17 mart 2024 11:27
454

Azərbaycan Qazaxıstanın Qafqazdakı əsas iqtisadi tərəfdaşıdır

Tokayevin ölkəmizə rəsmi səfəri qarşılıqlı fəaliyyət və əməkdaşlıq tarixinə qızıl hərflərlə yazılacaq

Martın 11-də Azərbaycana dövlət səfərinə gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub. Səfər çərçivəsində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şuranın birinci iclası başa çatdıqdan sonra iki ölkə prezidentlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb.

Azərbaycan Qazaxıstanın Qafqazdakı əsas iqtisadi tərəfdaşıdır. Hər iki dövlətin inkişaf edən iqtisadiyyatı qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli şərait yaradır. Ötən il iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 2022-ci il ilə müqayisədə 14,3 faiz artaraq 529,4 milyon dollara çatıb. Hər iki dövlətin iqtisadi potensialı idxal-ixrac əməliyyatlarının həcminin daha da artmasına imkan verir.

Qeyd olunan dövrdə Qazaxıstandan Azərbaycana edilən ixracın həcmi 21,7 faiz artaraq 456,3 milyon dollar təşkil edib. Azərbaycandan Qazaxıstana edilən ixrac isə 73,1 milyon dollar dəyərində olub. 2005-2023-cü illər ərzində qarşılıqlı investisiya qoyuluşunda da artım müşahidə edilib. Qazaxıstanda 1065 Azərbaycan şirkəti qeydə alınıb və onların yatırdıqların sərmayənin həcmi 380,8 milyon dollar həcmindədir. Azərbaycanda isə 150 Qazaxıstan şirkəti qeydə alınıb ki, onların da qoyduğu investisiyanın həcmi 116,6 milyon dollar həcmində olub.

Qazaxıstan ildə 300 milyon dollar dəyərində 100 adda məhsulu Azərbaycana ixrac etmək potensialına malikdir. Ötən ilin aprel ayında Bakıda iki ölkənin rəsmi şəxsləri tərəfindən idxal-ixrac əməliyyatlarının artırılması haqqında dəyəri 55 milyon dollar olan 8 saziş imzalanıb. Həmin sazişə əsasən ticarət dövriyyəsinin daha da artacağı gözlənilir. Qazaxıstan yaşıl enerji istehsalı, ixracı və nəqli, tranzit və nəqliyyat sahələrində də Azərbaycanla yaxın əməkdaşlıq edir. Hər iki dövlət beynəlxalq əhəmiyyət daşıyan iqtisadi layihələr üzərində çalışırlar.

Hazırda Azərbaycan və Qazaxıstan böyük regional layihələr həyata keçirir. Buraya Orta Dəhlizin inkişafı, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi və s. layihələr daxildir. Orta Dəhliz kimi də adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun transkontinental ticarətin təşviqində və inkişafında rolu bu gün sürətlə artıb. Yeni geosiyasi reallıqlar kontekstində transkontinental ticarətin təşviqində və inkişafında ölkələrimizin rolu sürətlə artır. Hətta xəritəyə ötəri nəzər salmaq belə Mərkəzi Asiya və Cənubi Qafqazın unikal coğrafi mövqeyindən xəbər verir. Bu səbəbdən Qazaxıstan da Azərbaycan kimi ölkənin logistika və nəqliyyat potensialının gücləndirilməsi istiqamətində aktiv siyasət yürüdür.

Bunu həmin marşrut üzrə yükdaşımaların həcminin 2022-ci ildə iki dəfə artaraq 1,7 milyon ton, 2023-cü ildə isə əlavə 65 faiz artaraq 2,7 milyon tona çatması sübuta yetirir. Gələcəkdə bu həcmin ildə 10 milyon tona çatacağını gözlənilir. Bunun üçün həm tələbat, həm də texnoloji imkanlar mövcuddur. Bu səbəbdən Astana ilə Bakı bu sahədə kompleks addımlar atır. Bunun bariz nümunəsi 2022-ci ilin sonlarında Aktauda imzalanan Azərbaycan, Qazaxıstan, Türkiyə ərazilərində “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illəri əhatə edən Yol Xəritəsidir. Xəzər sahillərindəki dəniz limanlarının genişmiqyaslı müasirləşdirilməsinə xüsusi diqqət yetiriləcək. Bundan əlavə, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmiryolçuları tərəfindən yükdaşımaların həcmini artırmaq üçün “bir pəncərə” formatında xidmət göstərəcək “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsi yaradılıb. Marşrut boyunca ən son rəqəmsal texnologiyalardan istifadə olunacaq.

Tokayev səfəri zamanı bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tarixi qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib. COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi amili olduğunu vurğulayan Qazaxıstan Prezidenti deyib ki, ölkəsi COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir.

Beləliklə, bütün bu məqamlar sübut edir ki, iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir, güclənir və yeni sahələrdə əməkdaşlığın yaranmasına rəvac verir. Qazax və Azərbaycan xalqları tarixən dostluq əlaqələrinə malik olub, dövlətlərimiz isə əməkdaşlığın bütün sahələrində tərəfdaşdırlar.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri