03 aprel 2024 23:58
368

Üçü birə dəyər?..

ABŞ Dövlət katibi Antoni Blinken də telefon danışığından sonra düşünməlidir ki,  Brüssel görüşü Ermənistan üçün həlli mümkün olmayan problemlər yarada bilər

Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinkenlə aprelin 5-də Belçikanın paytaxtı Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşü rəsmi İrəvanın yeni təhlükəsizlik “çətiri” axtarışının növbəti mərhələsi kimi də dəyərləndirmək olar. Məlumdur ki, hakimiyyətə gəldiyi ilk gündən ölkədə mərhələli şəkildə anti-Rusiya mövqeyinin formalaşdırılmasına start vermiş Paşinyan Ermənistanın əzəli hamisi və müttəfəqi ilə bağlarını bir-bir qoparmaqdadır. Yeni Brüssel görüşü isə Ermənistan-Rusiya münasibətlərindəki son vaxtlar xüsusilə dərinləşməkdə olan böhranı geridönüşü olmayan prosesə çevirə bilər. Paşinyan Qərbin təhriki və şirnikləndirici vədləri sayəsində açıq-aşkar “tarana” gedir, Rusiya səbir kasasının daşdığına eyham vurur, qonşuluğunda kənar qüvvələrin mövcudluğuna dözməyəcəyini bəyan etmiş İran isə hələ də müəmmalı şəkildə susur...

Nikol Paşinyan Brüssel səfəri ərəfəsində öz komanda yoldaşlarına sözügedən görüşün “Ermənistanın və konkret hökumətin xilası üçün kosmik əhəmiyyət daşıyan müstəsna hadisə” olacağına ümid etdiyini bildirib. Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, bu səbəbdən parlamentin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri aprelin 5-ni böyük səbirsizliklə gözləyirlər. Çünki söhbət Qərbin dəstəkləyici bəyanatlardan praktiki hərəkətlərə keçməsindən, əməli addımlar ataraq Ermənistana böyük həcmdə maliyyə yardımı ayırmasından gedir. Erməni deputatlar bunun baş verəcəyi təqdirdə ölkə iqtisadiyyatının Rusiyadan asılılığına son qoyula biləcəyi qənaətindədirlər. Qəzet yazır ki, beləliklə, Ermənistan hakimiyyəti tərəddüd etmədən təhlükəsizlik vektorunun dəyişdirilməsi vəzifəsini öz üzərinə götürəcək. Ancaq bunun üçün Ermənistana bir neçə milyon yox, bir neçə milyard maliyyə vəsaiti lazımdır.

Bəs Brüssel görüşünün nəticəsi olaraq Qərb Ermənistanın yeni təhlükəsizlik vektoruna çevrilə bilərmi?

Tərəflər, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyi üçtərəfli görüşün siyasi deyil, iqtisadi məsələlərlə bağlı keçirildiyini bəyan edib.

Bu məqam ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefon zəngində də qabardılıb. Belə ki, Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb. Amma Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulasa da reallıq budur ki, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq. Erməni dövlətinin inkişafına və sabitliyinə töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi rəsmi gündəm kimi açıqlansa da əsas məqsədin Rusiyaya qarşı yeni addımların atılması olacağı sirr deyil. Ukrayna nümunəsi göstərir ki, Avropa İttifaqının (Aİ), ümumilikdə Qərbin Rusiyaya qarşı yeni cəbhə açmaq üçün iqtisadi və xüsusilə ehtiyac yaranacağı təqdirdə hərbi resursları yetərincə deyil. Üstəlik, Aİ-nin daxilində siyasi fikir ayrılıqları da mövcuddur. Bunu aprelin 3-də Vilnüsdə keçirdiyi mətbuat konfransında Aİ Şurasının Prezidenti Şarl Mişel də etiraf edib. Bildirib ki, Aİ-ni ağlasığmaz çətin dövrlər, çağırışlar gözləyir və təşkilatı gücləndirmək üçün hər şey edilməlidir. Bütün bu reallıqlar fonunda aprelin 5-də Avropanın Ermənistan dövlətinə müəyyən məbləğdə maliyyə ayıracağı da istisna edilmir. Ancaq bunun erməni baş nazirin arzuladığı məbləğdə olacağı inandırıcı deyil. Xatırladaq ki, 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gətirilərkən də Qərb Ermənistana 2.6 milyard dollar vəd etmişdi, lakin ötən 6 il ərzində cəmi 500 milyon dollar verildi. Az məbləğ isə Ermənistan iqtisadiyyatını nəinki Rusiya asılılığından xilas etməyəcək, əksinə iki ölkə arasında münasibətləri daha da gərginləşdirməklə təhlükəli nəticələrə gətirib çıxara bilər.

Ukraynanı silahla lazımi səviyyədə təmin etməkdə çətinliklərlə üzləşən Qərbin birdən-birə Ermənistana hərbi dəstək verməyə hazır olacağını gözləmək isə sadəcə, sadəlövhlükdür.

Təbii ki, Ermənistan cəmiyyətində hələ də kifayət qədər sosial dəstəyi, hakimiyyətin və ordunun müxtəlif eşalonlarında isə etibarlı dəstəyi olan Rusiya baş verənlərə sonuna qədər sakit qala bilməz. Qərbin Ermənistan üzərindən qurduğu oyunların birbaşa ona qarşı yönəldiyinin fərqində olan rəsmi Moskva bu vaxta qədər yürütdüyü “yumşaq” siyasəti kəsərli addımlarla əvəz edə bilər ki, bu da Nikol Paşinyan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir. Rusiya artıq Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “dili” ilə Ermənistanın açıq mövqe dəyişdirmək istəyi qarşısında ata biləcəyi addımların anonsunu da verib. O, aprelin 3-də keçirdiyi brifinqdə Qərb qüvvələrinin səyləri sayəsində Aİ-nin Ermənistandakı missiyasının mahiyyətcə NATO missiyasına çevrildiyini deyib: “Anti-Rusiya mövqeyində olan dövlətlər isterikanı gücləndirir, onları ölkəmizlə hərbi münaqişəyə hazırlığa çağırır, aşkar iqtisadi problemlər fonunda hərbi-sənaye kompleksinə böyük vəsait yatırırlar. Sadəcə pul qoymur, Ermənistanın hərbi sənaye kompleksinə sərmayə qoymağa çağırırlar.”

Xanım Zaxarova “Zvezda” telekanalının efirindən yavaş-yavaş eks müttəfiqə çevrilən İrəvana “ABŞ-ın bəzi müttəfiqlərinin aqibətini” də xatırladıb: “ABŞ-ın Yaxın Şərqi və ən yaxın müttəfiqi İsraili necə dəhşətli dərəcədə çıxılmaz vəziyyətə saldığını heç kim bilmir. Qoy, Ermənistan və erməni xalqı bunu bizim üçün, nəcib məqsədlər üçün deyil, özləri üçün xatırlasın və bilsin. Üçbucaqlı, dördbucaqlı və digər format və formaların uyğunlaşmalarını planlaşdırarkən bunu bilmək vacibdir. Qoy, ABŞ-ın ən yaxın müttəfiqlərini hara apardığını xatırlasınlar...”

Beləliklə, Brüssel görüşü ərəfəsində Qərb-Rusiya qarşıdurmasında alətə çevrilmiş Ermənistanın durumu getdikcə məşhur filmimizdəki qoçuların və arşınmalçının “Oxu! Oxuma!” səhnəsinə daha çox oxşamaqdadır. Final isə maraq doğurur: “Arşınmalçı”ya tuşlanmış silahın tətiyini ilk olaraq hansı “qoçu” çəkəcək?

Mahir Rəsuloğlu, “İki sahil”