04 aprel 2024 01:14
396

Bu gün güclü Türkiyə ilə qüdrətli Azərbaycan bölgənin söz sahibidirlər

Qardaş ölkə çətin zamanlarda bizim dayağımızdır

Ermənistanın ölkəmizə qarşı ideoloji və hərbi təxribatları davam edir.  Xüsusilə haylar Fransadan, Rusiyadan və Hindistandan alınan silahlara güvənərək revanşist hisslərini qabardırlar. Təbii ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusundan ölümcül zərbə alan bu işğalçı ölkə belə bir cəsarəti anti- Azərbaycan və anti-Türkiyə qüvvələrindən alır. Əslində ermənilərin ən böyük şərəfsizliyi onların başqalarının arxasında gizlənərək bizə diş qıcartmalarıdır. Ancaq onlar anlamalıdırlar ki, biz nə qədər qıcanan dişlər qırmışıq…

Bəli, bu gün də Azərbaycan dövləti dik duruşu və qətiyyəti ilə həm Ermənistana, həm də onun havadarlarına layiq olduqları yerlərini göstərir. Ona görə ki, biz həm haqlı tərəfik, həm də qardaş Türkiyə kimi müttəfiqimiz var. Bu, həmin Türkiyədir ki, hazırda iqtisadi gücünə görə dünyanın ən güclü 20 ölkələrinin sırasında qərarlaşıb. Eyni zamanda, həm Cənubi Qafqazın, həm də Yaxın Şərqin söz sahiblərindən biridir. Qardaş ölkənin müdafiə sənayesi indi bir çox böyük dövlətlərin həsəd aparacağı dərəcədə inkişaf edib. Hazırda dünya bazarında Türkiyə PUA-larının, tanklarının, təyyarələrinin alıcıları durmadan artır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da beynəlxalq aləmdə nüfuzlu və qətiyyətli lider kimi qəbul edilir. Bu gün dünyanın  qaynar nöqtələri hesab edilən Suriyada, Liviyada türk ordusu əsl peşəkarlıq nümayiş etdirərək  ölkəsinin milli mənafeyinə zidd olan qüvvələri uğurla zərərsizləşdirir. Eyni zamanda, Rusiya- Ukrayna cəbhəsində ən ziddiyyətli məsələlərin həllində (Rusiya tərəfindən taxıl ixracına qoyulan qadağanın aradan qaldırılmasında və əsirlərin dəyişdirilməsində) dünya gücləri Prezident Rəcəb Tayyib Ərdoğanın nüfuzundan  və vasitəçiliyindən yararlanıblar.      

Azərbaycanla qardaş Türkiyənin dostluğu və müttəfiqliyi hər iki dövlətin ən çətin günlərində sınaqdan üzü ağ, alnı açıq çıxıb. Biz ən dar məqamlarda bir yumruq kimi birləşərək düşmən üzərinə daha qətiyyətlə getmişik. Son illərdə isə bu birlik daha da möhkəmlənərək hər iki dövlətin gücünə güc qatmışdır. Prezident İlham Əliyev bu dostluq və qardaşlıq münasibətlərinin inkişafı barədə deyib: «Bu gün dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir».

Mötəbər beynəlxalq tədbirlərdə, dövlətlərimizlə bağlı istənilən məsələlərdə daim birlik nümayiş etdirərək bir-birinə dayaq duran iki qardaş ölkə terrorizmə, işğal siyasətinə qarşı birlikdə mübarizə aparırlar. Bütün bunlar ölkələrimiz arasındakı siyasi-diplomatik münasibətlərdən əlavə, iki qardaş xalqın mənəvi bağlılığının göstəricisidir. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Türkiyənin siyasi, mənəvi dəstəyini ən yüksək səviyyədə hiss etdi. Türkiyə müharibənin ilk anlarından etibarən Azərbaycanın yanında olduğunu nümayiş etdirdi. Nə qədər beynəlxalq təzyiqlər olsa da qardaş ölkə bu mövqeyindən bir addım belə geri çəkilmədi. Türkiyənin siyasi və mənəvi dəstəyi tarixi Qələbəmizin qazanılmasında çox böyük rol oynadı.

2021-ci ilin 15 iyunu Azərbaycan- Türkiyə əlaqələri tarixinə daha bir əlamətdar gün kimi yazıldı. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı və mədəniyyət paytaxtımız Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsi imzalandı. Azərbaycanın Milli Qurtuluş Günündə, tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Bəyannamə ilə əzəldən var olan münasibətlərimiz daha yüksək zirvəyə ucaldı. Bəyannamədə göstərilən müddəalar da onu deməyə əsas verir ki, tarix boyu olduğu kimi, bundan sonra da qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

Şuşa Bəyannaməsində diqqətçəkən müddəa Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsinə aiddir. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır. Buraya, həmçinin hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Göründüyü kimi, qardaş ölkələrimizdən birinin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul ediləcəkdir.

Beləliklə, Türkiyə-Azərbaycan müttəfiqliyi rəsmi qaydada təsbit olundu. Eyni zamanda, sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənmiş bu tarixi Bəyannamə Azərbaycan və Türkiyənin regional güc mərkəzi kimi beynəlxalq səviyyədə mövqelərinin möhkəmlənməsini də təmin edir. Xüsusilə qeyd etmək lazımdır ki, iki ölkənin qardaşlıq əlaqələrinin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri də mühüm əhəmiyyət kəsb edir. 

Prezident Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsindən sonrakı əzəmətli hərbi paradımıza qatılması, həmçinin Füzulidə və Zəngilanda  inşa edilən möhtəşəm beynəlxalq hava limanlarının açılışında iştirakı  düşmənlərimizə nümayiş etdirilən növbəti sarsılmaz birliyin təcəssümü idi. Həmçinin qardaş Türkiyənin bu gün dünyada diqqətçəkən hərbi sənayesindən də yararlanan Azərbaycan Silahlı Qüvvələri öz döyüş qabiliyyətini durmadan artırır.

Burada digər önəmli bir məsələ isə türkdilli dövlətlərin birliyinin- böyük Turanın yaradılması istiqamətində  addımların atılmasıdır. Məhz bu istiqamətdə aparılan ciddi geosiyasi fəaliyyətin öndərləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevdir. Bütün bu işlər isə ondan qaynaqlanır ki, bu gün həm qardaş Türkiyənin, həm də Azərbaycanın beynəlxalq nüfuzu yüksəkdir. Eyni zamanda, bu birliyin yaradılması nəinki bölgədə, həm də dünyada milli maraqlarımızın yüksək səviyyədə qorunmasına, düşmən qüvvələrin zərərsizləşdirilməsinə xidmət edir.  

Unutmaq olmaz ki, 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dərhal qardaş dövlətin köməyinə çatan ilk ölkə Azərbaycan oldu. Bundan başqa, Azərbaycan dövləti  zəlzələdən zərər çəkənlərə 100 milyon dollardan çox maddi yardım etdi. Bu yardımlar bu gün də davam edir.

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı da davamlı olaraq genişlənir. Son 10 ildə ölkəmiz Türkiyəyə  20 milyard dollara yaxın investisiya yatırıb. Məhz bunun sayəsində qardaş ölkədə neft emalı üzrə böyük sənaye potensialı yaradılıb. Eyni zamanda, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasında türkiyəli sərmayədarlar öndə gəlir. Ən başlıcası isə odur ki, son üç ildə hər iki ölkə arasında ticarət dövriyyəsi  daha da atraraq 5 milyard dollara çatıb.

Elçin Zaman, «İki sahil»