18 mart 2024 15:24
378

Azərbaycan-Gürcüstan münasibətləri qədim tarixi köklərə malikdir

Azərbaycan taixən mehriban qonşuluq prinsipinə sadiq qalan və qonşu ölkələrin inkişafına mühüm töhfələr verən çox nadir ölkələrdən biridir. Azərbaycan heç vaxt heç bir ölkəyə qarşı qeyri-humanist münasibət və mövqe sərgiləməyib. Azərbaycan bütün zamanlarda insanlığa, bəşəriyyətin hərtərəfli inkişafına mühüm töhfələr verən unikal bir ölkədir. Azərbaycanın xarici siyasətində haqq-ədalət, qarşılıqlı əməkdaşlıq, dostluq və qardaşlıq duyğuları həmişə ön planda olub. Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətləri xüsusi əhəmiyyət kəsb edir. Bu münasibətlərin tarixi kifayət qədər qədim dövrlərə söykənir.

Tarixən Azərbaycan ərazisində gürcülər, Gürcüstan ərazisində isə azərbaycanlılar yaşamışlar. Gürcüstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. 1992-ci il noyabrın 18-də Azərbaycan Respublikası ilə Gürcüstan arasında diplomatik əlaqələr qurulmuş, 1995-ci ildə Bakıda Gürcüstanın, 1996-cı ildə isə Tbilisidə Azərbaycan səfirliyi açılmışdır. Bundan başqa, 2010-cu ildən Batumi şəhərində Azərbaycanın, 2013-cü ildən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluqları fəaliyyət göstərir. Azərbaycan-Gürcüstan münasibətləri Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə yeni müstəvidə inkişaf etməyə başladı. Ölkə başçılarının qarşılıqlı səfərləri, imzalan müvafiq sənədlər, icra olunan birgə layihələr və digər mühüm tədbirlər Azərbaycan-Gürcüstan münasibətlərinin çoxşahəli inkişafına istiqamətlənmişdir. Bu istiqamət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin 2024-cü ilin mart ayında Azərbaycana rəsmi səfəri buna bariz sübutdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda ölkələrimiz arasında indiyədək görülmüş və bundan sonra görüləcək işlərin mahiyyət və məzmununu, keyfiyyət və kəmiyyətini ətraflı şəkildə izah etdi. Cənab Prezident Azərbaycan-Gürcüstan əlaqələrinin, dostuq və qonşuluq münasibətlərimizin önəmini vurğulayaraq, qeyd etdi ki, Azərbaycan hər zaman bölgədə sülh və sabitlik tərəfdarı olmuş, inkişaf və tərəqqi naminə əlindən gələni əsirgəməmişdir. Azərbaycanın düşünülmüş xarici siyasətində Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Təbii ki, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və digər sahələrdəki qarşılıqlı əməkdaşlıq ümumi münasibətlərin əsasını təşkil edir. Bu cəhətdən Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı istiqamətində yeni və ciddi addımlar atılmalıdır. Dövlət başçısının mətbuata verdiyi bəyanat Azərbaycan-Gürcüstan münasibətlərinin gələcəyi barədə yüksək fikirlər yaradır, inam və ümid hissləri oyadır. Etiraf etmək lazımdır ki, dünya əvvəlki dünya deyil. Dünya qlobal, mürəkkəb, ziddiyyətli dünyadır. Və bu dünyanın azad və gözəl bir dünya olması üçün bütün ölkələrin həmrəylik və birliyinə böyük ehtiyac var. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanat ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılandı.

Şükran Mustafayev,
Bakı şəhəri, 254 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü