04 aprel 2024 02:58
520

Qərb-Ermənistan müştərək konfransı: Haylar bu görüşdən nə gözləyirlər?..

Aprelin 5-də Brüsseldə Avropa İttifaqı (Aİ)-Ermənistan-ABŞ müştərək konfransı keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyanın, ABŞ Dövlət katibi Entoni Blinkenin, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin də iştirak edəcəkləri  müştərək konfransda “Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yolları” müzakirə ediləcək. Tədbirin yekununda isə Hayastanın  müdafiəsi məqsədi daşıyan müqavilələrə imza atılacağı bildirilir. Bəli, Cənubi Qafqazda möhkəmlənmək istəyən Qərb Rusiyaya qarşı geosiyasi mübarizəsində Ermənistandan istifadə etməkdə israrlı görünür. Ermənistan isə xarici güclərin aləti rolunda çıxış etməyinin müqabilində ölkəsində mülki missiyanı yerləşdirən, onu silahlandıran, müharibəyə sürükləyən Qərbdən Azərbaycana qarşı yenə dəstək istəyir. Bəs Ermənistan siyasətçiləri bu müştərək konfransdan nə gözləyirlər?

İşğalçı ölkənin keçmiş baş naziri Qrant Baqratyan aprelin 5-də Brüsseldə keçiriləcək Avropa İttifaqı-Ermənistan-ABŞ görüşündən heç nə gözləmədiyini bildirib: “Bu görüş heç nə verməyəcək, bəlkə də 100 milyon dollar pul verəcəklər. Hər il Rusiyadan bizə 10 milyard dollar göndərilir, bunun qarşısında həmin rəqəm heç nədir. Qərbin büdcəsi kasıblaşıb, kəsirləri var, silah-sursatı yoxdur. Qərb bu vəziyyətdədir”.

Həqiqətən də bu gün  Ermənistan Rusiyanın sayəsində ayaq üstədir. Qeyd edək ki, son bir neçə ildə Ermənistanın Rusiya ilə siyasi əlaqələri “pisləşsə” də, ikitərəfli ticarət sürətlə inkişaf edir. Hətta Moskvaya qarşı sanksiyalardan sonra Ermənistanın Rusiyaya ixracı 2022-ci ildə üç dəfə, 2023-cü ilin yanvar-avqust ayları arasında isə iki dəfə artıb. 2023-cü ildə Rusiya ilə ticarət ölkənin xarici ticarətinin 35 faizdən çoxunu təşkil edib, Aİ-nin ümumi ticarətdəki payı isə cəmi 13 faizdir. Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə bu ölkə ilə Rusiya arasında ticarət dövriyyəsi təxminən iki dəfə artaraq 5,3 milyard dollara çatıb. Bu tendensiya 2023-cü ildə və 2024-cü ilin ilk aylarında da yüksək templə davam edib.

Erməni politoloq Aqvan Poqosyan deyib ki, hakimiyyətin qərbyönlü təbliğatçıları elə bir fon yaradıblar ki, guya Brüssel Ermənistanın “xilas”ına çalışır. Halbuki, Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında Brüsseldə keçiriləcək görüş ilk növbədə Rusiyanı Cənubi Qafqaz regionundan çıxartmaq məqsədi daşıyır.  Onun fikrincə, əvvəllər də belə görüşlər təşkil olunub, amma heç bir nəticə əldə edilməyib. Bu görüş də sıradan biri olacaq: “Qərb dövlətlərinin əsas məqsədi Ermənistanın maraqları deyil, Rusiyaya qarşı yönəlib”. Elə politoloq Qagik Arutyunyan da bu fikirdədir. O bildirib ki, həmin müştərək konfransdan Ermənistan üçün müsbət nəticə gözləmək sadəlövhlükdür. Onun fikrincə,  Azərbaycanla münasibətlərdə, o cümlədən ərazi məsələsində yeni güzəştlər müqabilində İrəvana yeni maliyyə yardımı paketi təklif olunacaq: “Bu, Ermənistan hakimiyyətinin niyyətidir və bu halda yeni heç nə baş verməyəcək, ölkə qazandığından daha çox itirməkdə davam edəcək”. Yeri gəlmişkən,  bır sıra Qərb dövlətləri Ukrayna ilə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıblar. Ancaq bu sazişlər deklorativ xarakter daşıyır. Erməni politoloq Sergey Melkonyanın sözləri ilə desək, bütün bu addımlar əməli işlərə yox, yalnız vədlərə xidmət edir.

Politoloq Beniamin Matevosyanın fikrincə, Qərb hərbi logistika baxımından Ermənistanın təhlükəsizliyini təmin edə bilməyəcək. Çünki  nə Aİ-nin, nə də NATO-nun Ermənistanın suverenliyini təmin edəcək alətləri yoxdur: “Vəziyyəti Ukraynada baş verənlərlə müqayisə etsək, onlar  Ermənistana bəzi boş kağız parçaları təklif edə bilərlər”. O, həmçinin bildirib: “Ukraynada baş verənləri görürük.  NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verə bilirmi? Heç bir zəmanət yoxdur. Ermənistanın Ukraynadan daha sərfəli təhlükəsizlik  təminatı ala biləcəyinə inanmaq, yumşaq desək, aldanmaqdır”. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da bu qənaətdədir: “Qərb Ermənistan üçün Rusiyanı əvəzləyə bilməz. Bu, xüsusilə Ermənistanın coğrafi mövqeyi ilə bağlı­dır...” Politoloq Suren Zolyan deyib ki, bu addım aranı qarışdırmaqdan başqa bir şey deyil. Həqiqətən də sülh istiqamətində müəyyən addımların atıldığı bir məqamda belə davranışlar sülh danışıqlarını sıradan çıxarmağa hesablanıb. Qərb tərəfindən təşkil edilən belə konfranslar regionda sülhə ciddi təhdid törədir və Ermənistanı yeni silahlı qarşıdurmalara təşviq edir. Bir də görünən budur ki, sülh danışıqlarında üçüncü tərəfin iştirakından hələ əlini üzməyən Ermənistanın hədəfi həm də bu prosesdə rəsmi Bakının qarşısına  arxalı tərəf kimi çıxmaqdır. Azərbaycan dəfələrlə bəyan edib ki, bütün  problemlər iki ölkənin birgə müzakirələri ilə həll olunmalıdır. Üçüncü dövlətlərin və ya təşkilatların qərəzli vasitəçi qismində müdaxiləsi yolverilməzdir. Şübhəsiz, Hayastan və  onun Fransa kimi havadarları  belə addımlarla Azərbaycanı, onun liderini öz mövqeyindən döndərə bilməyəcəklər. Bu mənada demək olar ki, indiki durumda Hayastanın özünün yüksək inkişaf dövrünü yaşayan Azərbaycanla ortaq məxrəcə gəlməkdən, daha doğrusu, vəziyyəti normallaşdırmaqdan başqa yolu yoxdur.

Qvami Məhəbbətoğlu, “İki sahil”