06 aprel 2024 00:32
375

Etiraz əvəzinə silah?

İranın Ermənistanın regionda vəziyyəti gərginləşdirən addımlarına münasibət bildirməməsi bir daha fars rejiminin riyakarlığını göstərir

Cənubi Qafqazda hətta hərbi eskalasiya riski yarada biləcək siyasi gərginliyin əsas səbəbkarı olan Ermənistana region dövlətlərinin əksəriyyəti etirazını bildirdi. Azərbaycanla yanaşı, Rusiya və Türkiyə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinkenlə Belçikanın paytaxtı Brüsseldə keçirilən görüşünün bölgədə sülh və sabitliyə təhdid yaradacağını rəsmi şəkildə bəyan etdilər. Gürcüstanda da İrəvanın birtərəfli addımları analitiklər və siyasi ekspertlər səviyyəsində qınanıldı. Yekdil rəy Brüssel görüşünün Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhə nail olunması üçün yaranmış tarixi imkanı da təhdid etdiyini göstərir. Əslində bütün bu baş verənlərə ilk etiraz etməli olan digər region dövləti – öz təbirlərincə desək, “qırmızı xətləri” Paşinyan tərəfindən tapdanan İran isə hələ də susur.

Bəs Cənub qonşumuz baş verənlərə niyə münasibət bildirmir? Axı bir vaxtlar “ətrafımızda kənar qüvvələrin mövcudluğu yolverilməzdir” deyən İranın molla rejiminin “qulağının dibində” indi Paşinyan sayəsində Avropa İttifaqının adı mülki, əslində hərbi missiyası “meydan sulayır”, avropalı, amerikalı siyasətçilər, hərbçilər İrəvanı “su yoluna” döndəriblər?

İranı susmağa vadar edən Ermənistan sevgisinin tarixi yeni deyil. Yaxşı xatırlayırıq ki, ərazilərimiz otuz ilə yaxın işğal altında qalanda, məscidlərimiz ermənilər tərəfindən dağıdılanda, təhqir ediləndə İranın fars-molla rejiminin rəhbərliyi ədalət naminə Azərbaycan haqq işinə dəstək vermək, heç olmasa neytrallığını qoruyub saxlamaq əvəzinə açıq-aşkar Ermənistana hər cür yardım göstərirdi. Biz etiraz edəndə isə ya susurdular, ya da inkar edirdilər. Azərbaycan təkcə Ermənistan ordusu ilə deyil, dünyanın bütün ermənipərəst qüvvələri ilə savaşaraq öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən xeyli sonra nəhayət, hansısa İran rəsmisindən “Qarabağ Azərbaycanın suveren ərazisidir” etirafını, candərdi təbriklərini eşitdik.

İranın Ermənistanla qardaşlığı bu gün də davam edir. İlk baxışdan bu, iki qonşu dövlətin normal mehriban münasibətləri görüntüsü yaratsa da, təəssüf ki, fars-molla rejimi ilə işğalçı Hayastanın isti əlaqələrinin arxasında Azərbaycanın maraqları ilə ziddiyyət təşkil edən məqamlar daha çoxdur. Belə məqamlardan ən diqqətçəkəni İranın işğal dövründə və 44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə də Ermənistana silah göndərməsi ilə bağlı yayılan məlumatlardır. “MaidenTower” “Telegram” kanalının yaydığı xəbərə görə, bu il martin 29-dan başlayaraq İran hava yollarına məxsus “Boeing” yük təyyarəsi ilə Ermənistana davamlı olaraq silah daşınır. Məlumatı təsdiqləyən hava marşrutunun uçuş xəritəsinin də yer aldığı məlumatda qeyd olunur ki, silah daşımaları SEPAH-a (İran İslam İnqilabı Keşikçiləri Korpusu) məxsus “Boeing 747-21AC ” yük təyyarələri ilə həyata keçirilir.

Göründüyü kimi, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar fonunda bəzi region dövlətləri kimi, İranın da xarici siyasətində müəyyən düzəlişlər etməsinə baxmayaraq fars rejimi eyni riyakarlıqla Ermənistanla hərbi, siyasi və iqtisadi əməkdaşlığı əvvəlkindən də sürətlə davam etdirir. Ancaq faktdır ki, Nikol Paşinyanın Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşünün, Qərbin regionda möhkəmlənmək cəhdlərinin əsas hədəflərindən biri də elə İrandır. Çünki Cənub qonşumuz da Rusiya kimi, ABŞ-ın və Avropa ölkələrinin “qara siyahı”sındadır və Ermənistan öz maraqları xatirinə hər iki əzəli müttəfiqini asanlıqla yeni hamilərinə satmaqda tərəddüd etməyəcək. Bəs görəsən, o zaman İranın “qırmızı xətt”i harada qurtaracaq? 

Mahir Rəsuloğlu, “İki sahil”