04 aprel 2024 00:12
367

Tarix Əli Kərimli kimi marginalları əbədi məğlubiyyətə məhkum edib

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbəmizi, milli ruhumuzun, birlik və həmrəyliyimizin təntənəsi olan möhtəşəm Zəfərimizi həzm edə bilməyənlərin, ölkədə sabitliyi pozmağa çalışan qüvvələrin maşası rolunu oynayan antimilli ünsürlər böyük həvəslə düşmən dairələrin dəyirmanına su tökməkdə davam edirlər. 

Ağı qaradan seçməyi bacaran ictimaiyyətimiz yaxşı anlayır ki, dağıdıcılığı “siyasi mübarizə” kimi seçən, ölkəmizin nailiyyətlərini, inkişafını, tərəqqisini, dünyada söz sahibinə çevrilməsini inkar edən Əli Kərimli-Cəmil Həsənli cütlüyünün, onların marionetkası olan Gültəkin Hacıbəylinin, Qənimət Zahidin, Sevinc Osmanqızının və digərlərinin söylədikləri şər-böhtandan, əsassız iddiadan, siyasi populizmdən başqa bir şey deyil. Əli Kərimli-Cəmil Həsənli cütlüyünün, eləcə də onların rəhbərlik etdikləri AXCP və “Milli Şura”da təmsil olunanların əsas problemi isə uzunmüddətli antimilli fəaliyyət nəticəsində marginallaşaraq sosiallaşmadan mərhum olmaları və bu üzdən də Azərbaycan cəmiyyətinə adaptasiya oluna bilməmələridir. Antimilli fəaliyyəti ilə cəmiyyətdən özünü təcrid edən, erməni lobbisinin təsirində olan bəzi beynəlxalq təşkilatların sifariş və tapşırıqlarını yerinə yetirən AXCP sədri Ə.Kərimli, “Milli Şura”nın rəhbəri C.Həsənli və onların tör-töküntüləri çirkin əməlləri ilə özlərini çoxdan ifşa ediblər.

Heç kimə sirr deyil ki, öz əcnəbi ağalarının sifarişini yerinə yetirən bu marginallar bəzi xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir, ya da məlum anti-Azərbaycan fondlar vasitəsilə ayrı-ayrı dövlətlərin maraqlarını yerinə yetirirlər. Bu xəyanətkarlar və onların trol dəstəsi həmin dairələrdən aldıqları tapşırıqlar əsasında ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxır, sosial şəbəkələrdə, xüsusilə internet TV-lərdə ictimai rəyi çaşdırmaq üçün ölkəmizə durmadan şər-böhtan yağdırırlar.

Antimilli missiyalarını ləyaqətsizcəsinə davam etdirən, artıq fatihəsi verilən və siyasi meyitə çevrilən Ə.Kərimli-C.Həsənli qaragüruhu çoxdan tükənərək siyasi səhnədən siliniblər. Bu sindromun əlamətlərini hamıdan çox məhz bu qaragüruhçu dəstənin üzvləri daha yaxşı bilirlər. Bu əlamətlər isə adamın qarşısına böyük hədəflər qoyub daha sonra istədiklərini əldə edə bilməyib məyus olması, yorulduğunu və enerjisinin tükəndiyini bilməsi, eləcə də depressiv hisslər, özünü dəstəksiz hissetmə, gərginlik, əsəbilik, səbirsizlik, narahatlıq kimi mənfi hisslərin çoxalması kimi izah olunur.

Dağıdıcı müxalifət təmsilçilərinin bu antimilli cəhdlərinin heç bir faydası yoxdur. Çünki cəmiyyətimiz bu antimilli ünsürlərin məkrli niyyətini çox yaxşı bilir. Onların xaricdəki Azərbaycan əleyhdarlarının beş-üç qəpik tulapayına şirniklənərək hansı çirkin oyunlardan çıxdıqlarına da yaxşı bələdik. İnsanlar çox haqlı olaraq bildirirlər ki, radikal müxalifətin “başbiləni” olan, vaxtilə öz liderinə xəyanət edən, onun haqqında muzdlu mirzələrinə min cür hədyan və təhqir yazdıran Əli Kərimlidən və onun kimilərdən bundan artıq heç nə gözləmək olmaz. Ancaq bir şey dəqiqdir ki, bu satqınların və onların ağalarının arzuları həmişə olduğu kimi, yenə də gözlərində qalacaq. Çünki cəmiyyətimiz dövlətçiliyimizə, müstəqilliyimizə müxalifətdə olan bu marginalları əsl xəyanətkar kimi qəbul edib, tarix onları əbədi məğlubiyyətə məhkum edib.

Zahid Rza, “İki sahil”