05 aprel 2024 00:11
348

Mənəviyyat kasadlığı

Arif Hacılı bu əzabla necə və nə qədər yaşamaq istəyir?

Bu gün ölkə ictimaiyyəti Müsavat Partiysının başqanı Arif Hacılı ən uğursuz «siyasətçi» hesab edilir. Hətta deyərdik ki, siyasət dəllalı adlandırırlar. Görüntüdə özünü «siyasətçi» kimi aparsa da daha çox avantüra ilə, populizmlə məşğuldur. Ən başlıcası isə onun uğursuz «siyasətçi»liyi rəhbərlik etdiyi partiyanın xalq arasında heç bir dəstəyə malik olmamasında, siyasi dərnək səviyyəsindən yuxarı qalxa bilməməsindədir.

Lakin o, uğursuzluqlarını ört-basdır etmək və gündəmdə qalmağın da yolunu tapıb. Belə ki, vaxtaşırı manipulyativ fikirlər ortaya atır, anti-Azərbaycan mövqeli internet tv-lərdə populist və böhtan xarakterli çıxışlar edir. Məsələn. o bir neçə gün əvvəl  «Amerikanın səsi»nə müsahibəsində bildirib ki, hakimiyyət Azərbaycanın gerçək müxalifət qüvvələrini siyasi sistemin tərkib hissəsi kimi tanımır: «Bu baxımdan hakimiyyət müxalifətin təkliflərini nəzərə almır, müxalifətlə hər hansı bir müzakirələr aparmır. Elə bir görüntü yaratmağa çalışır ki, guya Azərbaycanda ümumiyyətlə, müxalifət mövcud deyil. Əgər müxalifət mövcuddursa onda hakimiyyətin nəzarəti altında olan, parlamentdə təmsil olunan siyasi partiyalardır. Bu baxımdan ölkədə normal bir siyasi dialoq şəraiti mövcud deyil.»

Təbii ki, onun bu fikirləri birmənalı olaraq qərəzlidir. Çünki bu, həmin Arif Haçılıdır ki, digər avantürist -AXCP sədri Əli Kərimli kimi Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki Zəfərini, 2023-cü ilin 20 sentyabrda bir günlük antiterror tədbirlərindən sonra Xankəndidəki terrorçu xuntanın ləğvini, o cümlədən Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda dalğalanan üçrəngli Bayrağımızı və Xankəndidə keçirilən Qələbə paradını hələ də həzm edə bilmir.

Belə bir antimillət və antidövlət müxalifətlə hakimiyyətin əməkdaşlığı təbii ki, mümkün deyildir. Anlayırlar ki, tarixi zəfərlərimizdən sonra onların hakimiyyətə gəlmək ümidləri də heç vaxt reallaşmayacaq. Çünki  Azərbaycan xalqı onu 1993-cü ildə məğlubiyyətə və vətəndaş müharibəsinə düçar edənləri deyil, ona son  zəfər və qalibiyyət gətirən İlham Əliyev kimi siyasi lideri dəstəkləyəcək. Təbii ki, bu çarəsizlik və ümidsizlik onları daha da aqressivləşdirir. Aqressivləşdikcə də özlərini ifşa edirlər.

Arif Hacılı sözügedən müsahibədə yenə də riyakarcasına bildirir ki, guya Azərbaycanda «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunda da problemlər var: « Faktiki olaraq ölkədə sərbəst toplaşmaq azadlığı ləğv edilib. Siyasi partiyaların normal fəaliyyəti üçün şərait yaradılmır. …Yəni, hakimiyyət hər bir halda müxalifətin, o cümlədən Azərbaycanın əsas müxalifət partiyası olan Müsavat Partiyasının fəaliyyətini, resurslarını məhdudlaşdırmağa çalışır»

Diqqət edin, görün nə qədər saxta və yanlış ifadələrdir. Axı, onlar siyasi mübarizənin ən mükəmməl variantı olan seçkiləri daim boykot ediblər. Boykot isə öz güclərinə inamsızlıqdan, sosial bazalarının yoxluğundan qaynaqlanıb. Eyni zamanda, həm Müsavat Partiyasının, həm də AXCP-nin  ötən illərdə təşkil etdikləri mitinqlərə heç 200-250 nəfər adam gəlmirdi. Çünki insanlar onlara inanmırlar. Bilirlər ki, hər mitinqdə olduğu kimi yenə də liderciklərin boşboğazlığı, çıgırtı və bağırtları baş alıb gedəcək.

