03 aprel 2024 23:17
397

Fransa inadla Cənubi Qafqazda regional sabitliyi pozmağa çalışır

Rəsmi Paris Azərbaycanı ittiham etməkdənsə, Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializasiya siyasətinin gətirdiyi fəlakətlərdən nəticə çıxarmalı, öz müstəqilliyinə qovuşmaq istəyən koloniyalarda fəallara qarşı təzyiq, təqib və cəzalandırma metodlarından, həmin xalqların müstəqillik uğrunda mübarizələrinə qarşı aqressiv tədbirlərdən əl çəkmək haqqında düşünməlidir

Rəsmi Paris Azərbaycanın dəfələrlə etdiyi çağırışlara məhəl qoymayaraq, Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmağa, bu ölkəyə hərbi dəstək verməyə və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləməyə çalışır. Aprelin 2-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Stefan Sejurnenin Parisdə ABŞ Dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir. Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi iddialara dair şərh edərkən deyib. “Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salan, kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən Ermənistanın Fransa tərəfindən sülhpərvər ölkə kimi təqdim edilməsi bu ölkənin həm vasitəçiliyi dövründə, həm də 44 günlük Vətən Müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta olduğunu nümayiş etdirir. Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir dönəmdə, ölkənin imicinə xələl gətirmək məqsədi güdən və sədrliyimizi hədəf alan bu kimi çağırışlardan çəkinilməsinin Fransa və dünyamız üçün daha faydalı olacağını hesab edirik. Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla, Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək”, - A.Hacızadə vurğulayıb.

Bu gün Fransa dünyada beynəlxalq hüququ tapdalayan, dövlətlərin ərazi bütövlüyünə qarşı çıxan, separatizmi dəstəkləyən ölkə kimi ad çıxarıb. Əvvəllər Fransa ilə sıx əməkdaşlıq edən ölkələr indi ona arxa çevirir. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə edərək beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Paris təkcə Cənubi Qafqazda deyil, Avropa İttifaqında da separatçı siyasət yürüdür. Onun bu siyasəti təşkilat daxilində böyük narazılıqlara gətirib çıxarır və artıq Şərqi Avropa dövlətləri haqlı olaraq bu siyasətə qarşı çıxırlar.

Bu gün Ermənistanı silahlandırmaqla regionda münaqişəni qızışdırıb sonra isə yüksək tribunalardan “humanizm” və “demokratiya”dan danışan Fransanın siyasətinin əsasında neokolonializm dayanır. Seneqalın keçmiş təhsil naziri İba Der Tiam “Anadolu” agentliyinə müsahibəsində bildirmişdi ki, müstəmləkəçilik Fransanın ənənəvi siyasətidir və XVII əsrdən başlayaraq bu günədək davam edir. Rusiya Elmlər Akademiyasının Afrika İnstitutunun hesabatında göstərilir ki, Fransa ordusu Əlcəzair, Çad, Mali, Mərakeş və Mavritaniyada 2 milyondan çox insanı qətlə yetirib və həmin dövlətləri talayıb. Ötən il bir sıra Afrika ölkələrində Fransanın səfirlikləri bağlandı və “diplomat” adı altında fəaliyyət göstərən xüsusi xidmət orqanlarının əməkdaşları oradan qovuldu. Bu səbəbdən Fransa yeni müstəmləkəçilik siyasətini Qafqazda davam etdirməyə çalışır. Bütün dünyada Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına baxmayaraq, Fransa separatçıları dəstəkləyir. Əslində isə bu yolla Ermənistanı müstəmləkəyə çevirmək Fransanın yeni dövrdə yeni siyasi xəttidir, o, bu siyasətə demokratiya və humanizm donu geyindirməyə çalışır.

Tarixə nəzər salsaq, Fransanın “demokratiya” və “humanizmə” necə “sadiq” olduğunu görərik. Bu ölkənin 1830-1962-ci illərdə Əlcəzairdə törətdiyi soyqırımı, qarətləri bu gün də yerli xalqlar tərəfindən vahimə ilə xatırlanır. Fransanın daha bir qanlı izi Ruandadadır. 1994-cü ildə fransızlar bu ölkədə “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat həyata keçiriblər. Bundan cəsarətlənən digər yerli münaqişə tərəfinin də iştirakı ilə tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. 2014-cü ildə Ruanda Prezidenti Pol Kaqamenin bu soyqırımı aktında Fransanın rolunu faktlarla sübuta yetirən bəyanatı rəsmi Parislə siyasi böhrana səbəb oldu. Ötən il Mali hökuməti Fransa Prezidenti Emmanuel Makrona rəsmi məktubla müraciət edərək müstəmləkəçilik siyasətinə son qoymağı və fransız hərbçilərin ölkədən çıxarılmasını tələb edib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, 1960-cı illərdə bu ölkəyə sərmayə yatıran Fransa bundan sui-istifadə edir və oradakı şirkətlərin dəstəyi ilə istədiyi dövlətin daxili işlərinə qarışır, istədiyi şəxsi hakimiyyətə gətirir, istəmədiyini isə hakimiyyətdən kənarlaşdırır. Bu gün Fransa Cibuti, Kot-d’İvuar, Seneqal və Qabonda böyük hərbi bazalar saxlayır, onların köməyi ilə dövlət siyasətinə təsir göstərir. Məqsəd isə Afrika qitəsinin zəngin təbii sərvətlərini mənimsəməkdir. Qafqaz regionuna nüfuz edib “əzabkeş” erməniləri müdafiə etməsi, əslində, Fransanın siyasətinin mahiyyətini göstərir və onu deməyə əsas verir ki, rəsmi Paris kolonial siyasətini bu gün də davam etdirir. Artıq dünya 1960-cı illərdəki kimi deyil. Milli dövlətlər, o cümlədən Azərbaycan müstəqil siyasət yürüdərək beynəlxalq aləmdə çox sayda tərəfdaşa malikdir. Fransanın Ermənistanı silahlandırması nəticə etibarilə yeni toqquşmalara gətirib çıxara bilər. Fransa başa düşməlidir ki, ona Cənubi Qafqazda neokolonializm siyasəti həyata keçirməsinə imkan verilməyəcək və bu siyasətin, eləcə də regionda vəziyyətin gərginləşməsinə yönəlmiş əməllərinin fəsadlarını həm özü, həm də ciddi cəhdlə müdafiə etməyə çalışdığı Ermənistan yaşamağa məcbur olacaq. Fransanın yürütdüyü aqressiv siyasət və destruktiv fəaliyyət bu ölkənin onsuz da sarsılmış imicini daha da korlayacaq və Ermənistanın çıxılmaz vəziyyətini dərinləşdirəcək.

Sevinc Azadi, “İki sahil”