05 aprel 2024 03:52
478

Birləşdik!

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimləri düşmənlərə gözdağıdır

Dünyanın güc mərkəzləri arasında mübarizənin kəskinləşdiyi, böyük dövlətlərin münaqişələri beynəlxalq qanunlarla deyil, dağıdıcı müharibələr vasitəsilə həll etməyə üstünlük verdiyi indiki dövrdə Azərbaycanın təhlükəsizliyini şərtləndirən ən mühüm amillərdən biri də güclü ordudur. Bu baxımdan öz yenilməzliyini, qüdrətini, peşəkarlığını dəfələrlə döyüş meydanlarında qazandığı qələbələrlə bütün dünyaya nümayiş etdirmiş rəşadətli ordumuz qürur yerimizdir. 2016-cı ildə Aprel döyüşləri ilə startı verilmiş Zəfər marafonunun davamı olan 44 günlük Vətən müharibəsi, 2023-cü il sentyabrın 20-də cəmi bir gün çəkən lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə təmin edən Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, hərbi arsenalının müasir silah və texnika ilə yenilənməsi, həmçinin şəxsi heyətin yeni silahlardan məharətlə istifadə bacarığına yiyələnməsi dövlətimiz üçün prioritet istiqamətlərdən biri olaraq qalır. Cənubi Qafqazın müxtəlif ölkələrin maraqlarının toqquşduğu region olduğunu da nəzərə alsaq, Azərbaycanın öz müstəqilliyini, ərazi bütövlüyünü qoruması və daha da inkişaf etdirməsi naminə ordumuzun güclənməsi son dərəcə zəruridir. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanla aparılan danışıqlar hələ ki sülh müqaviləsinin imzalanması ilə yekunlaşmayıb, düşmən və onun havadarları ölkəmizə qarşı məkrli siyasətlərini davam etdirməyə çalışırlar. Yəni, iki ölkə arasındakı şərti sərhəddə hökm sürən sabitlik, atəşkəs rejimi də kifayət qədər nisbi və kövrəkdir.

Bir neçə gün əvvəl ordumuzun Naxçıvan Müxtar Respublikası istiqamətindəki mövqelərinin Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşə tutulması da göstərir ki, düşmən kənar dairələrin təhriki ilə hər an vəziyyəti gərginləşdirə, yeni silahlı təxribatlara rəvac verə bilər.

Buna görə də zamanın tələbi olaraq Vətənin keşiyində hər an ayıq-sayıq dayanmış silahlı qüvvələrimizin döyüş qabiliyyəti daha da artırılmalıdır. Bu məqsədlə Azərbaycanda ordu quruculuğu sahəsində mütəmadi işlər görülür, ən müasir innovativ texnologiyaların tətbiq edilməsi ilə zəruri islahatlar, təkmilləşdirmə prosesi həyata keçirilir. Təsadüfi deyil ki, Vətən müharibəsinin başa çatmasından keçən üç ildən artıq müddətdə Silahlı Qüvvələrimizin maddi-texniki bazası daha da gücləndirilib, silah arsenalı təkmilləşdirilib, hərbi təhsil yeni mərhələyə qədəm qoyub.

Məlum olduğu kimi, Azərbaycanın bir sıra dost və müttəfiq ölkələrlə, xüsusilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan dövlətlərlə sıx əlaqələri və əməkdaşlığı mövcuddur. Müxtəlif sahələri əhatə edən bu əməkdaşlıq, təbii ki, hərbi sahədən də yan keçmir. Müxtəlif qoşun növlərinin eyni standartlara inteqrasiyası baxımından türkdilli ölkələrin silahlı qüvvələrinin birgə taktiki təlimləri mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə ordularının uyğunlaşdırılması məqsədilə hər il təxminən 20-dək birgə təlimlərin keçirildiyini nəzərə alsaq iki qardaş ölkənin bu sahədəki əməkdaşlığını TDT üzvü olan digər dövlətlərlə münasibətdə yaxşı nümunə kimi dəyərləndirmək mümkündür. Əvvəlki illərdə həmin dost və müttəfiq dövlətlərin ordularının iştirakı ilə iki və çoxtərəfli təlimlər keçirilib. Ancaq ilk dəfədir ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının silahlı qüvvələrinin birlikdə genişmiqyaslı hərbi təlimlərinə hazırlıq gedir. Bu, artıq bir ilkdir və TDT çərçivəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyması baxımından xüsusilə diqqət çəkir.

Qeyd edək ki, sözügedən 5 dövlətin müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Aktau şəhərində “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda təlimə hazırlıq və icra olunacaq tapşırıqlarla bağlı bir sıra məsələlər müzakirə olunub. Təlimlər isə cari ilin iyul ayında Qazaxıstanın “Oymaşa” təlim poliqonuda, eləcə də Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak Burnunda keçiriləcək. Təlimdə beş qardaş ölkənin hərbçiləri “Silahlı münaqişələrin yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının icrası” üzrə fəaliyyətlər yerinə yetirəcəklər.

“Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təliminin keçirilməsi ordumuzun döyüç qabiliyyətini və hərbi qüdrətini daha da artırmaqla yanaşı, həm də Ermənistana, onu silahlandırmaqla Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışan ermənipərəst Fransaya və digər anti-Azərbaycan dairələrə gözdağıdır. Bu təlimləri izləyən hər kəs bir daha anlayacaq ki, Azərbaycanın müttəfiqləri təkcə Türkiyə, Pakistan, İsrail, Gürcüstan deyil, bütün türk dövlətləridir. Eyni tarixə, soya, kökə məxsus bu böyük ailənin birlikdə hərəkət edən ordularının qarşısında isə heç bir güc dayana bilməz!

Mahir Rəsuloğlu, “İki sahil”