18 mart 2024 11:44
296

Bakı Qlobal Forumu aparıcı beynəlxalq forumlarla bir cərgədədir

2024-cü il martın 14-16-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu baş tutdu. Dünyada qeyri-sabitlik və qarşıdurma ocaqlarının artdığı və Avrasiya miqyaslı geosiyasi dəyişikliklərin baş verdiyi bir zamanda bu Forumun əhəmiyyəti olduqca böyükdür. Qlobal əhəmiyyət kəsb edən beynəlxalq məsələlərin həlli üçün bu gün dünyanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və uzun illər dövlət və hökumət başçıları, xarici işlər nazirləri kimi yüksək vəzifələrdə çalışmış iştirakçılarının təcrübəsinə və biliyinə ehtiyacı var. Sözsüz bu Forum qloballaşan dünyamızda və həm də Cənubi Qafqazda baş verən hadisələrə yeni bir baxış bucağı idi.

Azərbaycan Prezidenti tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, biz beynəlxalq hüququ özümüz bərpa etdik və göstərdik ki, güclü siyasi iradəmiz, potensialımız var: “… güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik", - deyən Prezident İlham Əliyev bu gün də Azərbaycanın sülh prosesinə sadiqliyini diqqətə çatdırıb və Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etdiyini xatırladıb.
"İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq", – deyən Azərbaycan Prezidenti qeyd edib ki, Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmayıb. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.

XI Bakı Qlobal Forumu artıq uzun müddətdir ki, dünyada gedən geopolitik proseslərin müzakirə olunduğu ciddi bir beynəlxalq platformaya çevrilib. Budəfəki Forumda 70-ə yaxın ölkədən 350-dən çox qonağın iştirak etməsini də dünyada bu Foruma və Bakıya artan marağın göstəricisi hesab etmək olar. Təhlilçilər də öz çıxışlarında Bakı Forumunu qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün uğurlu siyasi platforma hesab edirlər.
Bu Forum Azərbaycan üçün daha böyük əhəmiyyət kəsb edir. Belə ki, sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən  Azərbaycan bu Forum vasitəsilə müasir dünyanın çağırışları qarşısında öz prinsipial mövqeyini beynəlxalq birlik qarşısında sərgiləmək üçün daha bir imkan əldə edir

Aytəkin Qasımova,
Xətai rayonu, 64 nömrəli məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü