04 aprel 2024 23:19
444

Brüssel görüşü region üçün təhlükədir: Rusiya və Türkiyə də narahatlıq ifadə etdi

Azərbaycanın iştirakını nəzərdə tutmayan bu təşəbbüs bölgənin geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq

Son günlər guya Azərbaycanın Ermənistana qarşı ərazi iddiasında olmasından, hətta Qərbi Zəngəzuru ələ keçirməyə çalışmasından dəm vuran Avropa İttifaqı (Aİ) elə bu bəhanə ilə təcavüzkar ölkədə  “mülki” missiyasının coğrafiyasını, əhatə dairəsini geniş¬ləndirir. Kanadanın Fransanın təhriki ilə Aİ-nin Ermənistandakı missiyasına qoşulması da bunu bir daha təsdiq edir. Bu addımlar, həmçinin Aİ-nin Ermənistandakı missiyasını çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur. Siyasətçilərin fikrincə, bu fakt artıq həmin mülki missiyanın de-fakto NATO missiyasını üzərinə götürməsindən, daha doğrusu, onun platformasına çevrilməsindən xəbər verir. Bu mənada artıq Hayastanda lövbər salmış Aİ missiyası¬nın mülki deyil, hərbi kontingent funksiyasını yerinə yetirməyə başlaması danılmazdır. Şübhəsiz, Aİ-nin “mülkü missiya”sı adı altında Ermənistanda fəaliyyətini genişləndirən Qərb alyansı bu gedişləri ilə bölgəni yeni müharibəyə sürükləməyə cəhdlər edir.

Bütün bunların fonunda bir qrup ameri¬kalı hərbçi təcavüzkar ölkənin Müdafiə Nazirliyinin əməkdaşlarına təlim keçmək adı ilə aprelin 1-də İrəvana səfər etməsi də diqqəti cəlb edir. Şübhəsiz, bu da “mülki” missiyanın əhatə dairəsinin genişləndirilməsinə xidmət edir. Yeri gəlmişkən qeyd edək ki, aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransına bir neçə gün qalmış həmin hərbçilərin İrəvana gəlmələri düşündürücüdür.

Son hadisələr göstərir ki, Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdırmaq istiqamətində əlverişli mühit yaratmaq adı ilə fəaliyyətə başlayan “mülki” missiya Qərbin maraqlarına üstünlük verməkdə davam edir. Bu niyyətlə də şərti sərhəddə  Ermənistanın törətdiyi təxribatla¬rı ört-basdır edir. Məsələn, bu “mülki” missiya bir neçə gün öncə şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsinə və hücum xarakterli dayaq məntəqələrini qurmasına, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratmasına, fortifikasiya qurğularını inşa etməsinə yenə özünəməxsus reaksiya verib. Yəni, “mülki” missiya bütün bunları təkzib etməyə çalışıb. Daha doğrusu, şərti sərhəddə “hər hansı qeyri-adi hərəkətlənmənin” müşahidə olunmadığını bildirib. Bu da  Qərbin Ermənistanı müdafiə bəyanatlarının heç bir səmimiyyətə söykənməməsindən xəbər verir.

Rəsmi Bakı dəfələrlə bildirib ki, onun Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Yeri gəlmişkən,  aprelin 3-də Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu bir daha vurğulayıb.  Dövlətimizin başçısı, həmçinin Fransa xarici işlər nazirinin yalan danışaraq, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etməsinin də həqiqətə uyğun olmadığını bildirib. Bu isə o deməkdir  ki, Azərbaycan tərəfdən Ermənistana qarşı heç bir təcavüzdən söhbət gedə bilməz. Şübhəsiz, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ-Avropa İttifaqı- Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması da bu mülki missiyanın növbəti oyunlara vəsilə ola biləcəyindən xəbər verir. Məsələyə bu aspektdən yanaşsaq, Ermənistanın Aİ-yə və ABŞ-a sığınması, belə müştərək konfransın təşkil edilməsi, ikinci Qərb-Rusiya qarşıdurmasının yaranması bölgənin və  Azərbaycanın maraqlarına tamamilə ziddir. Digər tərəfdən, Ermənistanın öz havadarlarına arxalanaraq Rusiya-Qərb qarşıdurmasında yeni cəbhə açması regionda sülhə təhdiddir. Halbuki, rəsmi Bakı artıq neçə ildir ki, müəyyən çətinliklərə rəğmən sülhün əldə olunması istiqamətində addımlar atmaqdadır.  Amma Ermənistan öz havadarları  ilə birgə buna mane olmaqdadır. Görünür, Qərb və ABŞ-ın da sülh prosesinin uzanmasında maraqları var. Yəni, onlar Cənubi Qafqazda sabitliyi pozmaq istəyirlər. Halbuki, bölgədə sülhün və təhlükəsizliyin dayanıqlı olması əslində Qərbin də marağında olmalıdır. Təkcə bir faktı xatırladaq ki, bu gün Azərbaycan Qərb ölkələrinin enerji təhlükəsizliyində vacib rol oyanyır. Bu baxımdan Fransa başda olmaqla digər Avropa dövlətləri Ermənistana sülh üçün təzyiq göstərməlidirlər. Amma nə Aİ, nə də ABŞ bu mühüm amilə məhəl qoymur.

Şübhəsiz, bu gün ABŞ və Aİ-nin Ermənistanın təhlükəsizliyinə hansısa "təminatlar" vermələri, silahlandırmaları, maliyyə yardımı ayırmaları və s. Ermənistanın danışıqlarda manipuyasiya etməsinə yeni imkan, başqa sözlə desək, növbəti təkan verəcək. Bu gün Brüsseldə keçiriləcək görüş region üçün yeni təhdid yaradır. Rusiya artıq narahatlığını ifadə edib. Türkiyə da  bu görüşə etirazını bildirib. Belə ki, Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda qeyd edilir ki,  2024-cü il aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan Ermənistan, Aİ və ABŞ arasında üçtərəfli görüşün regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. Qeyd olunub ki, Azərbaycanın iştirakını nəzərdə tutmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etmək yerinə bölgənin geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq. “Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun xüsusiyyətlərini nəzərə almağa və tərəflərə eyni məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik. İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu regional rifaha nail olacaq. Türkiyə həmişə olduğu kimi bu məsələdə üzərinə düşəni etməyə davam edəcək və Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək”, - deyə bəyanatda vurğulanıb. Həmçinin əlavə olunub ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfəri ilə işğal olunmuş torpaqların azad edilməsi və 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı ilə bütün ölkə üzərində suverenliyinin bərpası nəticəsində regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət yaranıb: “Bu tarixi fürsətin uğurla nəticələnməsinə çox yaxın olduğumuz bir vaxtda üçüncü tərəflərin, xüsusən də qeyri-regional aktorların prosesə ədalətli və qərəzsiz yanaşması, prosesə zərər vurmamaq üçün ehtiyatlı olması daha da vacib olub”.

Beləliklə, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”