18 mart 2024 11:09
401

Azərbaycan hər zaman qlobal layihələrin təşəbbüskarı, təşkilatçısı kimi çıxış edib

Azərbaycan xarici siyasətdə tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə geniş bir coğrafiyada təhlükəsizlik və sabitliyə nail olmaq üçün ölkələrlə yaxın əlaqələr qurur. Yalnız bu əsasda müxtəlif sivilizasiyalar, dinlər, mədəniyyətlər arasında dialoq yaratmaq və bütövlükdə təhlükəsizliyi təmin etmək mümkündür. Belə müzakirələrin geniş şəkildə aparıldığı Qlobal Bakı Forumu çox unikal və dəyərli bir platforma kimi uğur qazanmışdır. Paytaxt Bakı çəkisinə və nüfuzuna görə qlobal əhəmiyyət kəsb edən bir çox forumların, toplantıların ünvanına çevrilib ki, bu da respublikamızın beynəlxalq nüfuzunun yüksəlişinin göstəricisidir. Artıq beynəlxalq əhəmiyyətli tədbirlərin Azərbaycanda baş tutması adi hal alıb ki, bu da dövlətimizə olan inam və etibarı əks etdirir Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. Qlobal Forumun təşəbüsçüsü Azərbaycandır. Ölkəmiz bu forumları keçirməklə dünya ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir və dünya birliyinin ləyaqətli üzvü olduğumuzu nümayiş etdiririk.

Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edərək bildirmişdir ki. “XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Beləliklə, biz coğrafiyanı da genişləndirmişik və qonaqlarımız arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.” Forumun mövzusu Parçalanmış dünyanın bərpasıdır. Bəli, bu gün dünya nizamında tarixdə heç vaxt olmadığı kimi parçalanmalar baş vermişdir. Təəssüf ki, son illər dünya gücləri münaqişələri diplomatik yollarla həll etməkdən daha çox silahların işlədilməsinə yönəldiltmişdir. Rusiya Ukrayna və İsrail Fələstin müharibələri dünyanı Üçüncü Dünya Müharibəsinin başlanılması səviyyəsinə gətirib çıxartmışdır. Bu baxımdan parçalanmış dünyanın bərpası məsələsi bu gün heç vaxt olmadığı qədər vacibdir. Azərbaycan öz ərazilərində suverənliyini bərpa etməklə pozulmuş beynəlxalq hüququn bərpası məsləsinə töhfə vermiş, dünyada baş verən münaqişələrin dayandırılmasının nümunəsini təqdim etmişdir. Bu gün işğaldan azad olunmuş ərazilərin sürətlə yenidən qurulub bərpasının həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin öz ata yurdlarına qayıtması dünya üçün etalondur. Müzakirələrdə forum iştirakçıları dünyanı təhdid edən təhlükələrin azaldılmasına və vədlərin yerinə yetirilməsinə yönəlmiş bütün məsələlərlə bağlı fikirləri humanizm dəyərlərinin qorunmasına xidmət edirdi. COVİD -19 -un dünya üçün yaratdığı problemlərin yenidən təkrarlanmaması üçün vaxtında qabaqlayıcı tədbirlərin görülməsi vacibliyi qeyd olunub. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini birləşdirən inklüziv və yaxşı platformadır. Forumda müzakirə olunan məsələlər tövsiyələrə çevrilir və beynəlxalq ictimaiyyətə təqdim olunur.  Bundan başqa, Bakıda keçirilən qlobal forum özünü yeni yanaşmaların işlənib hazırlanması və səmərəli müzakirələr üçün son dərəcə əlverişli və mötəbər platforma kimi təsdiqləyib. Bunu isə şübhəsiz Prezident İlham Əliyevin xarici siyasət strategiyasının təcəssümü adlandırmaq olar, çünki Azərbaycan lideri ilk növbədə milli maraqlara söykənərək, hər zaman ortaq nöqtələrin, ümumi baxışların və yaxınlaşma yollarının tapılması istiqamətində mühüm səylər göstərir. Müharibələr və böhranlarla parçalanmış bugünkü dünya baxış və mövqe fərqlərinə baxmayaraq, hər zamankından daha çox fəaliyyət birliyinə ehtiyac duyur.

XI Qlobal Bakı Forumunda həm də iqlim dəyişiklikləri, sağlamlıq, pandemiya, yeni texnologiyalar məsələləri də müzakirə ediləcəkdir. Bu gün iqlim dəyişikliklərə qarşı mübarizədə dünyada həmrəyliyin yaradılması heç vaxt olmadığı qədər vacibdir. Baş verən iqlim dəyişiklikləri planetimizin istiləşməsinə yol açır. Ölkəmizin başçısı COP29-un Azərbaycanda keçirilməsinin Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsi kimi qiymətləndirərək neft və qaz sərvətlərinə sahib olmağımızın bizim günahımız olmadığını qeyd edərək bildirib ki, buna görə tənqid edilməli deyil, yaşıl enerjiyə keçid sahəsində həyata keçirdiyimiz layihələr dəstəklənməlidir. COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər. Bu, həm də Azərbaycanın son 30 ildə apardığı düzgün siyasəti nümayiş etdirir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Davos Dünya İqtisadi Forumu, eləcə də Münxen Təhlükəsizlik Konfransı qədər vacib olan Qlobal Bakı Forumu dünya üçün səmərəli, aktual mövzuların çözülməsi, dialoqun qurulması istiqamətində aparılan müzakirələr bəşərin qurtuluşuna xidmət edir. Uzun illər işğaldan və müharibədən əziyyət çəkən Azərbaycanın bu gün beynəlxalq arenanın mühum oyunçusu kimi dünyaya sülh çarçısı olaraq təqdimatı birmənalı şəkildə Prezident İlham Əliyevin mükəmməl xarici siyasətinin nəticəsidir. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri