18 mart 2024 03:15
348

Qlobal Bakı Forumu beynəlxalq əhəmiyyət kəsb edən bir platformadır

Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. XI Qlobal Bakı Forumunda müzakirə olunan məsələlər aktuallığı və son dərəcə vacibliyi ilə diqqəti cəlb edir.

Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyevin dediyi kimi, qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.

Cənab Prezident İlham Əliyev bir çox digər məsələlərlə yanaşı son bir ildə regionumuzda baş vermiş qlobal əhəmiyyətli hadisələrin də detallı təhlilini təqdim etdi. Ölkəmizin başçısı bildirdi ki, bəzi dəyişikliklər lokal xarakterli kimi görünsələr də, əslində daha geniş təsir dairəsinə malikdirlər. Əlbəttə ki, qeyd olunan dövr ərzində baş verən ən önəmli geosiyasi dəyişiklik Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsidir. Bu, həqiqətən də həll olunmayan kimi görünən bir çox münaqişələrin həllinə çox müsbət təsir göstərə biləcək bir nümunədir. Cənab Prezidentin dediyi kimi, Azərbaycan uzun illər ərzində bu münaqişənin sülh yolu ilə həllini tapmaq üçün ciddi səylər göstərdi. Azərbaycan bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalması üçün demək olar ki, 30 il ərzində hər zaman ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışırdı. Keçmiş Minsk qrupunun timsalında bəzi beynəlxalq təşkilatlar yalnız münaqişənin dondurulmasına və Azərbaycan torpaqlarının əbədi olaraq işğalda qalmasına çalışırdılar. Ölkəmizin münaqişənin sülh yolu ilə həllini tapmaq istiqamətində bütün cəhdləri uğursuzluqla qarşılandı. Yalnız bundan sonra Azərbaycan öz legitim hüquqlarından istifadə edərək hərbi yolla işğala son qoydu.

Azərbaycan-Ermənistan münaqişəsinin həllindən sonra Fransanın sərgilədiyi mövqenin yolverilməz olduğunu bildirən cənab Prezident İlham Əliyev deyib: “Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır.” Cənab İlham Əliyev bu cür avantüraların bizi yolumuzdan döndərə bilməyəcəyini qətiyyətlə vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan hazırkı vaxtda dünyada gedən iqlim dəyişikliklərinə ciddi reaksiya verən ölkələrdən biridir. Bakıda keçirilməsi nəzərdə tutulan COP29 konfransına hazırlıq prosesi davam edir. Cənab Prezident İlham Əliyevin bu qlobal əhəmiyyət kəsb edən tədbirin keçirilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Azərbaycanın fəal tərəfdaşı olacağına dair səsləndirdiyi fikirlər də rəğbətlə qarşılandı. Qeyd olundu ki, COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsidir.

Bu konfransa ev sahibliyi edəcək Azərbaycanın əsas məqsədi iqlim dəyişikliklərinə töhfə verməkdir. XI Qlobal Bakı Forumunda bir daha bu məsələyə diqqət çəkən Azərbaycan Prezidenti ölkəmizin yaşıl enerji, yaşıl iqtisadiyyat kimi mühüm mövzularla bağlı qarşıda dayanan vəzifələrdən, həyata keçirilən və nəzərdə tutulan layihələrdən ətraflı bəhs etdi. Cənubi Qafqazda münaqişəyə son qoyan Prezident İlham Əliyev bu gün ikili dünyaya ədalət örnəyi göstərir. Qlobal Bakı Forumlarının keçirilməsi ilə Azərbaycan daha yaxşı, ədalətli, təhlükəsiz dünya üçün töhfələr verməyə hazır olduğunu bir daha açıq şəkildə nümayiş etdirir.

Cavid Mehdizadə
YAP Xətai rayon təşkilatının fəalı