Ömür rəqəmlərlə ifadə edilmir. Ömür fəaliyyətlə müəyyənləşdirilən zaman vahididir. Rəqəmlər unudula da bilər, fəaliyyət heç zaman unudulmur. Tarixin yaddaşında da qalır, insanların xatirələrində də. Zaman keçdikcə bu xatirələr də tarixləşir. Belə ömürlərə duru ömür deyirlər. Xalq duru ömürləri həmişə ehtiramla yaşadır. Özünə aid olan illəri xalqı üçün yaşayanlar, böyük Səməd Vurğunun təbirincə desək, dünyada əbədi bir nəğmə tək yaşayır. Nadir Seyfulla oğlu Hacıyev belə bir ömür yaşadı...
Nadir Seyfulla oğlu 1946-cı il avqustun 16-da Zəngilan rayonunun Pirçivan kəndində (indiki Zəngilan şəhərində) anadan olmuşdu. Uşaqlığı da, gəncliyi də burada keçmişdi. O da zəhməti sevmişdi, xarakteri bu sevgi ilə formalaşmışdı.
Nadir Seyfulla oğlu məktəbdə fərqlənir, müəllimlərinin ümid yeri kimi seçilirdi. 1963-cü ildə Pirçivan qəsəbə orta məktəbini (indiki Zəngilan şəhər 1 nömrəli orta məktəbini) bitirib elə həmin il Azərbaycan Politexnik İnstitutuna daxil oldu.
Seçdiyi ixtisas — kimya texnologiyası proseslərinin avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi (toxucu sənayesinin avtomatlaşdırılması) onun gələcək həyat yolunu müəyyənləşdirən mühüm mərhələ–gələcəyin yüngül sənayesinə açılan bir qapı oldu. 1969-cu ildə ali təhsilini uğurla başa vurdu və Dövlət İmtahan Komissiyasının 27 iyun 1969-cu il tarixli qərarı ilə ona avtomatlaşma üzrə mühəndis-elektromexanik ixtisası verildi. Bu, onun zəhmətinin bəhrəsi idi – “zəhmət çəkənin çörəyi şirin olar”.
1969-cu il avqustun 4-də Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin Bakı Zərif Mahud Kombinatının Əyrici fabrikində elektromexanik vəzifəsinə təyin olundu. Lakin çox keçmədən hərbi xidmətə çağırıldı və 1969-cu il noyabrın 25-dən 1970-ci il dekabrın 14-dək Sovet Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olddu. Tərxis edildikdən sonra 1971-ci il yanvarın 29-dan 1977-ci il iyulun 7-dək Bakı Toxuculuq Fabrikində plüş sexinin (fabrikdə tüklü, yumşaq parça istehsal edən bölmə) rəisi, plüş sexində keyfiyyət üzrə müfəttiş, mühəndis-texnoloq, texniki şöbənin rəisi və mühəndis kimi məsul vəzifələrdə çalışdı. Hər vəzifənin öz çətinlikləri vardı. Onun fəaliyyəti sanki bir toxucunun ilmə-ilmə qurduğu xalçaya bənzəyirdi – hər ilmə dəqiq, hər naxış yerində olurdu. Bu, məsləhətin, məsləhətlə bir sırada ciddi nəzarətin nəticəsi idi. İstehsalatın təşkili, planların yerinə yetirilməsi, avadanlıqların saz saxlanılması, məhsulun keyfiyyətinə nəzarət – bunlar Nadirin gündəlik fəaliyyətinin texnoloji düsturu idi. Bütün iş günləri belə başlayırdı, belə yekunlaşırdı.
1977-ci il avqustun 15-dən 1978-ci ilin aprelinə kimi fabrikin direktoru vəzifəsini müvəqqəti icra etdi. 1978-ci il aprelin 6-dan Bakı Toxuculuq Fabrikinin baş mühəndisi vəzifəsinə təyin edildi və 1982-ci il oktyabrın 1-dək bu vəzifədə çalişdi. Yaxşı iş işıq kimidi, uzaqdan da görünür, həm də aydınlığı ilə görünür. Qəlbi təmizlər bilir ki, o işıq əhatələdiyi sahələrin aydınlıq səmasına dönür. Nadir Seyfulla oğlu bu vəzifədə də məsuliyyətlə işlədi, ürəyinin diqtəsi ilə işlədi, malik olduğu yüksək fəzilətlərlə işlədi, tapşırılanların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etməklə işlədi.
