05 aprel 2024 16:28
516

Azərbaycan və Konqo Respublikaları arasında əməkdaşlıq üşün çox gözəl perspektivlər mövcuddur - Kamran Bayramov

Azərbaycanın qarşılıqlı maraqlar, müstəqillik və suverenlik prinsipləri əsasında həyata keçirdiyi ardıcıl çoxvektorlu xarici siyasət kursu beynəlxalq miqyasda ölkəmizə çoxlu dostlar qazandırıb. Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələr 23 sentyabr 2011-ci ildə Nyu-Yorkda imzalanmış “Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike” əsasında qurulmuşdur. Prezident İlham Əliyevin cari ilin 4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bildirib ki, ilk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edir. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməlidir. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qed edib ki, Prezidentlər İlham Əliyev və Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar. Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əlaqələrindən bəhs edərkən ilk olaraq BMT-də və Qoşulmama Hərəkatında qarşılıqlı dəstəklərini xüsusi qeyd etməliyik: “Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə qurumun beynəlxalq nüfuzunun artması istiqamətində atdığı addımlar hər zaman Konqo tərəfindən böyük dəstək qazanıb. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması qurumun hər bir üzvünün marağındadır.”  Prezident Deni Sassu-Nqesso isə bəyanatında bildirib ki, Konqo Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayır, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək:“Biz artıq ölkələrimiz arasında qurulmuş əlaqələri də yüksək dəyərləndiririk. Biz Azərbaycan rəsmilərini dəvət etdik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkəmizin yanında olsunlar. Biz Prezidentə Konqoda, Brazzavildə təşkil etdiyimiz dünyanın ən böyük üç tropik meşə hövzəsi - Amazoniya, Cənub-Şərqi Asiyada Borneo Mekonq və Konqo hövzəsi sammitində güddüyümüz məqsədlər barəsində məlumat verdik. Bu sammit ötən ilin oktyabrında keçirilib və biz Prezidentə yalnız bu sammitin uğuru barəsində məlumat verə bilərik. Ondan sammitin nəticələrini nəzərə almasını ancaq xahiş edə bilərik, çünki bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək”.
Deputat diqqətə çatdırıb ki, göründüyü kimi, Konqo prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir.  Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən də Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir. Hazırda istər tarixi kontekstdə, istərsə də cari dövr baxımından Azərbaycanın Afrika ölkələri ilə yaxşı əlaqələri var. Hələ SSRİ dövründə Afrika ölkələrindən olan çoxlu sayda tələbə Azərbaycanın ali məktəblərində təhsil alıb. Azərbaycan pandemiya dövründə Afrika ölkələrinə dəstək verib, ikitərəfli münasibətləri inkişaf etdirib.
K.Bayramov əlavə edib ki, Azərbaycanın 30 illik müstəqillik dövründə əldə etdiyi uğurlar Afrika ölkələri tərəfindən maraqla qarşılanır. Görüşlərdə iqtisadi sahədə əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan Konqoda bir sıra investisiya layihələrində, ilk növbədə kənd təsərrüfatı, bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə iştirak etmək fikrindədir. Əməkdaşlığımız üşün çox gözəl perspektivlər mövcuddur, buna görə də gələcək aylar ərzində hər iki ölkənin nümayəndələri bir-biri ilə sıx təmasda olacaqlar.  
Həmçinin Konqodan olan tələbələrin Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında təhsil alması kimi sovet dövründə mövcud olan ənənələrin davam etdirilməsi nəzərdə tutulub və bununla əlaqədar ölkə başçısı tərəfindən müvafiq  göstərişlər verilib.