05 aprel 2024 22:33
390

Zombiləşmiş missioner Gültəkin Hacıbəylinin fontan vuran erməni sevgisi

Aprelin 4-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər, bu xüsusda, bərpaolunan enerji, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər əməkdaşlıq sahələri qeyd olunub. Söhbət zamanı 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycanın sədrliyi ilə Bakıda keçiriləcək COP29-un iqlim fəaliyyəti və yaşıl keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı bildirilib. Telefon danışığında aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.

Deyəsən, bütün bunlar radikal müxalifətin primadonnası, “Milli Şura” adlı amorf qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylini bərk narahat edib. Belə ki, Qərbdəki ağalarından gələn “aprel tezisləri” əsasında ölkəmizə qarşı qarayaxma kampaniyasını özünəməxsus çirkin üsullarla davam etdirən bu xəyanətkar avropalı gəlin yenə də erməni təəssübkeşliyini gizlədə bilməyib.Özünün sosial şəbəkə statusunda yazıb: “Bəs nədən Azərbaycan dövləti özü Avropa məkanına inteqrasiyadan insan hüquqları və demokratiyayadək, korrupsiya ilə mübarizədən azad və ədalətli seçkilərədək, şəffaffıq və hesabatlılıqdan məhkəmələrin müstəqilliyinədək bütün məsələlərdə eksklüziv davranaraq Gürcüstan, Ermənistan və Avropa Birliyi ölkələrindən tamamilə fərqli standartlar üzərindən siyasət yürüdür?! Sən ekslüziv ola-ola başqalarından inklüziv olmağı tələb edə bilməzsən axı”.

Əslində xəyanətkar Gültəkin Hacıbəyli özü də yaxşı bilir ki, Qərbin Azərbaycana qarşı sərt mövqeyi nə demokratiya, nə də insan haqları məsələləri ilə bağlıdır. Məsələ burasındadır ki, məlum dairələr İkinci Qarabağ müharibəsindəki tarixi Zəfəri ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində öz suverenliyini tamamilə bərpa edən Azərbaycanın güclənməsini, müstəqil siyasət yeritməsini həzm edə bilmirlər. Cənubi Qafqazda geosiyasi maraqları olan bəzi Qərb ölkələri regionla, eləcə də respublikamızla bağlı məkrli niyyətlərini Ermənistan kimi satellitlərinin vasitəsilə reallaşdırmağa çalışırlar. Həmin dairələr öz məqsədlərinə çatmaq üçün qırx dörd günlük müharibədən sonra regionda yeni reallıqlar yaradan, müstəqil siyasət yürüdən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən, bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi səylər göstərən Azərbaycana maksimum dərəcədə təzyiq edirlər.

Prezident İlham Əliyev aprelin 5-də Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən bir daha bildirib ki, Avropanın bizə qarşı sərt mövqeyi Qarabağı azad etməyimiz ilə bağlıdır. “Mən hər zaman deyirdim və deyirəm ki, biz haqq yolundayıq, öz əzəli torpaqlarımızı bütün beynəlxalq qanunlar çərçivəsində hərbi yolla azad etmişik”, -deyə vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, o vaxtdan bu günədək bizə olan təzyiqlər durmadan davam edir. Avropa Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul edib. AŞPA nümayəndə heyətimizi səsvermə hüququndan məhrum edib. Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir”.

İndi məsələlərin əsl mahiyyətini anladınızmı, Gültəkin Hacıbəyli? O ki, qaldı insan haqları məsələsinə “Milli Şura”çı xanım G.Hacıbəyliyə bir daha xatırlatmaq istərdik ki, N.Paşinyan və komandası özlərini “demokratik hakimiyyət” kimi təbliğ etsələr də, son vaxtlarda Ermənistanda insan hüquq və azadlıqlarının pozulması hallarını, mülki əhaliyə qarşı qəddar münasibəti, 2022-ci ilin aprel-iyul ayları ərzində Ermənistanda polisin nümayiş edən şəxslərə qarşı qəddar münasibəti, səs qumbaralarından istifadə hallarını, jurnalistlərə açılan cinayət işləri ilə bağlı məsələləri ört-basdır edə bilməyib. Ancaq hamımız yaxşı bilirik ki, bir müddət əvvəl Vahid Ermənistan Partiyasının sədr müavini, siyasi məhbus Mger Yegizaryanın Paşinyan hökumətinə etiraz əlaməti olaraq 54 gün aclıq aksiyası keçirəndən sonra həbsxanada ölüb. 2023-cü ilin fevralın 28-də siyasi məhbus Narek Malyan Paşinyanı tənqid etdiyi üçün qanunsuz həbs edilib, müxalif görüşlərinə görə Vanadzorun meri Mamikon Aslanyan və Respublika Partiyasının sədr müavini Armen Aşotyan məhkəmənin qərarı olmadan 3 ildən çox həbsxanada saxlanılıb. Tanınmış həkim, dissident və siyasi məhbus məhkəmə zalında ölüb. 2024-cü il martın 22-də isə Paşinyanın repressiv rejiminə qarşı çıxış etdiyinə görə tanınmış bloqger Narek Samsonyan və Vazgen Saqatelyan həbs edilib. Ancaq nədənsə Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edən insan hüquqları üzrə beynəlxalq təşkilatlar bütün bunları görməzdən gəlib.

Bir məsələni xüsusilə bildirək ki, Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə bu günlərdə telefon danışığında bildirib ki, insan hüquqları məsələsini bəhanə edərək ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir. Azərbaycan bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmir. Bu xüsusda ölkəmizin başçısı Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib. Dövlət başçısı, həmçinin əlavə edib ki, insan hüquqları məsələsinə təkcə lokal deyil, bütövlükdə qlobal kontekstdə baxılması zəruridir.

Nəhayət, bildirək ki, uzun illərdən bəri anti-Azərbaycan dairələrlə gizli əməkdaşlıq edən G. Hacıbəyli və onun kimi antimilli ünsürlərin sosial şəbəkələrdə ölkəmizin əleyhinə apardıqları “qara piar” kampaniyası iflasa məhkumdur.

Zahid Rza, “İki sahil”