05 aprel 2024 22:45
383

Azərbaycan-Konqo münasibətləri: Etibarlı tərəfdaşlıq

Azərbaycan ilə Konqo Respublikası arasında diplomatik əlaqələr 23 sentyabr 2011-ci ildə Nyu-Yorkda imzalanmış "Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike" əsasında qurulub. Ötən illər ərizində ölkələr arasında siyasi, sosial-iqtisadi, hərbi və digər sahələrdə ikitərəfli diplomatik münasibətlər yaranmışdır. Konqo Respublikasının Prezidentinin ölkəmizə səfəri və müxtəlif sahələr üzrə sənədlərin imzalanması gələcək əməkdaşlıq üçün daha geniş imkanların açılması deməkdir. Hər iki dövlətin prezidentləri tərəfindən "Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə" imzalanması əməkdaşlığın perspektivlərini müəyyən edən sanballı bir sənəddir. "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu"nun, "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında "Congolaise de Raffinage" neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı"nın və s. sənədlərin imzalanması əlaqələrin şaxələndirilməsində atılan əhəmiyyətli addımdır.

Çağdaş dünyamızda Azərbaycanın beynəlxalq təşkilatlarla qurduğu əlaqələr onu ən etibarlı tərəfdaşa çevirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun institusional inkişafına xüsusi önəm verib. Xatırladaq ki, Azərbaycanın təşəbbüsü ilə 2021-ci ildə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və 2022-ci ildə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı yaradılmış, 2023-cü ildə Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması ideyası üzv dövlətlər tərəfindən dəstəklənmişdir. Azərbaycanın sədrliyi dövründə ölkəmizdə Qoşulmama Hərəkatının sammit və digər önəmli tədbirləri keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso mətbuata bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısının qeyd etdiyi kimi, biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində. Bildiyimiz kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövründə neokolonializmə qarşı mübarizə məsələləri prioritet olaraq qarşıya qoyulub. Bu, Azərbaycan xarici siyasətində mühüm yer tutur.

Bir sözlə, Konqo Respublikasını Prezidentinin ölkəmizə səfəri gələcək əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.

T.Akif,
Əməkdar müəllim