04 aprel 2024 02:16
478

Əhalinin çoxmilli tərkibi xalqımızın ən dəyərli sərvətidir

İslamofobiyaya, dini, irqi ayrı-seçkiliyə qarşı mübarizə metodu olan, insanlara bəşəri dəyərlər aşılayan multikulturalizmin, tolerantlığın əsas prinsipi ədalət, səmimiyyət, qarşılıqlı anlaşmadır

«Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri... ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir» söyləyən Ulu Öndər Heydər Əliyev, Azərbaycanı dünyaya müxtəlif xalqların birgə, mehriban, əmin-amanlıq şəraitində yaşayan ölkə kimi tanıtdı, multikulturalizmin siyasi modelini formalaşdırdı, təkmilləşdirdi. Ulu Öndər bu reallığı dəfələrlə vurğulayıb ki, Azərbaycan əhalisinin çoxmilli tərkibi xalqımızın ən dəyərli sərvətidir. Multikulturalizmin əsasını təşkil edən tolerantlıq, dözümlülük prinsiplərinin Konstitutsiyamızda əks olunması göstərir ki, ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edilən
 multikulturalizm Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir. Milli ideologiyanın qorunduğu respublikamızda bütün vətəndaşlar-azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır”. Bir vətəndaş kimi söz, əqidə, dini mənsubiyyət hüquqlarından eyni qaydada, sərbəst istifadə hüququna malikdir. Multikulturalizmi xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda Azərbaycanda yaşayan milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlərin yüksək dəyərləndirilməsi, 2011-ci ildən ehtibarən ənənəvi olaraq Bakıda Beynəlxalq Humanitar forumların, Dünya Dini Liderlərinin sammitlərinin keçirilməsi də alternativi olmayan, xalqların birgəyaşayını təmin edən multikulturalizm dəyərlərinə sadiqlikdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin respublikamızda «Multikulturalizm ili» elan olunması göstərir ki, Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi üçün güclü potensial mövcuddur. Azərbaycanın multikulturalizm siyasəti və bu sahədə əldə olunan nailiyyətlər bu gün də dini radikalizmi, ksenofobiyanı, terroru dəsətkləyən ölkələr üçün nümunədir. Böyük Britaniya, Fransa, Almaniya kimi Avropa ölkələrində bu gün də güclənən islamofobiya bəşəri dəyərlərə etinasızlıqdır. Bu ölkələrdə əcnəbilərə, miqrantlara qarşı ədalətsizlik milli münaqişələrin, terrorların artması ciddi narahatlıq doğurur. Multikulturalizm prinsiplərinə sadiqliyin nəticəsidir ki, ölkəmizdə dini və etnik zəmində heç bir qarşıdurma baş vermir. Çünki Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. «Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək» sözləri ilə multikulturalizmin mahiyyətini açıqlayan Prezident İlham Əliyevin vurğuladığı kimi, eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarının, dini azadlıqlarının, adət- ənənələrinin qorunması ölkənin müstəqilliyinin, inkişafının, siyasi sabitliyinin başlıca şərtidir.
Multikulturalizmi beynəlxalq platformaya çevirmək üçün təbliğat işlərini genişləndirmək naminə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında Avropa Şurasında təmsil olunan dövlətlərin eyni statusa malik nümayəndələrinin iştirakı da təsdiqləyir ki, ölkəmizdə ekstremizm və terrorçuluğa qarşı mübarizəyə xüsusi diqqət göstərilir.
 Son zamanlarda dünyada baş verən milli münaqişələr, törədilən terrorlar, irqi ayrı-seçkilik, güclənən ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində zaman-zamansivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.

Bu kimi təcrübələr göstərir ki, dini, etnik zəmində yaranan münaqişələrə, terrorlara qarşı ən sınanılmış mübarizə xalqlararası dialoqun coğrafiyasının genişləndirilməsidir. Azərbaycanda keçirilmiş I Avropa və IV İslam Həmrəyliyi Oyunları idman yarışları olsalar da, mahiyyət etibarilə siyasi məna daşıyan, xalqlararası dostluq və həmrəyliyin ifadəsi kimi yaddaşlarda iz saldı.

30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında məscidləri, dini abidələri, ziyarətgahları dağıdan monoetnik dövlət Ermənistandan fərqli olaraq Bakıda beş mindən artıq kitab fonduna malik erməni kilsəsinin bərpası, Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin, Roma Papası Fransiskin, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş məsul şəxslərin Azərbaycana səfərləri çərçivəsində respublikamızda multikulturalizmin nümunəsi olan dinlərarası dialoqun yüksək səviyyədə təşkil olunmasını etiraf etmələri, tolerantlıq, ekstremizmə, dini radikalizmə, milli münaqişələrə, terrorlara qarşı mübarizə aparan ölkəmizin multikulturalizm ənənəsinə verilən dəyərdir. Roma Papası Fransiskin Azərbaycana səfəri zamanı xalqımız haqqında söylədiyi «Səmimi qəlbdən arzu edirəm ki, Azərbaycan müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq yolunu davam etdirsin» sözlərinin davamı olan «Qoy Tanrı Azərbaycana harmoniya sülh və çiçəklənmə nazil etsin» ifadələri xalqımızın milli-mənəvi dəyərlərə bağlılığının, başqa millətlərə hörmətlə yanaşmasının etirafıdır.

