18 mart 2024 10:45
608

Parçalanmış dünyanın bərpasına verilən töhfə

Müasir dünyada özünə layiqli yer tutmuş Azərbaycan Respublikası sülh, təhlükəsizlik, iqtisadi əməkdaşlıq, ekologiyanın qorunması və s. sahələrdə də fəal təşəbbüslərlə çıxış etməkdədir. Ölkəmiz eyni zamanda böyük beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Artıq biz bu sahədə kifayət qədər təcrübə də toplamışıq. Bakının təşkil etdiyi tədbirlərdə toplanılan təcrübə digər ölkələr üçün də yaxşı bir nümunədir. Ölkəmizin öz imkanlarından istifadə edərək beynəlxalq miqyasda təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, ikili standartlara qarşı mübarizəyə, ölkələr, xalqlar və millətlər arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə ardıcıl töhfələr verməsi dünya dövlətləri tərəfindən çox yüksək qiymətləndirilir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 14 mart 2024-cü il tarixində təşkil olumuş “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda etdiyi çıxışında bir çox aktual məsələlərə ətraflı münasibət bildirdi. Dövlət başçımız həmçinin ölkəmizin aktual problemlərin həlli ilə bağlı göstərdiyi təşəbbüslərin vacib məqamlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Cənab İlham Əliyev bildirdi ki, bu gün Azərbaycan inteqrativ təşəbbüslərlə çıxış edir. COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir. Ölkə başçımız əlavə etdi ki, ötən ilin oktyabrında biz Qafqazın və Mərkəzi Asiya regionunun 230 meqavat gücündə ən böyük günəş elektrik stansiyasının açılışını etdik. Azərbaycan digər perspektivli layihər üzərində də işləyir. COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər.

Bir məsələni də vurğulamaq yerinə düşər ki, Azərbaycan ərazi və əhali baxımından böyük olmasa da, artıq dünya geosiyasi məkanında "ağır çəkililər"in qısqanclıqla davrandıqları "orta güc" liqasına yüksəlib. Ölkəmiz qlobal problemlərin həlli prosesində fəal iştirak etməklə yanaşı, bir çox vacib məsələlərin müzakirəsini də təşkil edir. XI Qlobal Bakı Forumunda təkcə müharibə və sülh mövzuları yox, eyni zamanda iqlim dəyişiklikləri, sağlamlıq, pandemiya, yeni texnologiyalar və s. məsələlər də müzakirə olunur. "Parçalanmış Dünyanın Bərpası" şüarlı forum əslində inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan ölkələr arasındakı münasibətlərdəki ikili standartlara, saxtakarlığa, yalanlara, güclülərin güc hesabına zəifləri qarət və istismar etməsinə qarşı yönəlmiş müqavimətin praktiki formata çevrilməsi istiqamətində əhəmiyyətli addımdır.

Qlobal problemlərin uğurlu həlli isə şübhəsiz ki, böyük ölçüdə dünya ölkələri arasında səmimi və səmərəli əməkdaşlığın, birgə qarşılıqlı fəaliyyətin təşkilindən asılıdır. Azərbaycan Respublikası da ardıcıl sülh təkliflərini daim dəstəkləyir və bu prosesə öz töhfəsini vermək üçün məqsədyönlü fəaliyyət göstərir. 70-dən çox ölkədən 350-dən artıq qonağın, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı XI Qlobal Bakı Forumuna məhz ölkəmizin ev sahibliyi etməsi Azərbaycan Respublikasının xoş məramının və qlobal problemlərin həlli istiqamətindəki fəallığının bariz göstəricisidir. Dövlətimizin və xalqımızın istəyi sadə və səmimidir: dünyada sülh və əmin-amanlıq olsun, bütün səylər qlobal problemlərin həllinə yönəldilsin.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi