05 aprel 2024 02:14
491

Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır

Dövlət başçısı İlham Əliyev Konqo Prezidenti Denu Sassu-Nqesson ilə mətbuata birgə bəyanatlarında bildirdi ki, biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq

Dövlət başçısı İlham Əliyev son 20 ildən artıq dövrün reallıqlarından geniş bəhs edərkən bildirir ki, siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artdı.  Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı  mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etdi,  münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yarandı. Həmçinin  iqtisadi inkişafa, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi, siyasi cəhətdən asılı deyilik: «Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.»    Cənab İlham Əliyev çıxışlarında bu fikirləri də böyük inamla qeyd edir ki, Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə sabit, eyni zamanda, yeni əməkdaşlıq formatlarının təşəbbüsçüsü kimi tanınmasının və nüfuz qazanmasının da  təməlində düşünülmüş və məqsədyönlü siyasət dayanır.  Ölkəmizdə sabitliyin, davamı inkişafın əsas təminatçısı xalq-iqtidar birliyidir. Dövlətin həyata  keçirdiyi siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Dövlətimizin  siyasətinin  təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır.  Dövlət başçısı İlham Əliyev bildirir ki, ona görə də xalq tərəfindən  göstərilən etimad yüksək səviyyədədir və sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur. Azərbaycanın adının nümunəvi ölkələr sırasında qeyd olunması məhz bu reallığın təsdiqidir ki, daxili siyasətin uğurları beynəlxalq aləmdə reytinqin müəyyənləşdirilməsində  stimulverici amildir. Uğurlu xarici siyasət aparmaqla  özümüzü mümkün olan xarici risklərdən qoruyur və buna nail oluruq.

Bu mühüm məqamı da qeyd etməliyik ki, dövlətimizin xarici siyasəti  milli maraqlar üzərində qurulub. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə  işgüzar, bərabərhüquqlu, bir-birinin daxili  işlərinə qarışmamaq şərti ilə münasibətlər qurulur və uğurla inkişaf etdirilir. Azərbaycanın  qonşu və Avropa dövlətləri ilə əlaqələrinin bugünkü səviyyəsi göz önündədir. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsinə geniş imkanlar yaranır.

Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin bam bərpa olunması Azərbaycanın hər bir sahədə malik olduğu imkanların təqdimatı oldu. Əsas faktor dövlətimizin siyasətində ədalət və beynəlxalq hüququn öndə dayanmasıdır. 30 ilik işğal dövründə Azərbaycana nə qədər təzyiqlər göstərildi. Dünyanın ikili standartlara əsaslanan siyasətinin nəticəsi olaraq həqiqətlərimiz təhrif edildi, qərəzli kampaniyalar aparıldı. Bu gün də Ermənistan və ona havadarlıq edən dövlətlər eyni vəziyyəti davam etdirirlər. Azərbaycanın bugünkü reallıqları, dünyada cərəyan edən proseslər bütün məqamlara işıq salır. Dövlət başçısı İlham Əliyevin ötən ay Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumundakı çıxışında qeyd etdiyi kimi, dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə etdiklərimizlə bu gün müzakirə etdiklərimizi müqayisə etsək nəzərəçarpan dəyişikliklər görərik.

Dünyanın xarici siyasət gündəliyinin Azərbaycanda müzakirə olunması ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olmasının göstəricisidir. İlk olaraq Azərbaycan sabitlik diyarıdır. Ölkəmizin əməkdaşlıq məkanı, sabitlik diyarı kimi nüfuz qazanması təqdir edilən mühüm uğurlarımız sırasındadır. Cənab İlham Əliyev hazırkı dövrün reallıqlarından, ərazi bütövlüyümüzün və suverenliyimzin tam bərpa olunmasından   bəhs edərkən onu da qeyd edir ki, biz güclü siyasi iradə və eyni zamanda, potensialı nümayiş etdirdik. Çünki güclü hərbi potensial və xalqın birliyi olmasa, güclü siyasi iradə uğura aparmayacaq. Beləliklə, bütün amillərin vəhdəti,  iqtisadi inkişafımız, bizim maliyyə imkanlarımız, müdafiə potensialımız, hərbi qulluqçularımızın təlimi, Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tam dəstəklədikdə aktiv və proaktiv xarici siyasətin yürüdülməsi buna imkan verdi.

Dövlət başçısı yeni dövrün başlanğıcı kimi dəyərləndirilən 7 fevral növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində  bu mühüm məqamı  xüsusi qeyd etmişdir ki, bəzən eşidirik  hansısa ölkələr, yaxuddaki ölkələr qrupu beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək istəyir və beynəlxalq ictimaiyyət adından danışmağa çalışır. Sözü olmayanda deyir ki, beynəlxalq ictimaiyyət bu məsələni yaxşı qəbul etməz, beynəlxalq ictimaiyyət o məsələni yaxşı qəbul etməz: «Birincisi, bu, təvazökarlıqdan uzaq olan məsələdir. Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz. Beynəlxalq ictimaiyyət isə bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət bizi dəstəkləmişdir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu hesab edirəm ki, heç kimə sirr deyil.» Cənab İlham Əliyev onu da bildirmişdir ki,  ümumiyyətlə, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə  xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.

Bu gün Azərbaycanın dünya miqyasında artan  nüfuzu ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibindən də ayıdın görünür.  Bugünümüzün əsas diqqətdə saxlanılan tədbirlərindən biri  Azərbaycanın ev sahibliyi edəcəyi  COP29-dur. Prezident İlham Əliyevin   andiçmə mərasimində  qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə  fəaliyyət göstərən dövlət  deyil,  dünyanın müxtəlif bölgələrində  fəal tərəfdaşlığı təşviq edən , etibarlı tərəfdaş kimi qəbul  olunan, dünyada qlobal  problemlərin həllində  fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur.