Çox təəssüf ki, guya xalqların milli-mənəvi sərvətlərinin qorunması, millətlər arasında mədəni münasibətlərin möhkəmlənməsi ilə məşğul olan UNESCO dünya mədəni irsinə kifayət qədər önəmli töhfələr verən Azərbaycanın sadiq qaldığı multikultural dəyərlərdən xeyli uzaqdır. «UNESCO hər hansı ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təmizdir. İkili standartlardan, islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır» sözləri ilə bu qurumun ikili standartlar siyasətinə etirazını bildirən Prezident İlham Əliyev haqlı olaraq Avropada multikulturalzmə mənfi baxışları tənqid edir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verməsi ən düzgün seçim idi.

Ölkəmizdə bir ailənin üzvü kimi yaşayan, respublikamızın inkişafında vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirən müxtəlif xalqları milli bayramlarında təbrik edən Prezident İlham Əliyev bu ənənəni davam etdirir.

Aprelin 1-də müqəddəs Ramazan ayı münasibətilə ölkəmizdə akkreditə olunmuş müsəlman ölkələrinin səfirlərinin iştirakı ilə iftar tədbirinin təşkili, Prezident İlham Əliyevin Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul etməsi İslami həmrəyliyin güclənməsinə verilən töhfədir. Azərbaycanın abidələr şəhəri olan Şuşanın 2024-cü ildə «İslam dünyasının mədəniyyət paytaxtı» elan olunması müsəlman həmrəyliyinin, birliyinin ifadəsidir. Qonaq Prezident İlham Əliyevin bütün xalqları sülhə çağırışlarını yüksək dəyərləndirərək işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın maddi-mədəniyyət nümunələrinin, həmçinin İslam dininə aid ibadət ocaqlarının dağıdılmasını erməni vəhşiliyi, islamofobiya kimi dəyərləndirdi. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərində müsəlman ölkələrinin iştirakını yüksək qiymətləndirdi.

COP28-də iqlim naminə dini pavilyonun təşkilini və 4000-dən çox insanın bu pavilyonu ziyarət etdiyini diqqətə çatdıran qonaq qeyd etdi ki, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin birbaşa dəstəyi və onun Roma Papası ilə birgə əməkdaşlığı şəraitində COP28-də dünyanın 30-dan çox dini liderinin iştirakı ilə keçirilən tədbirdə dini liderlərin qlobal iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində «Vicdan çağırışı»” adlı bəyanatın imzalanması təqdirəlayiqdir. Bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29 çərçivəsində daha mühüm istiqamətlər üzrə əməkdaşlığın təməlinin qoyulacağına əminlik daha böyükdür.

Prezident İlham Əliyev dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın mühüm rol oynadığını vurğulayaraq, bu xüsusda Bakıda keçirilən mötəbər tədbirlərə toxundu. Dövlətimizin başçısı yaxın zamanda ICESCO, UNESCO və BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi ilə Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun yenidən keçiriləcəyini bildirdi. Dövlət başçımız COP29 çərçivəsində də Azərbaycanın dinlərarası dialoqun təşviqinə dəstək verməyə, bunun bir nümunəsi kimi dünya dini liderlərinin görüşünün keçirilməsinə və bu sahədə əməkdaşlığa hazır olduğunu vurğuladı.

Söhbət zamanı İslam dünyasında məzhəblərarası dialoqun vacibliyinə toxunuldu, bu xüsusda Azərbaycanın nümunəsi uğurlu örnək kimi məmnunluqla qeyd olundu. Müqəddəs Ramazan ayını qeyd etdiyimiz bu günlərdə İslam aləminin üzləşdiyi bir sıra çağırışlara, islamofobiya meyillərinə, müsəlmanlara qarşı ayrı-seçkilik hallarının artması kimi məsələlərə toxunuldu. Bu kimi təhdidlərin bir sıra ölkələrin milli siyasətinə çevrildiyi qeyd edildi və bundan ciddi narahatlıq ifadə olunub. Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələrin, xüsusilə İsrail-Fələstin münaqişəsinin yenidən alovlanmasının, Qəzza bölgəsindəki humanitar vəziyyətin yaratdığı narahatlıqlar diqqətə çatdırıldı. Mövcud çağırışlara qarşı birgə mübarizədə, habelə münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində, sülh yolu ilə həllinin təşviqində birlik və həmrəyliyin nümayiş olunmasının əhəmiyyəti qeyd edildi.

Xuraman İsmayılqızı, «İki sahil»