Hətta jurnalistin «Bəs insanlarla  necə ünsiyyət qurursunuz sualına» isə Arif Hacılı çox bərbad cavablar verib: «Bizim əsas əlaqələrimiz internet resursları vasitəsilədir. Müəyyən televiziya çıxışlarımız olur. Müəyyən internet resurslarında, Youtube kanallarında çıxış edirik. Müəyyən sosial şəbəkələrdən istifadə edirik.»

Bax, bu əsl acizlik tablosudur. Əllərindən gələn iş yalnız internet tv-lər vasitəsi ilə hap-gop etməkdir. Heç onların bu çıxışlarına da əhəmiyyət verən yoxdur. Sadəcə siyasi fəaliyyətlərinin olduğunu gözə soxmaq və xaricdəki anti-Azərbaycan qüvvələrindən qrantlar almaq üçün infomasiya vasitələrində pafoslu  müsahibələrlə diqqətdə qalmağa çalışırlar.

Bəli, Azərbaycan xalqı heç vat indiki qədər həmrəy və monolit olmayab. Bu birlik «dəmir yumruq» ətrafında  birləşərək milli gücümüzü milli məqsədlərimiz üçün səfərbər edib. Məhz qələbələrimizin və uğurlarımızın da təməl daşı elə budur. Əksinə informasiya savaşında Azərbaycana qarşı düşmən səngərini seçən arif hacılılar boşuna enerji xərcləyirlər. Çünki yazdıqları statuslarda, verdikləri avantürist müsahibələrdə əllərinin kimlərin cibində olduğu aydın şəkildə görünür.

Yalnız pafoslu çıxışları və avantüraları ilə gündəmə gəlməyi xoşlayan Arif Hacılının cəmiyyəti öz yalanları ilə aldatmağa çalışması bumeranq effekti verir. Çünki nə qədər pafosla danışsa da cəmiyyəti aldada bilmir, əksinə gülüş və nifrət hədəfinə çevrilir. Hacılı həm də o cəmiyyətə yalan sırımağa çalışır ki, həmin cəmiyyət son 4 ildə Cənubi Qafqazda ölkəmizin xeyrinə möhtəşəm reallıqlar yaratmış bir Sərkərdənin –Ali Baş Komandanımız İlham Əliyevin tarixi qələbələrinə şahidlik edib.

Arif Hacılı yatmış vicdanını oyada bilsə açıq şəkildə etiraf edər ki, onlar hakimiyyəti əldə saxlamaq üçün hər cür xəyanətə əl atıblar. Hətta bu saxta siyasətçilər hakimiyyətləri dövründə sadə idarəçiliyi, dövlət və dövlətçilik pinsiplərini qavraya bilmədilər. Elə ona görə də AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə xalq quru çörəyə möhtac qalmışdı. Çörək növbələri və hər saat bahalaşan ərzaq məhsulları ölkədə aclıq-səfalət yaratmışdı. Bu, elə bir biabırçı dövr idi ki, insanların dövlətə və hakimiyyətə güvəni qalmamışdı. Hətta ölkənin maliyyə imkanları tükənmişdi.

Arif Hacılı, əgər sizlər bugünkü qüdrətli Azərbaycanı həzm edə bilmirsinizsə, demək, siz həm də öz vicdanınızın və ruhunuzun qatilisiniz. Həmçinin həqiqətlərə əyri gözlə baxmaq mənəviyyat kasadlığının təzahürüdür.

Elçin Zaman, «İki sahil»