“İgidin sağı-solu olmur”; yaxşı mütəxəssis üçün harada işləmək o qədər də əhəmiyyətli olmur, necə işləmək əhəmiyyətli olur. Necə işləmək kadrın işə münasibəti deməkdir, işə sevgisi deməkdir, özünə, deməli cəmiyyətə ehtiramı deməkdir. İşinə görə tanınanlar işinə görə də sevilir, bu sevilmə cəmiyyətin sevgisinə dönür. Bu sevgi, mahiyyəti baxımından, el sevgisi deməkdir... Nadir Seyfulla oğlunu işlədiyi kollektiv sevirdi, onun haqqında ictimaiyyət də eşitmişdi, ictimaiyyət də sevirdi. Onun işə münasibəti, savadı, qabiliyyəti işlədiyi müəssisə ilə məhdudlaşmadı, Yerli Sənaye Nazirliyi sistemində yaxşı mütəxəssis kimi tanınırdı.
1978-ci il oktyabrın 26-dan 1986-cı il fevralın 27-dək Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin aparatında texniki təhlükəsizlik üzrə mühəndis, istehsalat və texniki şöbələrdə mühəndis vəzifələrində işlədi. Sonralar – 1986-cı il fevralın 28-dən 1990-cı il sentyabrın 17-dək Qalanteriya Malları İstehsalat Birliyinin baş mühəndisi və Toxuculuq fabrikinin direktoru, 1990-cı il sentyabrın 18-dən 1996-cı il martın 3-dək həmin birliyin direktoru oldu. İstehsalatın inkişafı, avadanlıqların modernləşdirilməsi, fasiləsiz və təhlükəsiz işləmənin təmin edilməsi baxımından sənayedə mühüm irəliləyişlər oldu. Nazirlik Nadir Seyfulla oğlunun fəaliyyətini bütün parametrləri ilə bəyənirdi...
Nadir Hacıyev həm yaxşı mütəxəssis, həm məsuliyyətli vətəndaş, həm də yaxşı insan idi. Onu belə tanıyırdılar, belə sevirdilər.
1996-cı il mayın 20-dən 2003-cü il fevralın 1-dək Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində (MKTB) müxtəlif rəhbər vəzifələrdə – mühəndis kommunikasiya şöbəsinin müdiri, MKTB rəisinin birinci müavini və MKTB rəisi vəzifələrində işləyəndə də belə tanındı. Bu, elə sahə idi ki, ona qayğı sabahlara qayğı demək idi. Sabahlar binaların davamlığının qorunması, bu baxımdan ömrünün uzadılması kimi qəbul edilirdi. Nadir tezisləri sevsə də tezislərlə işləmirdi. Bu sahənin mövcud tezisləri əsasında özünün fəaliyyətə tətbiqləri də xeyli səmərəli olurdu. Yaşayış binalarının saxlanılması, təmiri, mühəndis-kommunikasiya sistemlərinin saz vəziyyətdə saxlanılması, həyət və məhəllələrin abadlaşdırılması istiqamətində mühüm işlər görülürdü. Sakinlər bu dəyişiklikləri görürdü, duyurdu...
Yaşanılmış illər ömür deyil, ömür xalqın ruhunu rəvanlığa yönəldən aylardı, illərdi. Cəmiyyətin tanıdığı, sevdiyi Nadir Seyfulla oğlunu belə tanıyırdılar, belə sevirdilər. Neçə on illərdən sonra cavanlıq dostlarından biri ehtiramla, sevgilərlə soruşmuşdu ki, necə elədin ki, hamı səni sevdi. Nadir gülümsünmüşdü, “Məsuliyyətlə işlədim, işimi sevdim, dürüst yaşadım, dövlətə sədaqətlə xidmət etdim...” demişdi. Bu ifadələr onların ikisinin də ümumi tanışları arasında az qala deyim kimi yaşadılmışdı: işi sevmək, məsuliyyətli olmaq, dürüst yaşamaq. Bunlar həmişə yaddaşlarda yaşadılası fəzilətlərdəndir. Bu ifadələr, bu gözəl deyim sağlığında da xatırlanırdı, son nəfəsindən sonra da xatırlanır...
“Torpaq münbit olanda bitki gözəl böyüyür, oğul. Ailə tərbiyəsi də münbit torpaq kimidi...”, – atasından eşitmişdi. Qardaşlarının yaşadığı illəri xatırlayırdı, onların işini xatırlayırdı, onları tanıyanların söhbətləri qardaşlarının sağlığında qüruruna dönürdü, sonralar təsəlliyə. Məktəbdə də öyrənmişdi, institutda da, qardaşlarının yaşantılarından nümunə də götürmüşdü...
İnsanları sevirdi, insanlar onu sevirdi...
Nadir Seyfulla oğlu səmimi, mehriban, ürəyiyumşaq, səxavətli insan idi. Yüksək vəzifələrdə işləsə də ən yüksək vəzifənin insanlıq olduğunu deyirdi. Onun üçün həyatda ən ali qanun insanlıq qanunu idi. Zəngilandan Bakıya gələn qohumları, dostları, tanışları onun evində qalır, onun qayğısını hiss edirdilər. O, hər kəsə dayaq olur, köməyə ehtiyacı olanların yanında dayanırdı.
Ermənistanın Azərbaycandan ərazi iddiası səbəbindən elan edilmədən başlayan müharibə zəngilanlıları da əsgərləşdirmişdi. Onda Nadirin özü Zəngilandan uzaqda yaşasa da qəlbi Zəngilandaydı. Həzrət Əlinin “Sağ əlin verdiyini sol əl bilməməlidi” kəlamını Nadir Seyfulla oğlu da heç zaman unutmamışdı, o illərdə də unutmadı. Zəngilanlı olduğunu əməli ilə təsdiqləyirdi. Dəfələrlə ziyalılarla birlikdə Zəngilana getmişdi, “Dərdi bölüşüb dərmanı yarılamaq” üçün səngərlərdə döyüşənlərlə görüşmüşdü, onlara həm maddi, həm də mənəvi yardım göstərənlərin sırasında olmuşdu. Şahidlər xatırlayır ki, Nadir müəllim səngərlərdə əsgərlərlə söhbətləşəndə xalqımızın dünənlərindən danışardı, bu günün qəhrəmanlıqlarını sabahlara düşən işıq adlandırardı, “Bu Vətən sənindi, əsgər!, – deyərdi, “Zəngilanın sərhədləri sənin ürəyindən başlayır. Unutmursunuz ki, xalqı xalq edən onun mədəniyyəti olub, ədəbiyyatı olub, torpaqları olub, o torpaqları qoruyan oğulları olub. Sizi gələcək nəsillər də belə xatırlayacaq. Siz torpaqlarımızı qoruya-qoruya tarix yaradırsınız...”. Əsgərlər onu sevgilərlə dinləyərdi...
Zəngilanın işğaldan azad ediləcəyinə inanırdı! O günü böyük niyyətlərlə gözləyirdi. İnanırdı ki, Zəngilana dönəcəklər, Zəngilanı yenə sevgiləriylə sevindirəcəklər. Bu ümidlə yaşayırdı Nadir Seyfulla oğlu...
Nadir Seyfulla oğlu Hacıyevin ömrünü bulaq ömrünə bənzədənlər haqlıdır; bu bulağın mənbəyində müqəddəslik də var, bu bulaq Zəngilanın Bartaz kəndində yaşayan Kərbəlayı Bəşirlə başlayan ruhun bulağıdı. Bu bulaqdan şaxələnən bulaqlar da duruluğuyla tanınıb, saflığıyla tanınıb. Kərbəlayı Bəşirin oğlu Seyfulla da ömrünü belə yaşayırdı, övladları da belə yaşadı...
Nadir müəllimin həyat yoldaşı Şəkər xanım fizika müəllimi idi. Üç övlad böyütmüşdülər. Babası Kərbəlayı Bəşirin ruhunun ağ yolu onun da ömrünün axarını müəyyənləşdirmişdi, o da atası kimi övladlarını Vətənə sevgiylə boya-başa çatdırmışdı. Qızı Elnarə “Ömür insana bəşərə yardımçı olmaq üçün verilir” düşüncəsiylə həkim oldu, qızı Aynurə “Ömür insana cəmiyyətin mənəvi dünyasının nizama salınması üçün verilir” düşüncəsiylə müəllim oldu, oğlu Elnur “Ömür insana yaşadığı cəmiyyətin iqtisadi münasibətlərinin tənzimlənməsi üçün verilir” düşüncəsiylə iqtisadçı oldu...
Nadir Seyfulla oğlu Hacıyev 2003-cü il fevralın 1-də rəhmətə getdi. Zəngilan nisgili onu son nəfəsinəcən tərk etmədi...
Zəngilanlılar da, Bakı da Nadir Seyfulla oğlunu böyük ürəkli insan kimi tanıdı, sevdi. Son nəfəsindən sonra ötüşən illərdə də belə xatırlanır: Xeyirxah idi, insanlara yaxşılıq eləməyi nəinki sevirdi, bunu həm də özünə mənəvi borc bilirdi. Nadir Seyfulla oğlu Hacıyev bir ömrü bu borcu yerinə yetirmək üçün yaşadı...
Bayram Məmmədov,
Əməkdar müəllim