident İlham Əliyev nüfuzu, siyasi gedişləri, prosesə təsir imkanları, eləcə də ölkəmizin milli maraqlarını və mövqeyini qətiyyətlə, həm də prinsipiallıqla qoruması mühüm rol oynadı.

Belə ki, aprelin 3-də dövlətimizin başçısı ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham edənlərin heç bir fakta əsaslanmadığını vurğulamaqla yanaşı,  aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını bildirmişdi. Həmin telefon danışığından bir gün sonra, yəni ap­relin 4-də Avropa Komissiyasının Preziden­ti Ursula Fon der Lyayenin təşəbbüsü ilə baş tutan telefon danışığında da Prezident İlham Əliyev  həmin konfransla bağlı  Azərbaycanın mövqeyini bir daha vurğulamışdı. Yeri gəlmişkən qeyd edək ki,   dün­yanın ikinci güc mərkəzi sayılan Avropa İttifaqının, həmçinin ABŞ rəsmilərinin bu zəngləri hər şeydən əvvəl Prezident İlham Əliyevin dünya miqyasında  nüfuzunun və siyasi çəkisinin göstəricisi kimi qiymətləndirilmə­lidir.

Ölkəmizin bu mövqeyi qardaş ölkə tərəfindən də birmənalı şəkildə düstəkləndi. Belə ki, Prezident İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən də həmin konfransdan söz açaraq bildirdi ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd etdi ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür. Dövlətimizin başçısı bir daha qeyd etdi ki, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar vermələri, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək. Buna görə, biz bununla bağlı ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verdik.

Göründüyü kimi,  məhz bu açıqlamalar nəticəsində Aİ və ABŞ rəsmiləri geri çəkildilər.  Bu elə  ABŞ Dövlət katibi Entoni Blinkenin, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrellin mətbuat qarşısında çıxışlarından da bəlli oldu. Belə ki, onlar Ermənistana təhlükəsizlik təminatı, eləcə də hərbi yardımla, o cümlədən hərbi pakt barədə heç nə demədilər.  Nikol Paşinyan isə sadəcə bildirdi ki,  Ermənistan Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası, həmçinin ölkələrin suverenliyinə və qanunvericiliyinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların blokunun açılmasının tərəfdarıdır. Təbii ki, bütün bunlar rəsmi açıqlamalardır. Rəsmi açıqlamalardan başqa, görüşdə məxfi komponentlərin olmasına gəldikdə isə, şübhəsiz, bu məsələlər zaman keçdikcə bəlli olacaq.

Amma bu da bir həqiqətdir ki, regionda Rusiyaya qarşı yeni platsdarma yaratmaq niyyətində olan  Qərb əlində alət kimi istifadə etdiyi  və həmişə özünü məzlum qiyafədə göstərən Ermənistana öz səxavət kisəsini növbəti dəfə açdı. Belə ki, ABŞ Ermənistan hökumətinin islahatlarını dəstəkləmək, daha doğrusu, sözügedən ölkənin iqtisadi və siyasi dayanıqlılığının gücləndirilməsi məqsədilə 65 milyon dollar ayırdı. Blinken  bildirdi ki, bu, Ermənistanın uzunmüddətli stabilliyi və çiçəklənməsi, eyni zamanda, regional sabitlik üçün vacibdir.

Bəzi mənbələrə görə, bu yardımdan Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiya və yerləşməsi, layiqli həyat şəraitini təmin etmək  üçün sərf olunacağı da vurğulanıb. Avropa İttifaqı isə növbəti dörd il ərzində Ermənistana 270 milyon avro qrant ayırmaq niyyətində olduğunu bildirib. Ermənistan mətbuatı isə həmin tədbiri “yüksəksəviyyəli” görüş, bu yardımqoparmanı isə böyük bir qələbə əldə olunmuş kimi qələmə verməkdədir.

Yeri gəlmişkən qeyd edək ki, Brüsseldə keçirilən üçtərəfli görüş Rusiyada da xüsusi narahatlıq doğurub. Həmin görüşü şərh edən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, bu görüş region ölkələrinin əksəriyyətində narahatlıq doğurur. Çünki o, Azərbaycanla Ermənistan arasında sülhə nail olmağa yox, Qərbin son dərəcə destruktiv yanaşmaları ilə Cənubi Qafqaza daha da müdaxilə etməsi, orada yeni haçalanma yaradan fikirlərin yaradılması, region ölkələrinin anti-Rusiya gündəmini izləməyə vadar edilməsi, onların Moskva ilə çoxəsrlik əlaqələrinin məhv edilməsi məqsədi daşıyır.

Politoloq Aleksey Naumov isə bildirib ki, bu görüş İrəvanın “Qərb düşərgəsinə” keçid etdiyini göstərir: “Ermənistandan başqa, Azərbaycan və Gürcüstanın da daxil olduğu və Rusiya, Türkiyə və İranın əhatə etdiyi Cənubi Qafqaz regionunda heç kim Qərb təsir anklavının meydana çıxmasını istəmir. Buna görə də, Ermənistan Aİ və ABŞ-dan maliyyə və hərbi dəstək alaraq, öz yerləşdiyi mühitdə Qərb blokunun hər şeydən məhrum olmuş forpostuna və qabaqda gedən dəstəsinə çevrilmək riski daşıyır”. Onun fikrincə, Azərbaycan öz torpaqlarını azad etdikdən sonra Ermənistan ağır mənəvi məğlubiyyət zərbəsi alıb. Ancaq reallıqla barışmaq əvəzinə, Ermənistan özünə “günah keçisi” kimi Rusiyanı seçmək qərarına gəlib.

Şübhəsiz, Vaşinqtonun və Brüsselin Ermənistana ayırdığı vəsait təcavüzkar ölkəni  Rusiyanın iqtisadi təzyiqlərindən qorumaq üçündür. O ki, qaldı həmin vəsaitlərin təyinatları üzrə xərclənib-xərclənməyəcəyinə... bunu  birmənalı şəkildə belə cavablandırmaq olar: Ermənilər nə vaxt sözlərinin üstündə durublar ki?..

Qvami Məhəbbətoğlu, “İki sahil”