Bu mühüm məqamı xüsusi qeyd etmək lazımdır ki, hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Yaxın gələcəkdə ölkəmiz yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və Anlaşma memorandumlarına əsasən qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Ötən  ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı oldu. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

Onu da qeyd edək ki, azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışında,  bu və ya digər ölkələrə, eyni zamanda, başqa ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri  zamanı keçirilən görüşlərində malik olduğumuz bərpaolunan enerji resurslarından, Azərbaycanın COP29-a ev sahibliyindən geniş bəhs edilir. Bu tədbir yeni əməkdaşlıq formatlarının yaradılmasına əlavə imkanlar yaradacaq. Dövlət başçısı İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasətin həyata keçirilməsinə geniş imkanlar yaratdığını bildirir. Ölkəmizin son 20 ildə qazandığı sosial-iqtisadi göstəricilərə diqqət yetirək. Bu müddətdə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Bu illər ərzində ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Belə ki, Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

İkitərəfli əlaqələrin qurulmasında və inkişaf etdirilməsində iqtisadi amil əsasdır. Dövlət başçısı İlham Əliyev öncə Azərbaycanın iqtisadi potensialından bəhs edərək əlaqələrin inkişaf etdirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırır. Aprelin 4-də ölkəmizdə rəsmi səfərdə olan Konqo Prezidenti  Denu Sassu-Nqesson ilə cənab İlham Əliyevin keçirdiyi təkbətək, həmçinin geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında  iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar xüsusi olaraq diqqətə çatdırıldı.

Səfər çərçivəsində 4 mühüm sənəd imzalandı ki, bunlardan biri prezidentlərin iştirakı ilə imzalanan «Azərbaycan Respublikası  və Konqo Respublikası arasında  əməkdaşlıq haqqında Bəyannamə»dir. Cənab İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki, bu səfər tarixi səfərdir, sadəcə, ona görə yox ki, bu, ilk səfərdir. Məzmun, mahiyyət nöqteyi-nəzərindən də bu səfəri tarixi səfər adlandırmaq olar. Ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əminəm ki, əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq: «Biz indicə əməkdaşlıq haqqında Bəyannamə imzalamışıq. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək. Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır.»

O da qeyd edildi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir. Bərpaolunan enerji, kənd təsərrüfatı, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Reallıq budur ki, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. Bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Təbii ki, hər bir sahədə inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması davamlı inkişafında əhəmiyyətli rola malikdir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz, elektrik enerjisi ixracatçısı kimi şöhrət qazanır. Son zamanlar qarşılıqlı səfərlər zamanı əsas diqqət göstərilən məsələlərdən biri məhz COP29 tədbiridir. Cənab İlham Əliyev Konqo Prezidentini tədbirdə iştiraka dəvət edərək bir daha vurğuladı ki, Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır. Burada Konqo ilə ikitərəfli  və çoxtərəfli formatda əməkdaşlıq etmək  məqsədəmüvafiq ola bilər.

Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əlaqələri yüksək səviyyədədir. BMT-də və Qoşulmama Hərəkatında əlaqələrin uğurlu inkişafı səfər çərçivəsində atılan addımlarda özünün aydın ifadəsini tapdı. Belə ki, cənab İlham Əliyev qeyd etdi ki, Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermiş və bunun nəticəsində quruma sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir. Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın quruma sədrliyi dövründə yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması təşkilatın hər bir üzvünün marağındadır: «Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Biz bu təsisatın, bu hərəkatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparmışıq. Onu da bildirməliyəm ki, Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir.»

Bütün bunlar Azərbaycanın xarici siyasət uğurlarının təqdimatıdır. Azərbaycanın çoxşaxəli xarici siyasətinin  dəyişməz prioritetləri yeni tərəfdaşlar, dostlar qazanmasında öz sözünü deyir. Ölkəmizə səfər edən bu və ya digər ölkələrin dövlət başçıları Azərbaycanın uğurlarından heyrətləndiklərini və onların əldə olunmasında cənab İlham Əliyevin liderliyini yüksək dəyərləndirirlər. Konqo Prezidenti «Biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq» söyləyərək onu da əlavə etdi ki, bu səfər ölkənin gözəlliyini, onun iqtisadi inkişafını, Bakı şəhərinin gözəlliyini görmək imkanı verdi. Konqo Respublikasının rəhbəri diqqətə çatdırıb ki,  Prezident İlham Əliyev Konqo ilə Azərbaycan arasında bütün sahələrdə bu gözəl əməkdaşlıq səhifəsini yaratmaq imkanını verdi: «Biz xüsusilə Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıq. Həmçinin biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində - iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək. Biz artıq ölkələrimiz arasında qurulmuş əlaqələri alqışlayırıq və Azərbaycanı COP29-a hazırlıq çərçivəsində də alqışlayırıq. Biz Azərbaycan rəsmilərini dəvət etdik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkəmizin yanında olsun.»  Denu Sassu- Nqesson cənab İlham Əliyev ilə keçirilən geniş tərkibdə görüşdə bildirdi ki, bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik.

Hər bir səfər, eyni zamanda, Azərbaycana beynəlxalq baxışın hansı səviyyədə olduğunu açıqlayır. Ölkəmizin uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti hər bir sahədə, xüsusilə xarici siyasətdə davamlı uğurlar qazanmasını şərtləndirir. Yerləşdiyi coğrafi məkana görə ölkələri, xalqları daim bir araya gətirən Azərbaycanın tarixi Zəfərindən sonra sözünün imzası qədər  dəyərli olması hər bir azərbaycanlını qürurlandırır. 

Yeganə Əliyeva, «İki sahil»