04 aprel 2024 01:57
454

Kuçi "ənik dişlərini" göstərdi...

Fars tör-töküntüsündən bundan artıq nəsə gözləmək olarmı?

Aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün  region xalqları üçün əhəmiyyətli olacağına inam gündən-günə azalır. Çünki lap əvvəldən bu tədbirlə bağlı ikili, ziddiyyətli  məlumatlar yayıldı. Əvvəlcə, müəlliflər onu “Ermənistanın təhlükəsizliyi ilə bağlı imzalanacaq hərbi pakt" kimi təqdim etdilər. Ancaq ciddi etirazlardan sonra tədbirin guya Ermənistanla iqtisadi əlaqələrin güclənməsinə həsr olunduğuna dair açıqlama verildi. Ola bilər ki, bu hoqqanın təşkilatçıları  sözügedən tədbirə cəmiyyətin reaksiyasını öyrənmək üçün ortaya müxtəlif variantlar atıblarmış. Odur ki, Qərbin Ermənistanla əlaqələri regionun gələcəyini, sabitliyini, təhlükəsizliyini təhdid baxımından da cavabını gözləyən sualların yaranmasına səbəb olur.

Sülhdən yayınan Ermənistan qonşu ölkələrə-Gürcüstana, xüsusilə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyib. Çünki ölkə konstitusiyasında, dövlət rəmzlərində bu iddialar qalır. Belə bir ölkə ilə bədxahlarımızın hərbi sahədə sıx əməkdaşlığı bizdə narahatlıq doğurmaya bilməz. Onu da deyək ki, gələcək təhlükələr təkcə Azərbaycana qarşı yönəlməyib. Bu sırada İran İslam Respublikası da var. Ancaq Brüssel görüşü barədə heç bir rəsmi mövqe bildirməyən İranın susmaqda davam etməsi müxtəlif cür yozulur. Rəsmi İrəvanın Qərblə əməkdaşlığı Tehranı niyə heç qıcıqlandırmır? Başqa vaxt molla rejimi əsəbiləşirdi ki, ABŞ-ın, İsrailin İranın yaxınlığında nə işi var? İndi isə lal olub, səsini çıxarmır.  Məsələn, ABŞ hərbçilərinin bu ölkəyə səfərinə nə rəsmi Tehran, nə də ona bağlı KİV hələ münasibət bildirməyib. Yəqin heç bildirməyəcək də. Sanki İran Ermənistanın ABŞ-la əməkdaşlığını alqışlayır və ona bu istiqamətdə dəstək belə verir. Elə Ermənistanın da İranla əməkdaşlığı, Qəzzaya, Suriyadakı Bəşər Əsəd rejiminə yardımı ABŞ tərəfdən qınanılmır. Əksinə, Tehran və Vaşinqton İrəvanla əlaqələri daha da genişləndirirlər.

Bu günlərdə İranın Suriya paytaxtı Dəməşqdəki konsulluğuna hava zərbəsi endirilib. Qəribədir ki, İslam Respublikası parlamentinin Cəlal Rəşidi Kuci adlı-soyadlı deputatı özünün “X” hesabındakı şərhində Azərbaycanı hədələyib: “Sionistlərin" (İsraili nəzərdə tutur) region ölkələrindəki diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı səfirliyinin açıq və birbaşa hədəfə alınmasını təklif edirəm”. Kuci İranın çoxsaylı nəzarət qurumlarının süzgəcindən keçəndən sonra deputat olub. O, hakimiyyətin yürütdüyü siyasi xəttin təbliğatçılarındandır. Bu baxımdan rəsmi Tehran onun pozucu fikirlərinin məsuliyyətinə şərik də sayıla bilər. Unutmuruq ki, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan bir il üç ay keçib. Hücum zamanı səfirliyin bir əməkdaşı öldürülüb, quruma ciddi ziyan vurulub. Ancaq indiyədək bu cinayətin təşkilatçıları cəzalandırılmayıblar. Bu, İran rəhbərliyinin Azərbaycana mənfi münasibətinin ən iyrənc "nümunəsidir". ABŞ başda olmaqla Qərb bloku, habelə İsraillə əməkdaşlığına görə İran hakimiyyəti Azərbaycana etiraz edir, yaxud Kuci kimi avantürist deputatlar, siyasi şərhçilər vasitəsilə anti-Azərbaycan bəyanatlar səsləndirir. Bir sözlə, Kuçi "ənik dişlərini" yalnız Azərbaycana qıcayır. Amma Ermənistana buna oxşar münasibət göstərilmir. Odur ki, İran və ABŞ arasında gizli, yaxud aşkar əməkdaşlıq olduğuna ciddi şübhə yaranır. Çox keçməz ki, bu müəmma da çözülər, az qara ilə zil qaranın kimlər olduğu görünər. Ona görə "qara" deyirik ki, bu işlər ağ rənglə deyil, yalnız qara rənglə boyanıb.

Vəli İlyasov, "İki sahil"